General rütbəsini səngərdə alan, otağında saatlı bomba asılan SƏRKƏRDƏ


General rütbəsini səngərdə alan, otağında saatlı bomba asılan SƏRKƏRDƏ

















Milli Ordunun qurucularından olan general Zaur Rzayevin son MÜSAHİBƏSİ:

Yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi hissəsinin komandiri,  Cəbhə Komandanı – Müdafiə Nazirinin birinci müavini olmuş general-mayor Zadir Rzayevin vəfatının 10 ili tamam olur.

1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olan Z.Rzayev 1958-1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandan hərbi məktəbini qırmızı diplomla bitirdikdən sonra leytenant rütbəsi alaraq Almaniyada yerləşən Sovet Silahlı Qüvvələrinin tərkibində xidmətə göndərilib. Yüksək hərbi göstəricilərinə görə o, Zaqafqaziya Hərbi Dairəsində – Ermənistanın Gümrü şəhərinə hərbi xidmətini davam etdirməyə göndərilib. 1971-ci ildə Moskvada M.F.Furunze adına Hərbi Akademiyaya daxil olub, 1975-ci ildə Ümumi Qoşun Akademiyasını bitirib, Zaqafqaziya Hərbi Dairəsinə alay komandir müavini vəzifəsində çalışıb.

1991-ci ildə vətənini erməni işğalçılarından azad etmək məqsədilə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sırasına yazılıb. Təşəbbüsü ilə yaradılan N saylı hərbi briqadanın komandiri vəziyəsini yerinə yetirib. Yüksək sərkərdəlik məharətinə və döyüş bacarığına görə 1992-ci ilin oktyabrın 19-da prezidentin fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb. Həmin ilin noyabrında Bakıya çağırılaraq II korpusun komandir müavini vəzifəsinə, 1993-cü ilin iyun ayının 16-da isə Cəbhə Komandanı – Müdafiə Nazirinin Birinci Müavini vəzifəsinə təyin olunub. İstefaya göndərilənə kimi bu vəzifələrdə çalışıb. İstefaya göndərildikdən sonra ictimai fəaliyyətlə məşğul olub.

Zadir Rzayev 31 yanvar 2010-cu ildə, 72 yaşında vəfat edib.

Hərbi jurnalist Rəşad Süleymanov mərhum generaldan 10 il  əvvəl-ölümündən az müddət əvvəl aldığı müsahibəni öz səhifəsində paylaşıb.

Miq.Az müsahibəni oxucularına təqdim edir:

– Bir cənub kəndində doğulmuş Zadir Rzayevin hərbçi peşəsini seçməyi hansı zərurətdən irəli gəldi?

– Mən Lənkəran rayonunun Şürük kəndində anadan olmuşam. Uşaqlığım müharibə illərinə düşdüyündən çox çətin keçdi. Müharibə dövrü yaşım az olub, amma bəzi hadisələri indi də xatırlayıram. Çətinliklə də olsa oxuduq, orta məktəbi başa vurub Bakıya gəldim. Pedeqoji İnstituta sənədlərimi verdim və qəbul olundum. Amma rayonda vəziyyət çətin idi. Ailəmiz güc-bəla ilə dolanırdı. Bakıda yaşamaq və oxumaq da asan deyildi. Təsəvvür edin ki, bir kənd uşağı, heç kimi olmayan bir şəhərdə qalır və oxuyur. Bir müddət bu ziddiyyətlər oldu. Nəhayət, 1958-ci ildə fikrimi qətiləşdirib sənədlərimi geri götürdüm. O vaxtkı Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə daxil oldum. Mənim kimisinə zabit olmaq daha əlverişli idi. Dövlətin hesabına yaşayır və oxuyursan, qalmağa yerin var, məktəbi qurtarandan sonra işlə təmin olunursan. Bu məktəbi qırmızı diplomla bitirdim və məni leytenant rütbəsində Almaniyada yerləşən alaya zabit göndərdilər. Təxminən 5 ilə qədər Almaniyada xidmət etmişəm. Sonra məni SSRİ Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi Dairəsinə göndərdilər. İndi rusların Ermənistanın Gümrü rayonundakı bazasında əvvəlcə tabor qərargah rəisi, az sonra isə tabor komandiri oldum. Elə burada xidmət edə-edə, 1971-ci ildə Frunze adına Hərbi Akademiyaya da daxil oldum. Zaqafqaziya dairəsində 1988-ci ilədək xidmət etmişəm. 1988-ci ildə ordudan tərxis olunandan sonra bir müddət Azərbaycan Dövlət Universitetində hərbi kafedranın rəis müavini kimi çalışmışam. Həmin dövrlər çox çətin idi.

