İş adamı Zakir Fərəcovu ifşa etdi: “…həmin pulu nə vaxt və kimə ödəyib?”

           
İş adamı Zakir Fərəcovu ifşa etdi: “…həmin pulu nə vaxt və kimə ödəyib?”
İş adamı Zakir Fərəcovun əməllərinə hüquqi qiymət verilməsini tələb edir

İş adamları ilə Sumqayıtın icra başçısı Zakir Fərəcov arasında yaşanan milyonluq borc qalmaqalı getdikcə, daha da böyüyür. 2016-cı ildən davam edən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi ətrafında baş verənlərdən dolayı rəsmi qurumlara edilən müraciətlərə də məhəl qoymadığı deyilən icra başçısının əsas arqumenti pulun ödənilməsini iddia etməsidir.

Lakin Bulvarın tikintisini həyata keçirən şirkətin rəhbəri, iş adamı Müqayis Verdiyev Zakir Fərəcovun dediklərini nəinki təkzib edir, hətta onu yaıançılıqda ittiham edir.

Jamaz.info-ya açıqlama verən Müqayis Verdiyev prosesin detallarını açıqlayıb. O deyir ki, Sumqayıt Dənizkənarı Bulvarın tikintisini o və daha bir neçə sahibkar həyata keçirib. “Həmin layihə çox böyük idi. Bizim gördüyümüz işin smeta dəyəri 12,8 milyon manat idi. Tikinti işləri nəzərdə tutulduğu vaxtda, yəni 2016-cı ilin avqustunda başa çatdı.

Həmin işlərin görülməsi üçün 123 min kv.metr ancaq tamet daşlar döşənib. 19 min kub metr betondan istifadə etmişik. Mən hələ digər istifadə olunan tikinti materiallarını sadalamıram. Bütün bu işləri görmək üçün isə 3 milyon 460 min manat nağd, 10 min manat da köçürmə yolu ilə pul ödənilib. Həmin 10 min manatı da “Avromed” şirkəti ödəyib. Yerdə qalan pulu isə 4 ildir ala bilmirik. Ümumilikdə, Sumqayıt Bulvarının tikintisində onlarla şirkət və 600 nəfərə yaxın fəhlə işləyib”.

Müqayis Verdiyev deyir ki, Zakir Fərəcov bu puldan əlavə 1 milyon 50 min manat da fəhlələrə ödəyib. “Zakir Fərəcov super yalançıdır. İddia edir ki, guya, pulu ödəyib. İndi sual edirəm ki, həmin pulu nə vaxt və kimə ödəyib? Yalanın da bir həddi var. Bu qədər yalan olmaz. Ödədikləri ortadadır, sənədnən, sübutnan. Komissiya təşkil etsinlər sübut edim ki, Zakir Fərəcov bizim pulu yeyib, üstündən də su içib. Yuxarıları da aldadır ki, guya, pulumuzu verib”.

İş adamı bildirir ki, Zakir Fərəcov Bulvarın tikintisinə ayrılmış pulları “otkat” yolu ilə özünə götürüb. “Bunun başqa adı yoxdur. Dövlət pul ayırır, vəsait verir, Zakir Fərəcov da həmin pulları özünə götürür. Biz evlərimizi, maşınımızı girov qoymuşuq və bu gün də əmlakımız girovdadır. Amma Zakir Fərəcov məhz həmin Bulvarda prokuror işləyən oğluna restoran tikdirir. Müavini Gündüz Əliyev tennis kortu inşa etdirir. Qanun dövlət məmurunun bizneslə məşğul olmasını qadağan edir. Amma bu adamlar qanuna məhəl qoymur. Dövlətin pulu ilə özünə sərvət toplayan məmur məmur deyil, dövlətin düşmənidir”.

