“Prezidentin tövsiyəsinə əməl etməyən banklar, Elman Rüstəmovun çağırışına qoşulacaq?!”
Vətəndaşları koronavirus pandemiyası bir tərəfdən sıxdığı məqamda, banklar da digər yandan təntidib. Günaşırı olaraq, kredit ödənişini gecikdirən vətəndaşlara banklardan zəng gəlir. Bank əməkdaşları “sizin kredit ödənişinizin vaxtından 12 gün keçir”, “siz 17 gündür kredit ödənişinizi gecikdirirsiniz” – kimi sözlərlə, xalqın və dövlətin bu ağır vəziyyətində insanları bir yandan da depressiv vəziyyətə salır.
Halbuki, hələ aprel ayının sonlarında COVID-19 pandemiyası ilə əlaqədar olaraq, Nazirlər Kabineti kredit ödənişləri ilə bağlı qərar verdi. Qərarda bildirildi ki, banklar işsiz qalmış müştərilərinə güzəştə getsin, kreditlə bağlı möhlət versin.
Hətta, Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov Azərbaycan Televiziyasına çıxaraq, krediti ödəməkdə çətinlik çəkən vətəndaşlara müjdə də verdi. Baş bankir bildirdi ki, pandemiyadan zərər çəkmiş sahələrə kredit dəstəyi verilməsi üçün ciddi dövlət proqramı var. Mərkəzi Bank hökumətin proqramlarına əsasən banklara imkan verir ki, onlar sentyabrın 30-dək kreditləri restrukturizasiyası etsin Bu, təbii ki, təkcə biznes kreditlərinə yox, istehlak kreditlərinə də aid idi. Rüstəmov qeyd etdi ki, sadə dillə desək, banklara kreditlərin ödənilməsi vaxtını uzatmaqla bağlı tövsiyələr verilib.
AMB rəhbəri onu da söylədi ki, bu kreditlər Mərkəzi Bank tərəfindən “pis kreditlər” kimi nəzərə alınmır: “Bununla bankların da vəziyyəti pisləşməyəcək. Əsas məsələlərdən biri odur ki, əhaliyə heç bir cərimə, dəbbə pulları hesablanmır. Hər bir vətəndaşımızın və hüquqi şəxsin kredit tarixçəsi olur. Həmin şəxs növbəti dəfə kredit alanda, kredit tarixçəsi olduqca mühümdür. Banklar müraciət edən şəxsin tarixçəsinə baxır ki, həmin adamın kredit tarixçəsi müsbətdir, ya yox. Biz banklara tövsiyə etmişik ki, kredit ödənişinin vaxtı uzadılan şəxslərin kredit tarixçəsi pisləşməsin. Çünki onlar özlərindən asılı olmayan səbəblərdən kredit ödənişi vaxtını uzadırlar”.
Bəs, nə oldu? Heç nə, banklar yenə də zəng edib vətəndaşdan kreditin ödənilməsini tələb edir. Məsələn “Unibank” müştərilərinə zəng edib bildirir ki, kredit gecikir, ödəmək lazımdır. Vətəndaş möhlət istəyir, amma bank belə bir öhdəliyinin olmadığını deyir. Mərkəzi Bankın tövsiyəsini xatırladanda isə müştəri cavab alır ki, “bank möhlət versə, bu barədə sizə SMS göndəriləcək”.
“Bank of Baku” da müştəriləri ilə anoloji qaydada davranır: “Əgər sizə SMS göndərilməyibsə, o zaman möhlət verilmir”.
Maraqlıdır ki, istehlak krediti götürmüş, hazırda işsiz olan, pandemiyadan zərər görən heç bir vətəndaşa belə SMS göndərilməyib. Bəs, o zaman “Unibank” SMS-i kimə göndərib, kimə möhlət verib? Bəlli deyil. Bəlli olan isə odur ki, “Unibank”, “Bank of Baku” və belə davranan digər faktiki olaraq Mərkəzi Bankın tövsiyəsini saymır, dolayısı ilə deyirlər ki, “Elman Rüstəmovun tövsiyyəsi bizim vecimizə deyil”.
Ekspertlər hesab edirlər ki, kommersiya bankları AMB-nin tövsiyəsini yerinə yetirməyə bilər. Yəni, Elman Rüstəmov çox da tövsiyə verir, bank gəlirindən niyə keçməlidir?