– Bəs Milli Orduya necə gəldiniz?

– 1991-ci ilin sentyabr ayında Müdafiə Nazirliyi yaradılmış, rəhmətlik Valeh Bərşadlı da nazir təyin olunmuşdu. Səhv etmirəmsə, ya sentyabrın 28-i, ya da oktyabrın 3-ü idi. Yaxşı tanıdığım, uzun müddət dostluq etdiyim bir zabit vardı -polkovnik Telman Mehdiyev. Onunla general Arif Salahov mənə dedilər ki, bəs ilk hərbi hissəni formalaşdırmağa başlayırlar. Mənə orduya gəlməyi təklif etdilər. Əvvəlcə tərəddüd etdim. Amma sonra fikrimi dəyişdim. Azərbaycan Ordusunda xidmətə başladım. Məni yenicə yaranmış, hələ əsgəri olmayan briqadaya komandir təyin elədilər. Sıfırdan bu briqadanı formalaşdırmalıydım. Öncə könüllülərdən ibarət birinci taboru yaratdıq. Onlar döyüşə könüllü gəlmişdilər və sonadək də yüksək səviyyədə döyüşdülər. Allah şəhid olanlarına rəhmət eləsin. Mənə tapşırılmışdı ki, bu taboru Şıx qəsəbəsində yerləşən 18110 saylı hərbi hissənin bazasında formalaşdırım. Briqada komandiri idim. Nə maşın vermişdilər, nə də silah. Sənədləşmə işlərini də özümüz evdə, arvad-uşağın köməyi ilə aparırdıq. Öncə Hərbi Andı hazırladıq və oktyabrın 9-da Ali Sovet qəbul etdi. Açığını deyim ki, o vaxt elə Müdafiə Nazirliyini də quru adı vardı. Mən gələndə nazirlik 4 şəxsdən ibarət idi: general Valeh Bərşadlı, general Dadaş Rzayev, general Arif Salahov, polkovnik Telman Mehdiyev və Bərşadlının sürücü-cangüdəni.

– İlk taboru formalaşdırmaq yəqin ki, çətin oldu…

– Bəli. İndi «birinci batalyon» kimi tanıdığımız bu tabor dediyim kimi, könüllülərdən təşkil olunmuşdu. Onları bizə verilən bir uçuq-sökük kazarmada yerləşdirdim. Ruslar bizə yemək belə vermirdilər. Güc-bəla ilə hərbi hissənin köhnə çarpayılarını gətirib kazarmanı düzəltdik. Gecələr bir neçə dəfə ruslar gəmidən bizim uşaqlar olan kazarmaya atəş də açmışdılar. Məqsəd panika yaradıb, onları ordudan uzaqlaşdırmaq idi. Silahımız da yox idi. Gecə bölük növbətçisi naryada əlində ling və ya balta çıxırdı. Bir həftə belə keçdi. Sonra adını unutmuşam, bizim uşaqlardan biri ruslardan AKS markalı avtomat əldə etdi. Bir neçə əl qumbarası götürdülər. Beləcə silahlanmaya başladıq. Açığını deyim ki, hərbi hissənin rus komandiri razılaşmaya baxmayaraq bizə silah vermək istəmirdi. Silahı bizim əsgərlər rusların əlindən zorla almışdılar. Komandir otağıma gəlib, çox ədalı tərzdə «polkovnik, uşaqlarına tərbiyə ver! Aldıqları silahı geri versinlər və üzr istəsinlər» deyə mənə əmr etdi. Onun hərəkətlərindən zara gəlmişdim. «Tərbiyəsiz özünsən» deyib, qalstukundan yapışdım. Az qaldı boğulsun. Bayıra itələyib, «bir də mənim əsgərlərimə ilişmə!», – dedim. O gedən oldu. Bundan sonra hərbi hissədə vəziyyət bizim xeyrimizə dəyişdi.

– Hərbi And qəbulu necə oldu?

