Kollegiya xəbərdarlıq edir, həmkarı dəstəkləyir, özü isə susur
Azərbaycanda karantin dövründən danışarkən, Yeni Yasamalda baş verənlər də xatırlanacaq. Polislərin başına zibil tökən 11 sakinin evlərindən zorla, yarıçılpaq vəziyyətdə çıxarılması, avtomobillərə doldurulub aparılması hələ uzun müddət müzakirə mövzusu olacaq.
Bu hadisədə ayrıca xətlə, əvvəlcə saxlanılan və özünun dediyinə görə, fiziki təziqlərə məruz qaldıqdan sonra sərbəst buraxılan Kərim Süleymanlının məsələsini qeyd etmək lazımdır. Həbsdən çıxan Süleymanlının vəkili Cavad Cavadova isə 11 iyun 2020-ci ildə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xəbərdarlıq edildi.
Kollegiyanın açıqlamasında bildirilir ki, Kərim Süleymanlı adlı bir şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən saxlanıldıqdan sonra sərbəst buraxılıb: “Vəkil Cavad Cavadov müqavilə əsasında Süleymanlıya hüquqi yardım göstərir. İyunun 9-da Cavad Cavadov Süleymanlı ilə bir jurnalist kimi müsahibə alıb və onu sosial şəbəkələrdə yayıb ki, bu da öz növbəsində geniş ictimaiyyət arasında səhv rəyin formalaşmasına gətirib çıxarıb”.
Kollegiya hesab edir ki, Cavadovun hərəkətləri “Vəkillər və hüquqşünas fəaliyyəti haqqında” qanuna və “Vəkillər üçün davranış qaydaları haqqında” Əsasnaməyə ziddir. Cavadov Rəyasət Heyətinə dəvət olunub və orada ona fəaliyyəti zamanı qanundan kənara çıxmamaq barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, iyunun 7-də Yeni Yasamal massivi, Dadaş Bünyadzadə küçəsi 13 ünvanda yerləşən binanın sakinləri, binada yaşayan bir şəxsi saxladıqlarına görə polisə etiraz etmiş və eyvanlardan hüquq-mühafizə orqanları əməkdaşlarının başlarına zibil tökmüşdülər. İyunun 8-i səhər tezdən Çevik Polis Alayının (ÇPA) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həb edilənlərdən biri olan Kərim Süleymanlı, Cavad Cavadovla sözügedən müsahibəsində polisdə saxlanılanlara qarşı hansı fiziki təzyiqlərin, işgəncələrin göstərildiyindən söz açmışdı.
Mövzunu AYNA-ya şərh edən Vəkillər Kollegiyasının üzvü Elçin Sadıxovun sözlərinə görə, Cavad Cavadov heç bir hüquq pozuntusuna yol verməyib: “Bu reportajı sosial şəbəkələrdə diqqətlə izlədim. Müsahibə zamanı Cavadov müştərisindən ona dəyən xəsarətlər barədə soruşur. Bu, qanunla qadağan deyil. Bir vəkil qanunla qadağan olunmayan hər şeyi edə bilər”.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev isə AYNA-ya deyib ki, əslində, Cavad Cavadova heç bir xəbərdarlıq edilməyib: “Sadəcə, vəkil Kollegiyaya dəvət olunub və onunla söhbət aparılıb. Mən Cavad Cavadovun Kərim Süleymanlı ilə müsahibəsini şəxsən izləməmişəm. Ancaq məndə olan məlumata görə, reportaj zamanı Cavad Cavadov bildirib ki, Kərim Süleymanlının bədənindəki izlər ona polis tərəfindən verilən işgəncələrin izləridir”.
“Hesab edirəm ki, vəkil öz müştərisinin adından belə açıqlamalar verməməlidir. Axı, Cavad Cavadov haradan bilir ki, Kərim Süleymanlının dedikləri tam olaraq həqiqətdir?”, - deyə Muxtar Mustafayev vurğulayıb.
Cavad Cavadovun özünün də fikrini öyrənməyə çalışdıq, amma təəssüf ki, vəkil şərh verməkdən qəti şəkildə imtina etdi.