Avropa İnsan Haqları Məhkəməsi Ramil Səfərovla bağlı qərar çıxarıb: Azərbaycan erməni terrorçunun ailəsinə təxminən 15 min funt strerlinq təzminat ödəməlidir.
Qərarla bir işim yoxdur. Ölən şəxsin terrorçu olub-olmaması beynəlxalq hüquq üçün bir önəm daşımır. Məni Qurgen Markaryanın Azərbaycandakı “qohumları” maraqlandırır. Hansı ki, Qurgeni öldürdüyünə görə Ramili az qala edam etsinlər.
Əvvəlcə gəlin görək Ramil Səfərovun öldürdüyü Qurgen Markaryan necə bir insan idi. Tam qərəzsiz yazıram:
1. Q.Markaryan Ramili, ailəsini dəfələrlə təhqir edib;
2. Deyib ki, Qarabağda əsir götürdüyümüz azərbaycanlı qızları zorlamışıq, uşaqları doğramışıq, belə əcəb eləmişik!
3. Azərbaycanlıların qorxaq olduğunu deyib;
4. Təhqirlərini davam etdirərək, sonda Azərbaycan bayrağı ilə ayaqqabısını silib.
İndi gəlin ümumiləşdirək: uşaqları qətlə yetirməyi, qadın-qızları zorlamağı özünə ali məqsəd bilən bir insan kimdir? Belə adam sizin gözünüzdə nədir? Mənim gözümdə cinayətkar, terrorçudur. İŞİD terrorçusu ilə Qurgen Markaryan arasında heç bir fərq yoxdur. Terrorçu bir zehniyyətin yaşaması - üstəlik, düşməndirsə - bizə ziyandan başqa nə verə bilər axı? Kim zəmanət verir ki, o Markaryan sabah işğal altındakı Qarabağa gəlib gənc əsgərlərimizi şəhid etməyəcəkdi?
Əminəm, bu erməni terrorçusu müharibə zamanı ilk fürsətdəcə azərbaycanlı uşaqları xüsusi amansızlıqla öldürəcək, qadınları zorlayacaqdı. Axı Qurgenin qurbanları arasında sizin oğlunuz, bacınız, ananız da ola bilərdi. Onda xoşunuza gələcəkdi? Onda da Qurgeni müdafiə edəcəkdiniz? Axı bu adam özü etiraf edib: azərbaycanlılara verilən zülmdən böyük zövqlə danışıb. Bu vəhşi, qatil, terrorçu zehniyyətli insanın ölümü sizi niyə məyus edir? Qurgen qohumunuz, qardaşınız, əminizdir? Elədirsə, deyin, başsağlığı verək.
Ermənilər öz terrorçularına bu gün heykəl qoyur, abidə ucaldırlar. Siz isə sona qədər səbir nümayiş etdirən, düşmənə xəbərdarlıq edən bir zabitiniz haqqında ağzınızın zibilini tökməyə cəhd edirsiniz.
İkinci bir məsələ: Ramil Səfərov Qurgen Markaryanı yatdığı yerdə öldürməyib. Onunla üzbəüz söhbət edib, üzr istəməsini tələb edib, sonra da öldürüb. Və onu öldürməklə onlarla gənc əsgərimizin həyatını xilas edib.
Təkcə bu da deyil. Ramilin bu aktından sonra bütün erməni terrorçuları gördü ki, əməlləri cəzasız qalmır. Müharibə şəraitindəyik və bizdən psixoloji cəhətdən üstün olan düşmənə bu cür effektli zərbə vurmaq çox önəmli idi. Döyüş şəraitini görənlər bunun nə olduğunu yaxşı bilirlər. Ramilə, Mübarizə qədər səngərin üstündə silahsız gəzən erməni əsgərləri, zabitləri Aprel döyüşlərində qorxularından o səngəri qoyub qaçmışdılar. Bu, artıq psixoloji üstünlüyün nəticəsi idi.
İndi kimsə deyə bilər ki, Qurgen də bir insan idi, yaşamaq haqqı var idi. Düşünürəm ki, Xocalıdakı cinayətlərə haqq qazandıran, o əməlləri yenidən törətmək üçün yanıb-alışan bir erməni zabiti yaşamamalı idi. Və Ramil lazım olanı etdi.
Ramil Səfərov o baltanı təkcə Qurgenin başına yox, Azərbaycanla bağlı işğalçı planlar quran bütün düşmənlərin başına endirdi.
Onun qəhrəmanlaşdırılması məsələsinə gəldikdə isə bir şey demək olar: Ömürlük həbsi gözə alıb, dünyanı bir terrorçudan xilas edən insan qeyd-şərtsiz qəhrəmandır.
Müəllif Aqşin Evrən