Gürcüstan polisinin azərbaycanlılara “torba tikmə” əməliyyatı

Son 3 ildə yüzlərlə Azərbaycan vətəndaşı qurama narkotik ittihamı ilə həbsə atılıb

Həsənov Etibar Məmməd oğlu Qazax rayonunun, Qarapapaq kənd sakinidir. “Hürriyyət”ə dediyinə görə, son illər taksi fəaliyyəti ilə məşğul olub və Bakı şəhərindən “Qırmızı körpü”yə, eləcə də əks istiqamətdə müştəri daşıyıb. İddia edir ki, 2017-ci ilin iyul ayında Gürcüstanda qurama narkotik ittihamı ilə saxlanılıb. Onun sözlərinə görə, gürcü polisi ilə əlbir olan bir qrup Gürcüstan əsilli azərbaycanlı ona, eləcə də çox sayda Azərbaycan vətəndaşına “torba tikib”.

Etibar Həsənovla Qazaxda görüşüb, onun bu iddialarının nə dərəcədə əsaslı olduğunu araşdırmağa çalışdıq. Həmsöhbətim başına gələnləri tam çılpaqlığı ilə “Hürriyyət”ə danışdı. Onunla söhbətimizi olduğu kimi oxucularımıza təqdim edirik:

“Sərbəst güləş üzrə Azərbaycan idman ustasıyam. Ali təhsilliyəm, iki institut bitirmişəm. 1994-cü ildən 1998-ci ilə qədər – 5 il müddətinə Prezidentin xüsusi təyinatlı hərbi hissəsində xidmətdə olmuşam.

Mən son illər Bakı şəhərindən “Qırmızı körpü”yə, eləcə də əks istiqamətə taksi fəaliyyəti ilə məşğul idim. 2017-ci il, iyul ayının 13-də bir nəfər Bakıda mənə yaxınlaşdı ki, Tiflis şəhərini yaxşı tanıyırsan, məni xəstəxanaya apara bilərsən? Dedim, tanıyıram, apararam. Gediş qiymətini razılaşdıqdan sonra o, dərhal beh verdi ki, təcili getməliyəm, xəstəm var. Dedi ki, gecə saat 2-də məni Xırdalan şəhərindən götürə bilərsən? Dedim götürərəm. Nömrəmizi bir-birimizə verdik, dedi ki, hazır olanda zəng vuracam. Gecə saat 3-də zəng vurdu ki, gəl məni götür…

O, Tiflisə qızı ilə birgə gedirdi. Mənə dedi ki, adım Namiqdir, Rusiyadan deport olunmuşam, ikili vətəndaşam, həm Rusiya, həm də Azərbaycan vətəndaşıyam. Qızının adı isə Natella idi.

..Saat 4 radələrində Bakını tərk edib, Qazaxa yola düşdük. Azərbaycan gömrüyünə çatanda bu şəxs maşından düşdü, dedi ki, siqaret alıb piyada keçəcəm o üzə, sən də gəl, ordan gedək. Mən düşəndə dedim ki, hava istidir, qoy qızın maşında keçsin, başına gün dəyməsin. Dedi yox, narahat olma, biz keçəcəyik, sən də gəl.

Mən ona inandım, heç ağlıma gəmədi ki, belə bir hadisə ola bilər. Maşınımı həm Azərbaycan, həm də Gürcüstan gömrüyündə yoxladılar, heç bir problem olmadan sərhədi keçdim. Gürcüstan ərazisinə daxil olan kimi ona zəng vurdum ki, hansı tərəfdəsən. Dedi, gözlə gəlirəm. Amma bu zaman məlum oldu ki, gürcü polisləri orada hazır vəziyyətdə məni gözləyirmişlər. Maşınımı saxlayıb, dərhal əlimi qandalladılar. 8 nəfər polis işçisi idi. Dedilər ki, sən cinayətkarsan. Dedim, siz hardan bilirsiniz ki, mən cinayətkaram, ya yox?! Dedilər, bizə zəng gəldi ki, Bakıdan belə bir maşın gəlir, içində narkotik maddə var. Mənim bundan artıq danışmağıma imkan vermədilər, ağzımı bağlayıb, “BMW X5” markalı maşına basdılar…

“Məni həbs edənlərin hər biri erməniyə oxşayırdı…”

Etibar Həsənov

Əslində onların hər biri erməniyə oxşayırdı. Çünki məni bir terrorçu kimi saxladılar, dedilər ki, sən ağır cinayətkarsan. Məqsəd də o idi ki, guya bir cinayətkarı saxlayıblar, dövlət də onlara mükafat versin, vəzifələrini artırsın və s.

