2019-cu ilin noyabr ayında İngiltərənin "Cayman National Bank (Isle of Man) Ltd"-nin haker hücumuna məruz qalması və bir çox müştəri sənədlərinin açığa çıxmasıyla Azərbaycanın sabiq Mili təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinin 100 milyon avroluq biznes və əmlak imperatorluğu qurduğu məlum olub.
Hit.Az-ın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın "The Guardian" qəzetində dərc olunan araşdırmada deyilir.
Qəzetin xəbərinə görə, satınalmalar və əməliyyatların hamısı Eldar Mahmudovun övladları - 36 yaşlı Anar və 31 yaşlı Nərgizə bağlı şirkətlər tərəfindən həyata keçirilib.
Araşdırmaya görə hələ 2016-cı ildə "Cayman National Bank"-ın əməkdaşı bu əməliyyatlardan şübhələndiyini bankdaxili yazışmalarda qeyd edibmiş.
Araşdırmada qeyd olunur ki, 2014-2015-ci il aralığında, təkcə 1 il ərzində Anar Mahmudov özünün "Britannia Group” adlı şirkətinin hesabına 14 milyon funt sterlinq yerləşdirib. Poole and Bournemouth ərazilərində aldıqları 2 bloklu ofisin qiyməti isə 13.5 milyon funt sterlinqdir.
Bundan əlavə məşhur Knightsbridge ərazisində aldığı 4 mərtəbəli mülkün qiyməti isə 17.5 milyon funt sterlinqdir.
Qeyd edək ki, Eldar Mahmudovun İngiltərədə yalnız bu məqalədə toxunulan sərvətlərinin miqdarı 200 milyon manatdan artıqdır.
Anar Mahmudovun qaynanası - məşhur Zamirə Hacıyevanın isə Harrodsda 16 milyon funt sterlinq xərclədiyi faktını da qəzet məxsusi vurğulayır.
Z.Hacıyevanın həyat yoldaşı, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev həbs olunduqdan və Eldar Mahmudov vəzifədən çıxarıldıqdan sonra CNBIOM Mahmudovlara bağlı bank hesablarını bloklayıb.
Bundan sonra Anar və Nərgizin vəkilləri Finans Uncovered-a, onların sərvətinin qaynağının XIX əsrdəki məşhur Azərbaycan zadəganı Aşurovlara qədər getdiyini və hazırda Anarın özünün də uğurlu iş adamı olduğunu bildiriblər. Ortaya çıxan sənədlərdə vəkillərin Anarın digər qohumlarının Bakıdakı bizneslərini də qaynaq olaraq göstərdiyi üzə çıxıb.
Araşdırma nəticəsində Mahmudovların Mayorka, Lüksemburq və Latviyada da mülk və şirkətlərə sahib olduğu məlum olub.