Ay evlilər, yol verin… JALƏ MÜTƏLLİMOVA- SEYİDLİ YAZIR

 
Nə qədər özümü sıxdım, ha gözlədim gördüm alınmır. Uşaqlıqda quşatan dediyimiz oyuncağın durumundayam. Haçalanmış iki çubuğun ucuna bağlanan rezinə bükülüb atılmağa hazır tutulan daş qədər gərginəm. Həm də bu sözü jurnalist olan kimsə deməlidir artıq. Lap nəticənin ona baha başa gələ biləcəyini düşünsə də deməlidir. Bəlkə eşidən, duyan, reaksiya verənlər oldu.

 

Bir də nə yalan deyim bu yazacaqlarımı yazmağa sosial şəbəkədə bir həmkarın statusundakı bəzi fikirlər vadar elədi:

-Qulağımıza çatır, eşidirik, utanırıq. Bu ev məsələsində xeyli insan gerçəkdən çirkinləşir. Deyir arvadından boşanan kim, evini qayınanasının adına keçirən kim, bütün mülkünü öz adından çıxaran kim, hələ desən xəstə yatağına yalandan düşən kim…

…Və onlar böyük götürəndə bizik, jurnalistlər. Bir az çərçivəni daraltsaq həmkarlarımızdır.

Bütün bunları doğurdan evə ehtiyacı olanlar eləsəydi, adam deyərdi dərd yarıdır. Evi yoxdur min oyundan çıxır ki, nəsə eləsin. Lap düz olmayana da başını silkələyib, bəlkə, ayıbdır, demək də mümkün idi. Məsələnin mözcüzəsi bu ki, sadalananları evsizlər yox, bəzi evlilər eləyir, evlilər. Evi olmayanınsa ona görə evi yoxdur və ya elə indiyəcən olmayıb ki, o biçarə belə oynamağı bacarmır. Bircə şeyi anlamaq lazım. O dünyaya gedəndə kimsə evli eşikli yüklənib getmir. Bir az bezə bükülürük, ikicə metr də torpağa qoyurlar bizi. O da olsa. Yəni nəsibdirsə. Eləsi var heç onu yer də götürmür.

Qaldı sosial şəbəkədə bəzi həmkarların alışıb yanmasına, verilən mesajlara. İstəklər ona yönəlib ki, imkan verin bu mənzilləri doğurdan ehtiyacı olanlar alsın. Onların sayı sizdən, yəni evlilərdən qat-qat az, abırları və problemləri sizdən qat-qat çoxdur. Bir də narahatlıq doğuran daha bir məsələ. Verilməsi planlaşdırılan 200-dən artıq mənzilin axtarsanız 150 gerçəkdən də layiqli namizədi ola, ya olmaya. O səbəbdən sualın da biri bu ki, qardaş, minlərlə müraciət eləyənlər kimdir bəs? Niyə illərdir onların yarıdan çoxunu görüb eləyənimiz olmayıb? Bu qədər iddialılar ordusu ilə üz-üzə qalan dövlət və aidiyyatı qurumlar işin içindən necə çıxacaqlar? Nə isə əminəm ki, gələn ay bütün suallara ədalətli cavablar veriləcək.

Bir də qaldı o ki, bu ev mənədəmi lazımdır ya yox? Nə gizlədim, həm bəli, həm də xeyirdir cavabım.

İkisini də deyəcəyəm. Çünki üzümü qızardacaq, başımı önə əyəcək bir şey yoxdur ortada. Şərəflə yaşanmış bir həyatın, bir qadının gerçəkləri var. O gerçəklərin dadını soruşanınız olsa…Düzü bir az acıdır, bir az turşməzə və kəmşirin. Yəni nə desəniz dadır. Çünki yorğun olsam da yoruldum deməmişəm. Bezsəm də səbr eləməyi bacarmışam. Bəlkə daha heç bir gözləntim belə yoxdur, amma bu halda da ümidimi üzməmişəm. Və çətin də olsa prinsiplərimi hər şeydən uca tutmuşam. Bir də dünya malına görə hər şeydən beş əlli yapışmağı mənə heç kim prinsip olaraq bəyəndirə, sevdirə, qəbul elətdirə bilməyib. Heç sevgili Allahım da. İndi gələk səbəblərimə.

Bu ev mənə ona görə lazım deyil ki, ərimdən boşanıb ərsizəm deyim. Bu ev mənə o üzdən lazım deyil ki, əmlakımın sayı artsın. Bu ev mənə ona görə lazım deyil ki, oğluma ev düzəldirəm. Ya da kirayənişin saxlayıb, “evim yoxdur deyib”, dövlətə yalan satıb, əslində xırda biznes quram. Bu ev mənə ona görə lazım deyil ki, qapısına qıfıl vurum, illərlə ora gəlməyim. Bu ev mənə ona görə lazım deyil ki… Nə isə bu ev mənə çox şeyə görə lazım deyil. Cəmi bircə şeyə görə lazımdır. Yaşamağa görə, yaşamağa!..