Bank və maliyyə eksperti, hüquqşünas Əkrəm Həsənov AYNA-ya açıqlamasında vəziyyətin qəliz olduğunu deyib: "Biz bir tərəfdən Azərbaycanda hüquqi dövlət qurmaq istəyirik, bazar iqtisadiyyatının inkişafını arzulayırıq, digər yandan, bu prinsiplərə zidd qərarlar tələb edirik. Əgər söhbət hüquqi dövlətdən, bazar iqtisadiyyatından gedirsə, banklar Mərkəzi Bankın tövsiyəsinə əməl etməyə bilər. Yəni ki, sən tövsiyə verirsən, mən də o tövsiyəni yerinə yetirmirəm. Banklar düşünür ki, Mərkəzi Bankın tövsiyəsi səbəbindən niyə pul itirməlidir. Ona görə də, bir çox ölkələrdə pandemiya dövründə dövlət tövsiyə vermədi, bankların itkisini kompensasiya etdi. Məsələ tövsiyə ilə yox, belə həll edilir. Yoxsa, bu işlər banka tövsiyə etməklə olmur. Mən Mərkəzi Bank bu tövsiyəni edəndə bilirdim ki, kommersiya banklarının əksəriyyəti buna əməl etməyəcək”.
Həsənov 2019-cu ildə Prezident İlham Əliyevin problemli kreditlər məsələsinin həlli ilə bağlı fərmanını xatırladıb: “Fərman iki hissədən ibarət idi. Birinci hissəyə görə, xarici valyutada 10 min dollara qədər krediti olanların məzənnə fərqini dövlət kompensasiya etdi. İkinci hissə isə ondan ibarət oldu ki, 17 min manata qədər olan kreditlərlə bağlı, banklar müştərilərə möhlət versin, onlarla 5 illik möhlət üçün yeni müqavilə bağlasın. Fərmanın ikinci hissəsi tövsiyə idi. Mərkəzi Bank kommersiya banklarına bunun üçün 682 milyon manat məbləğində ucuz kredit də verdi. Banklar bu tövsiyəyə əməl etdimi? Təbii ki, yox. Halbuki, bu, Prezidentin tövsiyəsi idi. Ona görə də, mən apreldə dedim ki, Prezidentin tövsiyəsinə o vaxt əməl etməyən banklar, Elman Rüstəmovun çağırışına qoşulacaq?! Əlbəttə ki, etməyəcəkləri bəlli idi. Özü də keçən il dediyim kimi, 682 milyon manat ucuz kredit də verilmişdi, bu il o da verilmir. Onu da deyim ki, banklar tövsiyəyə əməl etməməkdə sərbəstdir”.
“Mərkəzi Bankın pandemiya dövrü üçün banklara kreditlərlə bağlı çağırışı populist idi. Elman Rüstəmov bu çağırışı etməklə, sanki insanların gözündə yaxşı görünməyə, “baxın, Mərkəzi Bank yaxşıdır, banklar pisdir” demək istədi”, - deyə ekspert vurğulayıb.
Həmsöhbətimiz həmin vaxt krediti olan insanlara tövsiyə edib ki, banklara məktub yazsınlar: “Məsləhət gördüm, məktubda göstərinlər ki, Mərkəzi Bankın tövsiyəsinə uyğun olaraq, 5 ay, 3 ay ödəniş etməyəcəklər. Bank sonra müştəriyə zəng edəndə, deyə bilərdilər ki, “mən filan vaxtadək ödəniş etməyəcəyimi sizə yazmışam”. Yəni, bundan vətəndaş banka qarşı istifadə edə bilərdi”.
"Hansı formada istifadə edə bilərdi" sualına Ə.Həsənov belə cavab verib: "Vətəndaşın məktubuna bank cavab verməyib susursa, deməli, həmin müddətdə ödəniş edilməməsinə razıdır. Yox, vətəndaşa yenə zəng edəndə, əldə əsas olur ki, “mən sizə yazmışam, bildirmişəm, mənə yazılı şəkildə cavab verin”. Bank götürüb cavab yazsa ki, möhlət verməyə razı deyil, vətəndaş o cavabı dərc edə bilər, yaxud da, Mərkəzi Banka göndərə bilər. Yəni ki, "baxın, bank sizin tövsiyənizi heçə sayır". Amma vətəndaşlar bunu etmədilər, məktub yazmadılar, oturub gözlədilər. İndi də kredit ödənişi ilə bağlı banklardan zəng edirlər. Özü də fikir verin ki, bank əməkdaşları sadəcə zəng edirlər, xəbərdarlıq məktubu göndərmirlər. Çünki, Mərkəzi Bankı saymamaqla bağlı əldə əsas olmasını istəmirlər. Ona görə, hazırkı müəmmalı vəziyyət yaranıb”.
Bu müəmmalı vəziyyətdən çıxış yolu sentyabrda görünür. Mütəxəssislər bildirirlər ki, sentyabra kimi banklar ödəniş etməyən müştərilərinə faiz əlavə etməyəcəklər. Ödəniş etməyən vətəndaşın kredit tarixçəsinə mənfi və ya müsbət yaza bilərlər, o qalıb bankların insafına. Amma sentyabr ayının 30-dək yəqin ki, müştərilərə bank əməkdaşları tərəfindən günaşırı bezikdirici zənglər gələcək. Yaxşısı odur ki, imkan varsa, müştərilər kredit ödənişini etsinlər.