Artıq əksər dünya ölkələrində karantin tədbirləri yumşaldılır.
Ölkələr sərhədlərini açır, turizmin bərpası müzakirə olunur. Amma ölkələrə giriş-çıxışla bağlı xüsusi qaydaların da hazırlanacağı istisna edilmir. Məsələn, bir sıra ölkələrdə əcnəbi turistlərdən koronavirus testinin nəticələri tələb edilə bilər. Yəni cavabları neqativ olan şəxslər karantinə alınmadan ölkəyə buraxılacaqlar.
Bu zaman test ölkəyə giriş tarixindən 4 gün əvvəl edilməli, testi edən xəstəxana ilə bağlı məlumatlar tam aydın qeyd olunmalıdır. Artıq bir sıra ölkələr bu qaydaların tətbiqi barədə ortaq fikrə gəlib. Belə olacağı təqdirdə Azərbaycandan da xaricə gedəcək şəxslərdən sözügedən test nəticəsi tələb oluncaq.
Bəs hazırda Azərbaycanda koronavirus testləri hansı xəstəxanalarda aparılır? Yoxlamadan keçənlərə hər hansı sənəd verilirmi?
Professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında bildirib ki, koronavirus testinin aparıldığı xəstəxanalardan biri 1 saylı Kliniki Tibbi Mərkəzdir:
“Xaricə gedənlər, bilet alanlar orda testdən keçə bilərlər. Onlara nəticələrlə bağlı sənəd təqdim edilir. Özəl xəstəxanalarda belə bir xidmət yoxdur. Bundan başqa yəqin ki, sərhədlərdə hər bir dövlətin yoxlama kriteriyaları olacaq. Yerində həmin şəxslərin hərarəti, koronavirusun digər əlamətlərinin yoxlanması mümkündür”.
Xatırladq ki, hazırda Azərbaycanda koronavirus testindən keçən şəxslərə nəticələr həm də SMS vasitəsilə göndərilir.