Polis traktor sürücüsünə, o da polisə təpik atdı - İkisini də cəza gözləyir - REAL VİDEO



Səlahiyyətlərini aşan polis əməkdaşları barədə də araşdırma aparılır


Sürücü idarə etdiyi traktorla təhlükəli hərəkətlər edərək polisə müqavimət göstərdiyi üçün cəzalandırılıb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 19-da Masallı şəhəri ərazisində baş verib. Günün qaranlıq saatlarında otbiçən traktorla arxa qabarit işıqları əvəzinə biçin üçün güclü işıqdan istifadə etməklə digər sürücülərə təhlükəli vəziyyət yaratdığına görə yol polisləri tərəfindən sürücüyə saxlama işarəsi verilib. Lakin sürücü tabesizlik göstərək qaçmağa cəhd edib.
Daha sonra yol polisləri sürücünü dayandıraraq sənədləri tələb etsələr də, sürücü sənədləri verməkdən imtina edərək polislərə müqavimət göstərməyə başlayıb.


Həmin vaxt polis əməkdaşları da fiziki qüvvə tətbiq edərkən sürücünü təpiklə vurublar. Sürücü Abdullayev Sədahin Əlihüseyn oğlunun sürücülük hüququ olmadığına və polislərə müqavimət göstərdiyinə görə o, inzibati qaydada məsuliyyətə cəlb edilib.
Səlahiyyətlərini aşaraq fiziki güc tətbiq edərkən vətəndaşı təpiklə vurduqlarına görə polis əməkdaşlarının barəsində isə araşdırmalara başlanılıb. Araşdırmalar nəticəsində həmin polis əməkdaşları da məsuliyyətə cəlb olunacaqlar. 
BDYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, videogörüntü idarədə araşdırılıb. "Bizim əməkdaşlar tərəfindən də qanunsuz hərəkətlərə yol verilib. Sürücüyə qarşı sərt tədbirlər gördükləri üçün həmin polis əməkdaşları haqqında da araşdırma aparılır".
Kamran Əliyev hadisənin başvermə anını əks etdirən görüntüləri də Avtosfer.az-a təqdim edib. Görüntülərdən aydın olur ki, sürücüyə dəfələrlə saxla işarəsi verilsə də, tabe olmur, saxlanıldıqda isə qaçmağa çalışır və polisə müqavimət göstərərək təpik atır.
Hər iki görüntünü təqdim edirik.

 

 

Təbriz








Tarix: 22-06-2020, 13:51
Xəbəri paylaş



Xəbər lenti