Və həm də ona görə lazımdır ki, qızım normal çarpayıda, oğlum normal otaqda yatsın. Özüm hər gün altı nəfər üçün döşəmədə və divanda yer salıb, yük yığmaqdan qurtulum. Guya ki, az da olsa populyar, tanınan imzama baxıb pərt olmayım. Evimin çirkli divarındakı oğlan, qız telefon nömrələri ilə dolu “oboyları” daha görməyim. Övladlarımın canı bu çirkli divara yapışdırdıqları uşaq odaları rəsmlərinə hər dəfə arzularını bir az da genişləndirib qələmlə nəsə əlavə eləməkdən qurtulsun. Bu ev mənə ona görə lazımdır ki, bir gün övladlarımın qarşısında aciz-aciz dayanıb, bağışlayın balalar, mənim sizə təmiz və ləyaqətli addan, böyük və hər kəsə sevgi dolu ürəkdən, bir az dünyagörüşü və təhsildən başqa verəcək nəyimsə olmadı, deməyim. Söyləməyim ki, əzizlərim sizin hər on arzunuzdan doqquzuna yox deməli oldum, əfv eləyin. O üzdən birini beş, beşini on beş eləməyə can atan əziz həmkarlar, həmkarların sürücüləri, dostları, sahib olduğu peşənin üst qurumlarını tanımayanlar, məsələn KİVDF-ni “Kividifi” yazan və eləcə də tələffüz eləyən bəzi media adamları. “BT” deyən təşkilatda biabırçılıq çıxaranlar, evə görə arvadını boşayanlar, mülkünü adından çıxaranlar, xəstə yatağına yalandan girənlər, haqqım var deyib hikkə edənlər, “nəyim əksikdir?!”iddiası altında dayananlar bircə dəfə əlinizi insafınıza, vicdanınıza, varsa ədalətinizə söykəyin. O gerçəkdən də varsa mütləq sizə nəsə deyəcək, yönəldəcək. Yönədinizmi mütləq ədalətli qərar verəcəksiniz. Ən azından çalışdığınız kollektivdəki evsizlərə görəcəksiniz. Ayda aldığı 500 manatın 250-ni köhnə evdə, kirayədə yaşamaq üçün ödəyən həmkarınızın acizliyini, çıxılmazlığını görəcəksiniz. Bəlkə onda gerilədiniz. Bəlkə onda dövlətin çox uğurlu layihəsi olan bu mənzil məsələsindən gerçək ehtiyacı olanlar bəhrələndi.

Bir də mənim məsələyə öz ədalətim. Bilmirəm nə qədər layiqəm, bilmirəm haqqım çatırmı, bilmirəm ixtiyarım var, ya yox?! O üzdən əvvəlcə hər kəsdən, lap o evin binasına daş qoyan usatadan, bağında işləyən fəhləsində də üzr istəyirəm. Və deyirəm ki, bu mənim yox, övladlarımın problemlərinin həll edilməsi üçün istəyimdən doğan etirazdır. Bir də düzünə qalsa mənzilsizlik artıq mənim şəxsi problemim deyil, həyat tərzimdir. Acı həqiqətdir, amma həqiqətdir. Və mən mənim kateqoriyadan olan jurnalistlərin bu həyat tərzini övladlarının da mənimsəməsini istəmirəm. Bu ev mənə, mənim kimilərə buna görə lazımdır. Övladının ev deyə problemi olmasın deyə.

Bu yazını da o üzdən yazdım ki, iyulun 22-dən sonra kimlərin dəxilindən hansı ittihamlar və yazıların çıxacağını, nələrin deyiləcəyini iyirmi üç illik jurnalist təcrübəsi proqnozlaşdırmaq bacarığı verib. O üzdən elə indidən yazdım. Bircə diləyim də bu ki, ədalət qələbə çalsın, layiq olanlar, layiq olub həm də ehtiyacı olanlara yol versin. Çünki vallahi və billahi bu dünyada hər şey insanların insafına, vicdanına və nəfsi ilə mübarizə aparmaq bacarığına görə müəyyənləşir. O üzdən mən lap elə bu gündən, bax bu yazıdan sonra həyatı və dünyanı qınamaqdan vaz keçirəm. Allah insanlığa yol versin…

Tarix: 26-05-2020, 23:37
Xəbəri paylaş



Xəbər lenti