Qurgenin babasına nəvəlik edənlər

 

Yenə özünü hamıdan ağıllı, hamıdan humanist, kosmopolit, yerlə-göylə əlləşən... hesab edənlərin zəvzəmələrinə qulaq asmaq zorunda qalmışıq. Bildiyiniz kimi, Avropa Məhkəməsində zabit Ramil Səfərovla bağlı yeni qərar çıxarılıb. Qərarda göstərilir ki, Azərbaycan etnik nifrət cinayətinə görə xaricdə həbs olunmuş və qaytarıldıqdan sonra əfv olunmuş, vəzifəsi artırılmış və müavinət verilmiş zabitinin həbs cəzasını əsassız icra etməyib. Üstəlik, buna görə Azərbaycan ərizəçilərə xərclərə görə 31 min 600 avro ödəməlidir. Qərar Ermənistandan olan iki şikayətçi - qətlə yetirilmiş Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı verdiyi şikayət əsasında verilib.

İndi bu bizim milli kosmopolitlər də Qurgenin babası Samveldən daha çox Samvel olublar. O gün oxuyuram açıqlamalarını. Deyirlər, R.Səfərovun ölkədə qəhrəman kimi qarşılanması "işləri korlayıb". Özünü yekə-yekə politoloq adlandıran adamlar deyir bunu. Bəs sən demə, Səfərov gələndə, gələndən sonra ona bu cür yüksək münasibət göstərilməsə, erməni tərəf bu dərəcədə qıcıqlanmaz, məhkəməyə də müraciət etməzmiş. Ay aman, qoymayın, qəbahətimiz böyükmüş, büllur kimi bir ürək sındırmışıq.... Cənablar, serlər və yaxud bəylər! Gerçəkdən anlaqlısınız? Kimin əmisi oğlususunuz? Şuşada inaqurasiya keçirilən gün özünü şəhid edən, "orda helikopterlər uçmalı, Şuşa dağıdılmalıdır" deyənlərsiz gerçəkdən? Hansı menzurka ilə ölçülür sizin ədalət hissiniz?

Bəli, Ramil Səfərova qəhrəman rütbəsi verilməsə də, o, bizim milli qürurumuzu bütün dünyanın dilinə əzbər olacaq şəkildə qoruyub. Bəli, deyilir ki, Ramil Səfərov əfv olunduqdan sonra yerli mətbuatda onun mayor rütbəsi ilə təltif olunması, Macarıstanda həbsdə qaldığı illərdə yığılmış məvacibinin ödənilməsi və mənzil bağışlanılması ilə bağlı məlumatlar dərc olunub. Nə qədəri düzdür, bilmirəm. Amma yalandırsa doğru olsun. Erməni yazıçısı Zori Balayan azyaşlı azərbaycanlı qızın dərisini soyduğunu etiraf edib və hətta gördüyü bu vandalizmlə qürurlandığını da bildirib. Məsum Zəhraları qurban vermişik biz bu savaşda. Yatan yerdə, xəyal quran, oyuncaqla oynayan yerdə. Həmin o yatdığını dediyiniz qurgen gədəsi də yatağında məsum-məsum mışıldamırmış. Günlərlə R.Səfərovu mənəvi terrora məruz qoyub, onu qəsdən bu həddə çatdırıbmış. Məhkəmənin detalları nə tez yadınızdan çıxıb? Macarıstana hərbi biliklərini artırmağa gəlmişdi. Nələrsə öyrənib, gəlib Qarabağda döyüşəcək, neçə-neçə məsum Zəhra balaları öldürəcəkdi.

Şair Aqşin Yeniseyin çox gözəl bir şeiri var. Deyir ki, "Diktator olacaq cocuqları analar doğmurlar. Diktator olacaq cocuqları analar qusurlar". Bəli, Qurgen kimi, Zori kimisini... anaları qusublar, dünyaya gətirməyiblər. Müharibənin şərtləri var. Bəli, o şərtlər düşmənə düşmən kimi davranmağı tələb edir. Heç nə olmaz, o 31 min avronu Qurgenin kaftar babasına ödəməyə bizim gücümüz çatar. Allaha şükür, zamanında Hacıbala Abutalıbov bir fontanın şikəstə oxumasına 100 minlərlə manat sərf etmiş, heç uf da deməmişdi. İndi namaz qılıb, oruc tutan Ziya Məmmədov zamanında asfaltlara nə milyonlar töküb, asfaltlar ağlayıb, biz seyr etmişik. Jurnalistlərin "burcutmasından" qıcıqlanan Tağı Əhmədov Akif Çovdarova verdiyi 3 milyon rüşvəti halal edib. Biz belə "səxavətli" eks məmurların ölkəsində yaşayırıq. Yığışar, bu vəsaiti də ödəyərlər. Necə deyərlər, o erməni mənfurlar məhkəmə işlərini açar, biz qapadarıq. Çünki milli qürur məsələsinə dönüb bu artıq. Bacarmışıq, zamanında öz vətən oğlumuza sahib çıxmışıq və bunu yarı yolda qoymaq olmaz.