…Məni maşına basdıqan az sonra bir nəfər qadın gəlib qabaqda əyləşdi. O, Azərbaycan dilində danışmağa başladı. Bu zaman ondan xahiş etdim ki, mənə kömək elə, günahsızam, şərə düşmüşəm. Dedi ki, nə şərə düşmüsən, sən Gürcüstana narkotik gətirirsən, boynuna al.

Qeyd edim ki, maşınımda axtarış aparan zaman ilk olaraq oturacağın altına əl atıb, həmin psixiatrik dərmanları ordan çıxarmışdılar. Yəni dərmanların hara qoyulduğu haqda əvvəlcədən polisə dəqiq məlumat verilmişdi. Odur ki, “axtarış” heç bir dəqiqə çəkmədi.

…Sonra polislər mənə dedi ki, qorxma, biz sənə kömək edəcəyik. Yəni bunlar nə çəkiliş etdilər, nə ekspertin cavabını verdilər, elə bil belə bir şey olmayıb. Mənə dedilər ki, biz səninlə razılaşırıq, sən günahsızsan və biz sənin azadlığa çıxmağını istəyirik, amma bunun üçün dövlətə pul verməlisən.

Mən 9 ay Gürcüstan həbsxanasında yatdım. 6 ay bu işi boynuma almadım. Sonra vəkilim dedi ki, bizim qanunlar fərqlidir, sən boynuna almasan, ən azı 12 il həbs verəcəklər. Ancaq desən ki, bilməmişəm, səhv etmişəm, boynuna alsan, səni buraxdıracam.

Mənim başqa çarəm yox idi. Çünki hara müraciət etdimsə, kömək edən olmadı. Dəfələrlə Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət etdim ki, məni şərləyiblər, günahsız yerə həbs ediblər. Onu da məlumat verdim ki, bur cür qruplaşma var, vətəndaşlarımızı gətirib burda həbs etdirirlər. Ancaq səfirlikdən heç bir reaksiya olmadı, heç maraqlanmadılar ki, mən doğru deyirəm, yoxsa səhv danışıram və s. Səfir Dursun Həsənov bir nəfər rəsmi şəxs göndərsəydi ki, məni dinləsin, hüquqlarımın qorunmasına yardımçı olsun, onda bəlkə də hər şey fərqli olacaqdı…

“Heç bir günahım olmadığı halda, hər şeyi “boynuma almağa” məcbur oldum”

Vəkil Marina Çimçadze dedi ki, boynuna alsan, səni 2 aya azad etdirəcəm. O, əvvəlcədən məndən 5 min manat aldı. Daha sonra da 4 min dollar aldı ki, prokurorla danışmışam, səni buraxdıracam. Sonra dedi ki, 20 min lari də hökumətə verməlisən. Mən də məcbur olub evimi satdım, pulunu verdim vəkilə. O, həmin 20 min manatı da bir müddət özündə saxlayıb ki, bəlkə amnistə düşdüm…

Nəhayət, vəkilimin məsləhəti ilə heç bir günahım olmadığı halda, hər şeyi “boynuma almağa” məcbur oldum. Məhkəmədə heç danışmadım da, gürcü dilini bilmədiyimdən tərcüməçi ayrılmışdı, amma bütün suallara mənim əvəzimə vəkil cavab verirdi. Beləliklə, məhkəmə 20 min lari cərimə kəsdi, üstəlik dəyəri 10 min manat yaxın olan “Mercedess” markalı maşınımı da aldılar. Məhkəmədə dedilər ki, narkotik maddə sənin maşınından çıxdığına görə, maşın da müsadirə olunur.

İlk dəfə məhkəməyə çıxarılıb, barəmdə həbs qərarı veriləndə hakimə dedim ki, mən 2 institut bitirmişəm, 17 ildir Gürcüstana gedib-gəlirəm, nə dərəcə inandırıcıdır ki, oturacağın altında narkotik qoyub, 2 gömrük postu keçəsən? Dedim ki, bu, oyundur, sizin polisləriniz rütbə almaq üçün dövləti aldadırlar.

