Psixoloq: “Həyəcan səviyyəsi yüksəldiyinə görə insanlar doğru-düzgün mühakimə etmək qabiliyyətini itirir və aqressiv davranmağa başlayırlar”
Karantin rejiminin yumşaldılması əsnasında, təkrar sərtləşdirməyə keçmək, üstəlik həftəsonları ümumi evə qapanış tətbiq etmək cəmiyyət gərginlik və aqressiya yaratdı. Əhali dükan-bazara axın etdi, apteklərdə insan qələbəliyi yaşandı.
Bundan əlavə, hüquq mühafizə orqanları əməkdaşları ilə bəzi vətəndaşlar arasında qarşıdurmaların şahidi olduq. Polisin rəsmi açıqlamasına görə, ötən şənbə-bazar ərzində 3 min nəfərə yaxın insan karantin qaydalarını pozduğu üçün cəzalandırılıb.
Baş verənlərin psixoloji tərəflərini AYNA-ya Uşaq Psixonevroloji Mərkəzinin psixoloqu Qəmər Məmmədova şərh edib. Onun sözlərinə görə, hazırda insanların psixolgiyasının nə qədər zəiflədiyi, nə qədər təsirlərə məruz qaldığı müşahidə edilir.
“İnsanların düşünmədən davranışları, ərzaqları necə depolamaları və s. bunlar artıq onların psixologiyasının və həyəcan səviyyələrinin nə qədər yüksəldiyinin, psixologiyalarının nə qədər zəiflədiyinin göstəriciləridir. Bu, gözlənilməyən bir şey deyil. Çünki onlar artıq bir aydan çoxdur ki, bu qeyri-müəyyən vəziyyətlə mübarizə aparırlar və insanların davranışının belə olacağı gözlənilən idi”, - müsahibimiz deyib.
Qəmər Məmmədova insanların təməl duyğusunun həyatda qalmaq olduğunu bildirib: “İlk doğulduqları andan insanlar bu reflekslə dünyaya gəlirlər. Və birdən-birə ölümcül bir zamanın ortasında tapırlar özlərini – xəstəliklər, ölümlər, problemlər… Bu gedişat yaranan həyəcan və vəziyyətin qeyri-müəyyənliyi (hardan gələcək, necə olacaq, necə qorunmalıyıq, nə zamana kimi vəziyyət belə davam edəcək) daha güclü psixoloji basqı yaradır. Həyəcan səviyyəsi də yüksəldiyinə görə, insanlarda artıq doğru-düzgün mühakimə etmək bacarığı itirilmiş olur və onlar ani olaraq hisslərlə davranmağa başlayırlar”.
“Bir qədər öncə sadaladığım ərzaq depolamaq, aqressiv davranışlar və s. kimi hallar onlarda həyəcanın, qorxunun nə qədər yüksək səviyyədə olmasının işarəsidir. Hətta, son zamanlar Britaniya, Fransa və Misirdə maraqlı bir araşdırma aparılıb. Həmin araşdırmaya görə, əhalinin 70%- də həyəcan, təşviş simptomları yaranıb. Buna görə də hazırkı koronavirus pandemiyasına “anxiety pandemiyası” da deyilir. Anxiety - həyəcan pozuntusu dəməkdir. Çünki, əhalinin 70%-nin həyəcan pozuntusundan əziyyət çəkdiyi və həyəcan səviyyəsinin yüksəldiyi, bununla bağlı statistik məlumatlar əldə edildiyi qeyd olunur”, - mütəxəssis vurğulayıb.
“Belə hallarda biz nə etməliyik” sualına gəldikdə, psixoloq qənaətincə, burada psixoloji dəstək mütləqdir: “İşin sosial-iqtisadi tərəfi ilə yanaşı, psixolji tərəfi də izah olunmalıdır. Yəni, insanlara düzgün açıqlamalar verilməlidir, ölüm sayları, xəstəliyə yoluxanlar barədə məlumatlar verməklə yanaşı, ölkəmizin digər ölkələrlə müqayisədə nə qədər yaxşı vəziyyətdə olduğunu, hökumətin, rəhbərliyin daha çevik davranması (sərhədlərin bağlanması, xəstəliyin qarşısının nə qədər tez alınması) və s. kimi məsələləri də insanlara çatdırmalıyıq. İşin mənfi tərəflərini çatdırdığımız kimi, müsbət tərəflərini də insanlara anlatmalıyıq ki, bu həyəcanın səviyyəsi tarazlansın. Yəni biz davamlı xəstəliyin artmasını, ölənlərin sayını açıqlayarıqsa, əlbəttə ki, insanlarda psixoloji pozuntu və həyəcan səviyyəsi daha da qalxmış olacaq”.
Məmmədovanın dediyinə görə, cəmiyyətə informasiya çatdırılması zamanı burada yaş hədləri, dünya görüşü, intellekt səviyyəsi həmin informasiyanın necə qəbul edilməsinə görə dəyişir: “Hər bir insan bunu artıq özünə uyğun, öz xarakterinə, intellektinə uyğun qavrayacaq. Buna görə də düşünürəm ki, burada psixoloqlar səsləndirdikləri fikirlərlə insanlara dəstək olmalıdırlar. Və insanlara pandemiyanı, sosial izolyasiyanı belə sərt şəkildə açıqlamaq deyil, onlarda həyəcan səviyyəsini azaldacaq vahid komanda şəklində çalışmaq, izahat vermək lazımdır. Komanda işbirliyi nə deməkdir? Yəni burada multidisiplinar komanda iş birliyi elan olunsaydı, hər insan öz ailəsində, iş yoldaşları arasında, ətrafında, marketlərdə təcrid sözünün vahim daşımadığını anlatsaydı, cəmiyyətdə bu qədər həyəcan yaranmazdı”.