Xəbər verdiyimiz kimi, Azərsutikinti Xəstəxanası artıq koronavirusa yoluxmuş xəstələr üçün xüsusi ayrılıb. Xəstəxanada məskunlaşmış məcburi köçkün ailələri “Qafqazinfo”ya müraciət edərək yaranmış vəziyyətlə bağlı narahat olduqlarını bildiriblər. Bundan başqa, qeyd olunub ki, hazırda binada anti-sanitar şəraitdə mövcuddur.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev “Qafqazinfo”ya məsələ ilə bağlı bildirib ki, Bakı şəhəri Nizami rayonunda yerləşən Azərsutikinti xəstəxanasının binasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri Qobu park 2 yaşayış kompleksinə köçürülüb:
“Köçürülmə zamanı Dövlət Komitəsində fəaliyyət göstərən Komissiya və onun nəzdindəki işçi qrupu tərəfindən araşdırma aparılıb. Nəticədə, burada müvəqqəti məskunlaşmış 15 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülməyib. Bu ailələrdən, 13-ü ailə başçısı kimi, yaxud ailə tərkibində mənzillə təmin olunduğu üçün, bir ailənin statusu olmadığı, digərinin isə adına çıxarış (kupça) olduğu üçün mənzillə təmin olunmayıb.
Qeyd edilən ailələr, Azərsutikinti xəstəxanasında qarşılaşdıqları problemlə bağlı məcburi köçkün düşdükləri rayonun icra hakimiyyətinə müraciət edə bilərlər”.
Tarix: 19-06-2020, 13:42