– Bizim birinci tabor Hərbi Andı 1991-ci il fevralın 8-də Şəhidlər Xiyabanında içdi. Hamıda vətənpərvərlik hissi, döyüş ruhu vardı. And içmə mərasimində deputatlar da iştirak edirdi. Hərbi Andı bizə general Dadaş Rzayev qəbul etdirdi. Mən taboru nizamlı şəkildə Hərbi Anda gətirdim. Komandir olaraq Azərbaycan Ordusunun ilk andını da birinci olaraq ictimaiyyət önündə mən qəbul etdim. Andiçmədən bir neçə gün sonra tağımlarımızı Qarabağın müxtəlif bölgələrinə göndərdik. İlk şəhidimiz də səhv etmirəmsə, dekabrın ya 12-si, ya da 14-də Şuşa ətrafında oldu. Bizim tağımlar Kərkicahan, Malıbəyli, Nəbilər, Kosalar kəndlərinin, həmçinin Goranboyun bir sıra kəndlərinin müdafiəsində iştirak etdi. Goranboyda 1991-ci il dekabrın 31-də tağım komandirim, indi Veteranlar Cəmiyyətinin sədri olan Füzuli Rzaquliyev kiçik bir əməliyyat keçirərək bir neçə yüksəkliyi itkisiz geri aldı.

– O zamanın əsgərlərinin döyüş ruhunu necə qiymətləndirirsiniz?

– Mən şəxsən öz əsgərlərimdən həmişə razı olmuşam. Mənim əsgərlərim hər zaman «birinci batalyonun əsgəriyik» sözünü qürurla deyib. Ən qanlı döyüşə belə qorxmadan gedib. Rəhmətlik Aqil Quliyevin bir tağımla Xocalını necə müdafiə etməsini yəqin ki çoxları eşidib. Mənim əsgərim Daşaltında ölümə gözünü qırpmadan getdi, Murovdağın qarlı qışında Kəlbəcəri azad etməyə az qalmışdı. Hansını deyim? Maraqlı bir epizodu xatırlatmaq istəyirəm. 1994-cü ildə cəbhə komandanı idim. Bir erməni mayorunu əsir tutmuşduq. Danışırdı ki, hücuma keçməzdən əvvəl öyrənirik görək bizim qarşımızda 701-in hansısa taboru yoxdur ki… Bu özü hər şeyi deyir. Adi bir briqada həm Ağdərədə, həm Kəlbəcərdə, həm də Laçında döyüşürdü. Ağdərədə 12 kəndi azad etmişdik, Laçında da 40 kəndi. Laçın dəhlizinin 2 kilometrliyinə çatmışdıq.

– General bu gün keçmiş əsgərləri ilə görüşürmü?

– Keçmiş əsgərlərim, döyüşdə mənimlə bir yerdə olmuş insanlar harada görsələr, hörmətimi saxlayır, yaxınlaşıb görüşür, hal-əhval tuturlar. Bu yaxınlarda metroda gedirdim. Vaqonda bir cavan oğlan qalxıb mənə yer verdi. Hal-əhval tutdu. Dedi ki mənim əsgərim olub. «Sahil»dən «Neftçilər»ə qədər yolda azı 5-6 nəfər yaxınlaşıb mənə «sizin əsgəriniz olmuşam» dedi. Mən əsgərimi sevmişəm və heç zaman əsgərimi başqa birisinin ayağına verməmişəm. Bəlkə də mənə bugünkü hörmət də ondan irəli gəlir. Fikirləşmişəm ki, qoy öləndə də «allah sənə rəhmət eləsin» desinlər. Gorumu söyməsinlər. Bir dəfə ermənilərlə Laçındakı Pir yüksəkliyindəki döyüşdə mənim bir neçə əsgərim şəhid olmuşdu. Gənclər idi. Orduya yenicə çağırılmışdılar. Həmin əsgərlərdən birinin valideyni həmin gün oğlunun yanına gəlmişdi. Heç nədən xəbərsiz bu hadisə baş verdi. Anasının ağlamağına dözə bilmədim. Keçmiş döyüşçülərdən ibarət tağıma tapşırıq verdim ki, yüksəkliyi bir saata geri alsınlar. Heç bir saat keçmədi. Yüksəklik geri alındı. Valideyni ora apardım, göstərdim ki, əsgərimin, oğlunun qisasını almışam. Postda 22 düşmən meyiti qalmışdı ki, onun da 15 nəfəri ya zənci, ya da başqa millətlərdən idi. Postu necə tutmalarını, oradakı əsgərlərimizi necə öldürmələrini videoya çəkmişdilər. O kaseti də ələ keçirdik. Bir dəfə Ağdərədə əsir aldığımız bir erməni «boyeviki» arsız-arsız «Xocalını gördünüz nə hala saldıq? Siz türklərin hamınızı o cür qıracağıq. Türk qadınları ermənilərə övlad doğacaq» deməsi məni özümdən çıxardı. Tapançanı çəkib yerindəcə vurdum.

