Deputat: "Polislər zorla evlərə girib vətəndaşları lüt bayıra çıxarırlar, bu doğru hal deyil"


"Çalışmaq lazımdır ki, polislərlə vətəndaşlar arasında qarşıdurma olmasın. Bu, heç də yaxşı hal deyil".  


Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. 


Vahid Əhmədov deyib ki, polislər vətəndaşlarla rəftarında olduqca diqqətli və həssas olmalıdır:


"Mən sosial şəbəkələrdə yayılan videolara baxdım. Polislər zorla evlərə girib vətəndaşları lüt bayıra çıxarırlar, bu doğru hal deyil. Belə hərəkətlər etməyə ehtiyac yox idi. Ümumiyyətlə, bu cür hallara nə ehtiyac var idi? Həmin vətəndaşlar qaydaları pozublarsa, cərimələri yazılsın və yaxud da normal qaydada polisə aparılsın. Bu cür hərəkətlər dövlət başçısının apardığı siyasətə də ziddir. Cənab Prezident özü tibbi maska taxaraq vətəndaşlara müraciət edirsə, artıq bu, onlara xəstəliyin nə qədər təhlükəli olması barədə bir mesajdır. Vətəndaşlarımız da bunu anlamalıdırlar".


Deputat polislərin də işinin çətin olduğunu vurğulayıb:


"Mən başa düşürəm ki, polislərin də işi çox çətindir, onların üzərinə böyük məsuliyyət düşür. Amma çalışmaq lazımdır ki, belə həssas dövrdə vətəndaşlarla rəftarda kobudluqlar olmasın". 


Nazirlər Kabinetinin sərt karantin rejiminin tətbiqi ilə bağlı qərarına da toxunan V.Əhmədov qeyd edib ki, hökumətin bu addımı vətəndaşlar tərəfindən düzgün qəbul edilməlidir:


"Bu məsələ ilə bağlı Milli Məclis tərəfindən qanun qəbul edilib, Operativ Qərargah tərəfindən isə qaydalar təsdiq olunub. Şənbə-bazar günləri tətbiq edilən sərt karantin rejiminin əsas məqsədi vətəndaşların sağlamlığının qorunması üçün idi. Çünki Azərbaycanda koronovirusa yoluxma halları ötən aya qədər müsbətə doğru gedirdi. Amma qəfildən yoluxma halları artdı. Ona görə də Operativ Qərargah qaydaları sərtləşdirməyə məcbur oldu. Nəticədə isə şənbə və bazar günləri sərt karantin elan olundu. Burada məqsəd ilk növbədə əhalinin sağlamlığının qorunmasıdır. Vətəndaşlar da anlamalıdırlar ki, qaydalara əməl etmək hər birimizin borcudur. Əgər cənab Prezident tibbi maska və əlcək taxırsa, vətəndaşlar niyə taxmasın? Bu qaydalara hamı əməl etməlidir".


Elçin Rizvanoğlu
Demokrat.az

Tarix: 9-06-2020, 00:00
Xəbəri paylaş



Xəbər lenti