Müqayis Verdiyev iş prosesi maraqlı məqamlar da açıqlayıb. O deyib ki, Zakir Fərəcov Bulvarın tikintisi ilə bağlı maliyyə məsələlərini həmin vaxt müavini olan, indi isə memarlıq şöbəsinin müdiri Adil Xudadatova həvalə edibmiş. “Adil Xudadatov Zakir Fərəcovun kassiri sayılır. Görülən işlərə görə maliyyə məsələlərini də Adil həll edirdi. Hər dəfə pul lazım olanda Adil deyirdi ki, Zakirin tapşırığı ilə obyektlərdən, tikintilərdən pul yığıb gətirir. Mənə maraqlıdır ki, niyə obyektlərdən pul yığılmalıdır? Niyə iş adamları talanmalıydı? Bəs, dövlətin ayırdığı pulları Zakir Fərəcov hara “xərc”ləyib? Bunun özü talançılıq, dövlət malına göz tikmək deyil ki. Biz işə başlayanda dövlətin vəsaiti əsasında tikinti aparacağını düşünürdük. Haradan biləydik ki, Zakir Fərəcov dövlətin pulunu cibinə qoyub, sahibkarlardan xərac toplayaraq, Bulvar tikəcək”.

Sahibkar vurğulayır ki, 2016-cı ildən bu günə qədər pullarını ala bilmirlər. “Zakir Fərəcov min hoqqadan çıxır ki, pulumuzu verməsin. Gah deyir ki, ödəmişəm. Gah deyir ki, təkrar audit keçirib, yerdə qalan məbləği müəyyən edərək, pulu ödəyəcək. Yuxarı dairələri də bu şəkildə aldatmağa çalışır. İndi ondan soruşan yoxdur ki, pulu harada və kimə ödəmisən. Əgər ödəyibsə, bircə kağız, sənəd ortaya qoysun”.

Verdiyev bildirir ki, Zakir Fərəcov ödənilməli olan pulun 30 faizini onlardan tələb etməkdən də çəkinməyib. “Bu adam əvvəlcə pulu verməkdən boyun qaçırdı. Sonra yalanı üzə çıxandan sonra sahibkarları yanına çağırıb, ağlıycan anlaşma əldə etmək istədi. Şərti də bu idi ki, həmin pulun 30 faizini ona versinlər. Təbii ki, heç kim şərti qəbul etmədi. Bundan sonra başladı təhdidə. Bizi həbs etdirəcəyini, gedər-gəlməzə göndərəcəyini söylədi. Hətta Sumqayıt polis və prokurorunun hazır dayandığını da vurğuladı. Bu təhdidlərin faydası olmadı. Bu gün heç kim bir addım da olsa geri çəkilməyib. Çünki biz öz halal haqqımızı tələb edirik və sona qədər də davam edəcəyik”.

İş adamı söyləyir ki, Zakir Fərəcovun əməllərinə hüquqi qiymət verilməlidir. “İndiyə qədər danışmamağımın səbəbi abır-həya gözləməyim idi. Düşünürdüm ki, Zakir Fərəcov bəlkə özündə təpər tapıb, haqqa gələ. Lakin görünən odur ki, Fərəcov yol gözləyən, abır bilən biri deyil. Bu adamın əməlinə hüquqi qiymət verilməlidir. 700 nəfərə yaxın insanın haqqını yemək ədalət deyil. Və bu haqsızlıq qiymətin almalıdır. Bununla bağlı dəfələrlə rəsmi qurumlara müraciət etmişik.

Təəssüf ki, həmin müraciətlərimiz araşdırılması və cavablandırılması üçün təkrar Sumqayıt İcra Hakimiyyətinə göndərilir. Bizim şikayətimiz Zakir Fərəcovdandır. Aydındır ki, belə olanda Sumqayıt İcra Hakimiyyəti Zakiri qoyub, bizim tərəfimizi saxlamayacaq. Daha bunun harası araşdırma oldu?”

“Biz çıxılmaz vəziyyətdəyik” deyən Müqayis Verdiyev bildirir ki, girov qoyduqları əmlaklarının pulunu ödəyə bilmirlər. “Biz bu yalançıya ümid olub üzərimizə düşən işləri gördük. İndi əmlakımız girovdadır. Ödəniş də edə bilmirik. Zakir Fərəcov da hər vəchlə, yalan-dolanla pulumuzu verməkdən boyun qaçırır. Nə qədər boyun qaçırırsa, qaçırsın.

Biz sonadək haqqımız uğrunda mübarizə aparacağıq. O pul bizə ödənilməyənə qədər hüquqi müstəvidə mübarizəmiz davam edəcək”.
Qeyd edək ki, Müqayis Verdiyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı bir çox maraqlı detallar da açıqlayıb. Bununla bağlı yaxın günlərdə iş adamının dediklərini yayımlayacağıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Tarix: 21-05-2020, 11:08
Xəbəri paylaş



Xəbər lenti