"Mən həyatım boyu onlarla adama əl tutmuşam, ev, torpaq almaqda kömək etmişəm. Bu İbrahim Hüseynova da çalışmışam kömək edim. Oğurluq, müxtəlif cinayətlər edib, min dənə oyundan çıxıb. İndi də haqqında Sabunçu polisində cinayət işi var. Düşüb üstümə ki, mən buna kömək etməliyəm. Mən axı ona necə kömək edə bilərəm? Onun 25 yaşı var, evini alıblar? Getsin versin məkhəməyə, iddia qaldırsın".
Bunları keçmiş deputat, uzun illər polis rəisi olmuş Cahangir Hüseynov "AzPolitika.info"-ya açıqlamasında bildirib. Keçmiş deputat İbrahim Hüseynov adında oğlu olmadığını bildirib: "Mənim 5 övladım olub, birini itirmişəm, amma onlarla uşağa mənəvi cəhətdən böyüklük, köməklik eləmişəm, amma atalıq yox. Atalıq bioloji məsələdir. Onun şəxsiyyət vəsiqəsinə baxın, orada ata adı "İlqar oğlu" yazılıb. 15 yaşından sonra mən onu himayəmə götürmüşəm".
Xatırladaq ki, İbrahim Hüseynov mətbuata, o cümlədən "AzPolitika.info" saytına şikayətində bildirib ki, onun anası və keçmiş deputat Cahangir Hüseynov birləşərək ona doğma atasından miras qalan evi satıblar. O, iddia edib ki, C.Hüseynov anası ilə evləndikdən sonra soyadını ona verib, daha sonra Bakı şəhərində yerləşən mənzilini ələ keçirib. İ.Hüseynov keçmiş deputatdan evini tələb etdiyini bildirib.
Cahangir Hüseynov isə deyir ki, onun tikinti şirkəti olub, yüzlərlə ev tikib: "Mən bu yetim İbrahimin evini niyə əlindən alım? Mən 30 il polisdə işləmişəm, 20 il siyasətdə olmuşam. İbrahim kimdir ki, mən bir yetim uşağın evini əlindən alıram? Hərbi xidmətdən 2 dəfə qaçıb, kömək eləmişəm, həbsə düşməyib. İndi yalandan deyir aprel döyüşlərində iştirak etmişəm. Mən aparıb onu Türkiyədə məktəbə qoymuşam, oxumayıb, Antalyada işə düzəltmişəm, getməyib, işləməyib. Odessada yaşayan qardaşının yanına göndərmişəm, 20 gündən sonra qayıdıb üstümüzə gəlib. Burada Cahangir Hüseynovun adından istifadə edir axı! Mənim elə bir oğlum yoxdur. Bunlar 2001-ci ildə mənə rast gələndə, artıq evlərini satmışdılar. İki dəfə nişanlanıb, qız tərəf onu polisə verib. İndi də haqqında cinayət işi var, oğurluq edib, indi də mən onu xilas etməliyəm?!".
İbrahim Hüseynovun anası Aygün Hüseynova da "AzPolitika.info" saytına bildirib ki, oğlunun Cahangir Hüseynova ittihamları tamamilə əsassızdır: "20 il bundan əvvəl satılan evdən Cahangir müəllimin xəbəri yoxdur. Evi mən almışam, mən də satmışam. O zaman heç Cahangir müəllimlə evli olmamışam. Həyatdır, çətinlikdir, ehtiyac olub satmışım. İbrahim mənim oğlumdur, canımdır, bu öz yerində. Amma indi onu başdan çıxarırlar, aldadırlar... Biz ona dəflərlə ev aldıq, dedik, işlə, ailə qur, toyunu edək, vaxtı gələndə evi də keçirərik adına. Bunların heç birini etmədi. Cahangir müəllim də, mən də bir ana kimi onu normal həyat qurması üçün əlimdən gələn hər şeyi etmişəm. Amma o bunun heç heç birini dəyərləndirməyib, öz əməllərindən əl çəkməyib. Hətta hərbi xidmətdə inauqurasiya zamanı bizi maşında qoyub qaçmışdı, bütün hərbi hissə heyəti üstümüzə gəldi... Hansı birini deyim..."
"AzPolitika.info"