Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın təşəbbüsü ilə bir qrup jurnalist "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatı yaradıb.Media Hərəkatının üzvü, “Cümhuriyət” qəzetinin redaktoru, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli
Cebhe.info-ya açıqlamasında deyib ki, İradə İbrahimovanın bu çağırışı zərurətdən doğub:
“7 aydır dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Ölkəmizdə 2020-ci ilin mart ayından epidemiyanın yayılmasına qarşı mübarizə başlanıb. 4 aydır ki, həyatımızdakı ənənəvi düzən dəyişib. İlk gündən Azərbaycanda epidemiyanın yayılmasına qarşı görülən tədbirlər yoluxmanın və itkilərin yüksək həddə çatmasının qarşısını aldı. Lakin hələ də görüləsi işlər, çatışmazlıqlar çoxdur. Əsas çatışmazlıq cəmiyyətin təhlükəyə hazırlanması, maarifləndirmə işləridir. Əslində dəmir nizam-intizamla idarə olunan Sovet cəmiyyətində yaşamış azərbaycanlıların ekstremal vəziyyətlərə hazırlığı qənaətbəxş olmalı idi. Eyni zamanda 30 ildir müharibə şəraitində yaşayırıq. Kim bilməsə də biz qəfil miqrasiyanın, qaçqınlığın, qurulu düzənin bir anda pozulmasının nə olduğunu gözəl bilirik. Bəs onda niyə hələ də Azərbaycan cəmiyyətinin ən azı yarısı dünya ölkələrini çətin vəziyyətə salmış, qlobal iqtisadiyyatı az qala çökdürmüş koronavirusun varlığına inanmır? Deməli, informasiya siyasəti düzgün qurulmayıb. Demək bu çatışmazlıqda medianın, qeyri-hökumət təşkilatlarının da rolu var. Belə bir zamanda "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatının yaradılması, jurnalistlərin təşviqata başlaması çox vacibdir”.E. Cəfərli deyib ki, jurnalistlər, ictimai rəyə təsir gücü olan adamlar hər gün insanlara çağırış etməli, yaşadıqları ərazidə koronavirus inanmayan, təhlükəni görməyən insanları maarifləndirməlidir:
“Bu işi hətta ictimai nəqliyyatda da aparmaq lazımdır. İnsanları sərt şəkildə qınamaq, bilgisizliyə görə aşağılamaq lazım deyil. Sadəcə elə izah olunmalıdır ki, insanlar təhlükənin evimizin kandarında olduğunu hiss etsinlər. İnsanlar anlasınlar ki, 7 aydır dünyanın ən nüfuzlu elmi mərkəzlərində başlanan Covid-19 araşdırmaları ciddi nəticə verməyib. Hələ bu virusdan müalicəyə kömək edən vaksin tapılmayıb. Vaksin yoxdursa, koronavirus təhlükəsi qalır. Koronavirus epidemiyasına qarşı ən sərt tədbirlərlə, dəmir nizam-intizam yaratmaqla mübarizə aparan Çində, Almaniyada, Türkiyədə epidemiyanın ikinci dalğası yayılıb. Dünən Türkiyənin Karabürk şəhərində 73 yoluxma faktı qeydə alınıb. Halbuki 1 ay öncə bu şəhərdə yoluxma sayı sıfıra enmişdi. Bütün bunlar onu göstərir ki, biz vaksin tapılmayana qədər koronavirusla birgə yaşamağa məhkumuq. Bunun üçün bizdən tələb olunan karantin qaydalarına əməl etməliyik. İctimai yerlərdə tibbi maska və əlçəklərdən istifadə etmək, sosial məsafəni gözləmək lazımdır. Bunu özümüzü, çevrəmizdəki insanları, dostlarımızı, doğmalarımızı qorumaq üçün etməliyik. İnsan bəşər tarixi ərzində çox bəlalara, epidemiyalara, qlobal fəlakətlərə qalib gəlib. Vaxt gələcək koronavirus təhlükəsi haqqında keçmiş zamanda danışacağıq. Amma hələ ki ölüm saçan bu təhlükəli virusa qarşı döyüşmək lazımdır. Cəmiyyət olaraq səfərbər olmalı, hələ də təhlükənin fərqinə olmayanları oyatmalıyıq. Qlobal fəlakətlər, müharibələr zamanı cəmiyyət sövq-təbii birləşir. İndi o zamandır. Koronavirusla mübarizədə ön cəbhədə savaşan həkimlər, tibb işçiləridir. Amma nizam-intizam olmasa savaşda qələbə də olmaz. Biz qələm əhli də məsuliyyətimizi dərk etsək, öhdəmizə düşən işləri vicdanla yerinə yetirməliyik. Bu iş isə o qədər də çətin deyil. Ən azı çevrəmizdəki insanlara durumu başa salmalı, sosial təcrid qaydalarına əməl etməyi aşılamalıyıq. Ən yaxşı tərbiyə nümunə göstərməkdir. Jurnalistlər, QHT fəalları öz davranışları ilə örnək göstərməli, sosial qaydalara əməl etməli, sosial şəbəkələrdə “koronavirus boş şeydir” deyənləri qınamalıdır. Ölkəmizdə koronavirusla aparılan mübarizəyə kölgə salmaq da yanlış hərəkətdir. Əvvəla bütün dünya bu epidemiyaya hazırlıqsız yaxalanıb. Görülən tədbirlər ilk təcrübədir. Bu ümumi təhlükədir. Heç kimin yoluxmayacağına zəmanət yoxdur. O halda kim istəyər ki, pandemiya davam etsin? Pandemiya dövründən də yararlanıb pul qazanmaq istəyən möhtəkirlər olacaq. Ancaq onlar da bizim insanlarımızdır. Onları aydınlatmaq, doğru yola dəvət etmək də cəmiyyətinin sabahını düşünən ziyalıların işidir”.Cebhe.info
Tarix: 19-06-2020, 12:57