– Sizin döyüş yolunuza bağlı maraqlı əhvalatlardan danışırlar…

– Döyüş özü elə maraqlı əhvalatdır. Amma ölümü, itimi var. Mən bu müharibədə çox çətinliklər gördüm. Bir dəfə fişəng tapançası əlimdə partladı, barmağımı apardı. Minaya düşdüm, salamat qaldım. Yanımda mərmi partladı, otaqda saatlı bomba, Allah saxladı. Sizə maraqlı bir əhvalat danışmaq istəyirəm. Mənə general rütbəsini səngərdə təqdim ediblər. Səhv etmirəmsə, Kəlbəcərin Çərəkdar kəndi istiqamətində olub bu hadisə. Ermənilər hücuma keçmişdi. Yanıma bir neçə əsgər götürüb qarşılarına çıxdım. Geri çəkilməməyi, elə lazım gəlsə burda da öləcəyimizi dedim. Pulemyotu özüm götürmüşdüm. Uşaqlar yolu bağladılar, mən isə yanımda bir rabitəçi, bir də avtomatlı əsgər yüksəkliyə qalxıb düşmən piyadalarını atəşə tutduq. Bir BMP-lərini də vurmuşduq deyəsən. Ermənilər ratsiya ilə deyirdilər ki, «ara bu türklərə kömək gəldi. Möhkəm dirəniblər. Vəziyyət çətindir». Mən isə onlarda panika yaratmaq üçün rabitəçiyə tapşırdım ki, açıq kodla öz tərəfimizə belə məlumat ötürsün ki, guya «qırıcılarımız gəlir. Yerinizi dəyişin». Ermənilər bunu eşidib dərhal geri çəkildilər. Amma qırıcılar gəlmədi. Bu döyüşün qızğın vaxtı bir də gördüm ki, dostum, Müdafiə Nazirliyinin idarə rəisi Telman Mehdiyev gülə-gülə gəlir. Dedi ki səni təbrik edirəm. General rütbəsi almısan. Əvvəl elə bildim zarafat edir. Amma özü ilə gətirdiyi general paqonlarını mənə uzatdı və prezidentin əmrini göstərdi. Bir dəfə də mən, Telman Mehdiyev və artilleriyanın komandiri vardı, polkovnik Səlimov. Biz ona «ded» deyərdik. Əsgərlərə «odboy» vermişik. «Ded» hardansa bir qarpız gətirmişdi. Kəsmək istəyirdik ki, irəlidəki bölüklərdən biri rabitəyə çıxıb ermənilərin hücuma keçdiyini, vəziyyətin gərgin olduğunu dedi. Təcili artilleriya dəstəyi istədilər. Əsgərlər yorulmuşdu. Dərhal Səlimov koordinatları alıb topu hazırladı. Mən mərmiləri silib verir, Səlimov tuşlayır, Mehdiyev isə atəş açırdı. Sonradan öyrəndik ki bütün atışlarımız uğurlu alınıb. Hətta hədəfi görmədən ermənilərin bir BRDM-ni də vurmuşduq.

– General yenə döyüş üçün darıxırmı?

– Niyə darıxmıram? Gözümün önündə əsgərlərim şəhid oldu. Onların qanını almağa söz vermişəm. Torpaqlarımızı geri almaq üçün müharibənin başlanması mütləqdir. Prezident əmr versə, yaşıma və səhhətimə baxmadan günü bu gün döyüşə gedəcəm. Yadımda ikən, mən Qarabağın ən gözəl yerlərini görmüşəm və o yerlərin azad olunması üçün qan tökmüşük. O vaxtdan bir arzum var. Sərsəng su anbarının kənarında bir ev tikib ömrümün qalan hissəsini orada yaşayım.

– General mundirinizi geyinirsinizmi?

– Hazırda Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzində işləyirəm. Arabir rəsmi tədbirlərə dəvət olunduqda geyinirəm.
 
Siam.az
Tarix: 28-05-2020, 14:56
Xəbəri paylaş



Xəbər lenti