Araşdırmaçı jurnalist Cavanşir Həsənli Elmar Məmmədyarovla bağlı yaydığı bir məlumata görə oxucularından üzr istəyib. Sən demə, Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda oğluna bir ev almayıbmış. Ovqat.com xəbər verir ki, jurnalistin dünən axşam öz facebook səhifəsində paylaşdığı həmin “
üzrxahlıq mesajı”nda bildirib:
“Əziz dostlar, xarici işlər naziri Elmar Məmmədyarovla bağlı yaydığım məlumata görə üzrxahlığımı bildirirəm. Ona görə ki, bundan əvvəl yaydığım məlumat natamam idi və əslində XİN rəhbəri oğlu Emin Məmməyarovun adına Nyu-York, Riverside Boulevard 120 ünvanında bir deyil, 2 mənzil alıb.
Mənzillərdən biri
2015-ci il iyunun 9-da, digəri isə bundan 3 həftə sonra - iyulun 1-də alınıb.
Məmmədyarovlar ailəsi birinci mənzilə
2 milyon 200 min, ikinci mənzilə isə
2 milyon 50 min dollar ödəyiblər. Çıxarışlardan da göründüyü kimi mənzillər fərqli əmlak şirkətləri vasitəsilə əldə olunub. Yəni ümumilikdə 4 milyon 250 min dollar!
Sizə aşağıda
Nyu York şəhər Maliyyə Departamentinin mənzillərdən birinə aid 2015070B00529001 nömrəli sənədini (Şəhər Qeydiyyat idarəsindən çıxarış) təqdim edirəm.
Sənəddə mənzilin dəyərinin tam ödənildiyini əksini tapıb. Azərbaycanın xarici işlər naziri və xanımı Kamilə Məmmədyarova (qeydiyyat məlumatlarında Kyamilya B Mamedyarova) da bu mənzillərdə qeydiyyatdadırlar.
Baxaq, XİN bu sənədə nə cavab verəcək?”
Sual oluna bilər:
ölkənin ən təmiz naziri kimi tanıdığımız Elmar Məmmədyarov bu evləri neçə aylıq maaşı ilə alıb? Gəlin, hesablayaq: 4 milyon 250 min dollar bizim pulla 7 milyon 225 min manat edir. Elmar Məmmədyarovun aylıq maaşı isə
Prezidentinin 10 avqust 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamıyla müəyyənləşdirilib. Həmin sərəncama əsasən, nazirlər
1925 manat maaş alır. Yerli və beynəlxalq qanunvericiliyə əsasən, nazirlərin, iri məmur və deputatların biznes fəaliyyətilə məşğul olması da qadağandır. Deməli Elmar Məmmədyarov həmin evi maaşıyla alıb. Bəs, Nyu Yorkdakı iki evin qiyməti neçə aylıq maaş edər?
4, 250, 000 X 1.7 = 7, 225, 000 manat.
7, 225, 000 / 1925 = 3, 753 ay.
3, 753 /12 = 313 il.Bəli, hardasa 313 il. Üstəlik, Elmar Məmmədyarovun bir yox, iki oğlu var. Riad adlı digər oğluna da eyni gözlə baxıbsa, bu
626 illik maaş edər.
Niyə təəccüblənirsiniz? Tövrata görə, Nuh peyğəmbər 950 il yaşayıb.
Nuh peyğəmbər 950 il yaşaya bilər, Elmar Məmmədyarov 626 illik maaşı ilə övladlarına ev ala bilməz?