Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin direktoru 6 məcburi köçkün ailəsinin 611 baş xırdabuynuzlu heyvanını öz sürüsünə qataraq qaytarmaq istəmir.
Hit.Az xəbər verir ki, bu iddia ilə 4-ü Kəlbəcər rayonundan, 1-i Xocalı rayonundan, 1-i isə Laçın rayonundan məcburi köçkün ailəsi “Yeni Sabah”ın redaksiyasına müraciət edib.
Müraciətdə bildirilir ki, Mustafazadə Cabir İslam oğlu Goranboy rayonunun Bölük kəndində yaşayır. Maarif Hüseynov tərəfindən qaytarılmayan 611 qoyunun 245-i ona məxsusdur, qalanları Vahid, Mürşüd, Natiq, Əlizadə, Elizadə adlı şəxslərə məxsusdur.
Şikayətçilər deyir: “Maarif Hüseynovun adamları olan Səfər və Məhəbbət adlı qardaşlar pul qarşılığında vəd veriblər ki, heyvanlarınızı gətirin Ağcabədi rayonunun Təzəkənd ərazisində olan qışlaq yerimizdə saxlayın. Bundan sonra qardaşlar bizim hərəmizdən 2 min manat alaraq mart ayının 21-i tarixindən qoyunlarını həmin otlaq sahəsində otarmağa razılıq veriblər. Sonradan bizə məlum olub ki, həmin otlaq sahələri Qarabağ Atçılıq Kompleksinin müdiri Maarif Hüseynova məxsusudur.
15 may 2020-ci il tarixdə Səfər və Məhəbbət qardaşları Maarif Hüseynovun tapşırığı ilə gəlib bizə məlumat verib ki, qoyunları qırxdırmaq istəyirsizsə, Maarif müəllimə məxsus qırxım yeri var. Gətirin heyvanlar qırxılsın, əziyyət haqqı olaraq qoyunun yunu bizə qalsın, heyvanlarınızı isə götürün aparın.
Bundan sonra 600 baş heyvan aparılıb qırxılıb. Qırxılandan sonra heyvanlara birkalar vurulub ki, bunlar dövlətin balansında olan heyvanlardır. Fermerlərdən Vahid etirazını bildirsə də, Maarif Hüseynovun 20-dən çox çobanı ona təzyiq göstərərək deyib ki, heyvanlar birkalanıb nişanlanmalıdır.
Bundan sonra əlacsız qalaraq DİN-nin qaynar xəttinə şikayət etdikdən sonra Ağcabədi RPŞ-nə ərizə yazmışıq. Ancaq polis şöbəsində ərizələrimiz alınsa da bildirildi ki, məsələni rayon prokurorluğu araşdıracaq. Ancaq may ayınını 16-da Səfər və Məhəbbət adlı şəxslər polis şöbəsində izahat verən zaman etiraf etdilər ki, həqiqətən heyvanlar qırxım adı ilə gətirilib, ancaq Maarif müəllim onlara tapşırıq verib ki, qırxımdan sonra heyvanları birkalayın qatın digər sürüyə.
Artıq M. Hüseynov heyvanları öz heyvanları kimi çobanlarının əlində saxlayır. Bundan sonra Maarif Hüseynovla görüşsək də o dedi ki, Səfər ilə Məhəbbət dələduzdur. Məndə dövlətin 1000 baş qoyunu var, onların tam yerində olmasına məsul şəxsəm.
Qeyd edək ki, həmin birkalanan heyvanların təzə doğulmuş 45 südəmər balası var, onlar ana südü ilə qidalanır. Artıq onların bir neçəsi acından ölüb. Biz sübut olaraq komissiya təşkil olunmasını istəyirik, həmin quzuları birkalanmış heyvanların arasına buraxılsın, bundan sonra məlum olacaq ki, həmin quzular birkalanan heyvanların balalarıdır”.
Qeyd edək ki, adları sadalanan 6 fermer hüquqlarının bərpa olunması üçün artıq prezident İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayevə rəsmi olaraq müraciət ünvanlayıblar. Onlar Maarif Hüseynovun oğlu Hacıqabul Rayon Polis Şöbəsinin rəisi Məmməd Hüseynova arxalanaraq belə qanunsuz addımlar atdığını bildirirlər.
Dünən isə artıq Ağcabədi Rayon İcra başçısı fermerlərin problemini araşdırmaq məqsədi ilə Maarif Hüseynovu qəbuluna çağırıb. Fermerlər də qəbula düşmək istəyiblər, lakin icra başçısı onları qəbul etməyib.
Baş vermiş məsələ ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsi ilə əlaqə saxlanıb. Polisdən bildiriblər ki, artıq faktla bağlı mənimsəmə maddəsi ilə cinayət işi başlanıb və Əliyev Məhəbbət Yusif oğlu təqsirləndirilən şəxs qismində saxlanılıb. Polis şöbəsindən həmçinin onuda bildirdilər ki, cinayət işi rayon prokurorluğunda araşdırılacaq.