Yüz ailənin yaşadığı yüz problem: Keçilməz yollar, kanalizasiyasız ərazi (VİDEO)


bitmap-img6




Bura Sumqayıt şəhəri, BTZ bağları yaşayış massivinin 7 və 9-cu məhəlləsidir. Ərazidə təxminən, 100 ailə yaşayır. Sakinlərin sözlərinə görə, məhəllənin problemləri saymaqla bitmir.

Kanalizasiya xətti olmadığından hər bir şəxs öz həyətinə dərinliyi 10, eni 3 metr olan quyular qazdırmaq məcburiyyətində qalıb. Hər ayın sonunda vətəndaşların müraciəti əsasında həmin çirkab suları ödənişli şəkildə xüsusi avtomobillərə yığılaraq daşınır. Qış aylarında isə bu hal daha dözülməz olur. Yağış yağan zaman kanalizasiya quyularından çıxan su yollara və zaman-zaman evlərin həyətlərinə dolur. Quyuların bəziləri həyətlərdə, digərləri isə elə yolun sağ və sol istiqamətlərində qazılıb.

Sakinlər deyir ki, kanalizasiya xəttinin olmaması səbəbindən azyaşlılar həyətə çıxa bilmir. Vətəndaşlar problemlərini Sumqayıt Şəhər İcra Hakimiyyətinə və "Azərsu” ASC-ə bildirsələr də, onlara verilən cavab heç də ürəkaçan olmayıb. Bildirilib ki, ərazidə kanalizasiya xəttinin çəkilməsi üçün külli miqdarda vəsait lazımdır. Bunun üçün onlarda nə pul var, nə də lazımi material.

"Azərsu” ASC-nin Sumqayıt Sukanal idarəsinin rəisi İlqar Abdullayev Baku TV-yə bildirib ki, mövcud problemdən xəbərdardır. Ancaq "2021-2022-ci il Sumqayıt şəhərinin Su və kanalizasiya xəttlərinin yenilənməsi ilə bağlı Dövlət proqramı” üzrə layihə hazırlanır. Layihə həyata keçirləcəyi təqdirdə həmin ərazilərə yeni xəttlər çəkiləcək.

Qeyd edək ki, hər iki məhəllənin problemi bununla da bitmir. Yolların tam asfaltlanmadığından küləkli havada toz, yağışlı günlərdə isə palçıq əskik olmur. Bu da sakinlərin, eləcə də avtomobillərin hərəkətinə ciddi maneə yaradır.

Bunlarla yanaşı, sakinlər BTZ bağlarının 7 və 9-cu məhəlləsinə yeni telefon xəttinin çəkilməsi ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər. Lakin bu da həllini tapmayıb.

Mənbə: Oxu.az



Tarix: 24-05-2020, 20:37
Xəbəri paylaş



Xəbər lenti