Azərbaycan hakimiyyətini bir zamanlar müdafiə edən, daha sonra ölkədən mühacirətə gedən Maqsud Mahmudov Ukraynadan Azərbaycana ekstradisiya olunub.
Bu barədə Criminal.az-a Lukyanovski həbsxanasından məlumat daxil olub.
Bildirilir ki, M.Mahmudov bu gün Azərbaycana ekstradisiya olunmaq üçün həbsxanadan aparılıb və bir daha ora qayıtmayıb.
Rəsmi qurumlar tərəfindən hələlik heç bir açıqlama verilimir.
Qeyd edək ki, Maqsud Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb. Bir müddət əvvəl onun qızılları ölkədən götürüb qaçması, zərərçəkənlərin polisə şikayət etməsi ilə bağlı dövrü mətbuatda xəbərlər də dərc olunmuşdu. M.Mahmudov daha əvvəl fırıldaqçılığa görə həbsdə də olub. Xatırladaq ki, ölkəni tərk edən müddətədək M.Mahmudov prezident İlham Əliyevə olan rəğbəti ilə tanınırdı. Hətta müxalifətin mitinqlərinə çıxaraq ''Yaşasın İlham Əliyev!'' şuarları səsləndirərək aksiyanı pozmağa, iştirakçılarda qəzəb formalaşdırmağa cəhd edirdi.
Daha sonra Criminal.az onun əslində kim olduğunu, nəyə görə məhkum olunduğunu araşdırdı və məlum oldu ki, bir neçə il əvvəl M.Mahmudov qaynından qisas almaq üçün öz xanımının intim görüntülərini məhkəmə binasına yapışdırıb. Bundan başqa onun psixopat olması ilə bağlı ekspert rəyi var. Məhz bu yazılardan sonra M.Mahmudov ölkəni tərk edərək xaricə qaçdı, oradan dövlət başçısına və yüksək vəzifəli məmurlara qarşı təhqirlər yağdırmağa başladı.