 

Qurqen Marqaryan

Hə, bir də özünü Qurgenin babasının nəvəsi kimi aparanların arqumenti o idi ki, guya bu söhbət bizim beynəlxalq arenadakı imicimizə zərbə imiş. Dovşanlar yesin sizin öyündüyünüz o beynəlxalq imicinizi. O beynəlxalq imicinizin nəyi ilə öyünürsüz axı?. Xarici işlər nazirinizin 31 yaşlı oğlu Emin Məmmədyarovun nəğd pulla bir ayda Nyu Yorkda 4.2 milyon dollara iki mənzil alması bütün dünyada müzakirə olunur. Sizin nazirliyinizin mətbuat xidmətinin rəhbəri deyir ki, bu, nazirin şəxsi işdir və şərh olunmur. Dünyanın hansı ölkəsində belə hoqqa çıxsa, adamın pişiyini ağaca dırmaşdırarlar. Necə yəni şəxsi iş?

Millət olaraq xarici işlər nazirinin əlindən zəncir çeynədiyimiz günlər yaşayırıq zatən. Erməni Şuşada yallı gedir, susur nazir.

Erməni Şuşada inaqurasiya keçirir, mətbuat xidməti dillənir. Dişsiz, duzsuz, dəxilsiz bir bəyanat verir. Amma nazirin oğlunun mülkündən söhbət gedəndə diş qıcayırlar bizə. Şəxsi işiymiş, etika belə, estetika elə.... Sanki bunlardan nazirin səhər yeməyinə nə yeməsi, hobbilərinin nə olması, hansı musiqidən xoşlanmasını sormuşuq.

O qədər əcaibliklərlə dolu ölkədə yaşayırıq ki, nəyin şəxsi, nəyin özəl, nəyin ictimaiyyətə açıq olması məsələsində dəyərlər baş-ayaqdır. Bu ölkədə heç kimin şəxsi həyatı çoxdan yoxdur, xəbəriniz varmı? Eks milli təhlükəsizlik naziri Eldar Mahmudov ən azından bunu bizə sübut etdi. Ondan əvvəl də onun-bunun özəlində eşələnib, sonra türmə kamerasında özünü asan "mtnşiklər". Yəni, özəl həyata müdaxilə bizdə şiti çıxmış ərgən zarafatı kimidir, artıq güldürmür. Amma nazir oğlunun 4.2 milyonluq iki mənzili sırf ictimai məsələdir, müzakirə olunmalı, gəlir deklarasiyası tələb edilməlidir. Olmaya qara maskalıların qapısını döyəcəyi növbəti nazirlik Elmar müəllimin "şəxsi ofisi"dir? Gözləyək, görək... Hər halda bu milyonluq mənzillər təsadüfi söhbətə bənzəmədi. Ümid edək ki, nazirin də bloknotundan bu mənzillə bağlı özəl qeydlər çıxar.

Hələliksə, xarici seriallara, kinolara baxıb da, amerikandan artıq amerikan, Roma papasından artıq da katolik olub, yersiz insanpərvərliyə qapılmayın. Biz müharibə dövrünün insanları, uşaqları, gəncləriyik. İtkilərimizlə barışacaq durumda deyilik.

Oyunu qaydalarına uyğun oynamaq lazımdır. Güllə atılan yerə güllə cavab verilmir. Əks halda məğlub olmaq qaçılmazdır. Gülləyə güllə ilə cavab verənləri isə qorumaq boynumuzun borcudur. Ağıllı çıxmamısız başımıza...

 

Tarix: 29-05-2020, 10:14
Xəbəri paylaş



Xəbər lenti