Mənim əsas istəyim odur ki, günahsız olduğumu təsdiq edim. İnsan dünyaya bir dəfə gəlir. Mən öz adımı qorumalıyam. Mən nəinki narkotik maddənin rəngini bilirəm, heç siqaret də çəkimrəm. Maşınımın oturacağının altından 0,63 qram psixiatrik dərman çıxardılar. Siz maraqlana bilərsiniz ki, nə vaxtsa Azərbaycandan Gürcüstana psixiatrik dərman gedib? Bu, bir oyun idi, məni oyuna saldılar…”.

“Mən ilk dəfə idi ki, bu şəxsə rast gəlirdim…”

Elmar Osmanov 

Etibar Həsənov deyir ki, onu həbs etdirən şəxsi əvvəllər tanımayıb: “Mən ilk dəfə idi ki, bu şəxsə rast gəlirdim. Sonra onun barəsində araşdırma apardım. Çünki onun telefon nömrəsi məndə var idi. Mən onun nömrəsini polislərə verdim, onu tapdılar. Mənə sual verdilər ki, səni tutduran bu adamdır? Polis işçiləri çəklini “Watsapp” vasitəsilə mənə atdılar. Dedim bəli. Dedilər ki, biz bunun barəsində tədbir görəcəyik. Amma indiyə kimi bu adam haqqından heç bir tədbir görülməyib. Sonra onu da öyrəndim ki, mənə özünü “Namiq” kimi təqdim edən bu şəxs Gürcstan vətəndaşı, Marneuli rayonunun Qaçağan kəndindən olan 1982-ci il təvəllüdlü Osmanov Elmar Elman oğludur. Biz həmin kəndə də getdik. Kənd camaatı dedi ki, siz elə bir adama ilişmisiniz ki, o, bu kənddə ən axırıncı adamdır, yüzlərlə insanın evini yıxıb.

Mən hüquq mühafizə orqanlarına müraciət etdim ki, bu adamlar bizim vətəndaşları aparıb Gürcüstanda həbs etdirirlər, onlar tutulmalıdır. Bunların ucbatından insanlar evlərindən olur, ailələrə dağılır və s. Amma hələ ki, bu adam azdlıqda gəzir.

“Nazirlikdə dedilər ki, 300 nəfərdən çox vətəndaşımız Gürcüstan həbsxanalarında günahsız olaraq cəza çəkir”

Mən 2017-ci ildə cənab Vilayət Eyvazova teleqram vurmuşam ki, bu cinayətkar dəstəni zərərsizləşdirsənlər. Bu cinayətkar dəstə 10 ildir ki, bu cür əməllərlə məşğuldur. Hazırda bunların “qurbanı” olan 300 nəfərdən çox vətəndaşımız Gürcüstan həbsxanalarında günahsız olaraq cəza çəkir. Bunlar casusdur, kimə işləyir, Azərbaycanda narkotik maddəni hardan alır, onları kim maliyyələşdirir, hamısı ortaya çıxarılmalıdır.. İnanıram ki, bu şəxs tutulsa, böyük bir cinayət faktının üstü açılacaq.

Mən Daxili İşlər Nazirliyində oldum. Bütün baş verənlər haqda danışanda bir nəfər kompüterə baxıb dedi ki, Gürcüstanda bu yolla 330 nəfər narkotiklə həbs olunan Azərbaycan vətəndaşı var. Mən həbsxanada olanda da ayndılaşdırdım ki, bu adamlar əvvəlcə Bakıda taksi sürücüləri ilə münasibət qurur, bir neçə dəfə taksidən istifadə edir, artıqlaması ilə pul ödəyir və s. Yaxın münasibət qurduqdan sonra, onları gətirib Gürcüstanda polisə satır. Bunlar tək deyil, yanından bir nəfər də qadın var idi. O, gecə mənim maşınıma mindi, ola bilsin ki, maşına dərmanları həmin qadın atdı.

Həbsxanada o da mənə aydın oldu ki, bu şəxslər Bakıdan taksi sürücülərini əsasən maşın almaq, yaxud da xəstəxanaya  getmək adı ilə Gürcüstana aparırlarmış. Sonra mağazaya düşmək adı ilə və s. bir neçə dəfə maşına minib-düşürlər. Sonuncu dəfə düşən kimi 3-4 polis maşını həmin avtomobili əhatəyə alıb, sürücünün əllərini qandallayır və maşından narkotik maddə çıxarırlarmış. Bu cür halların sayı çox olub. Hətta bəzi hallarda narkotik maddə deyil, pesok, un və s. məhsullar qoyub, azərbaycanlıları şərləyiblər.

“Səfirlik bu işi nəzarətə götürsəydi, bu cür şərləmə əməliyyatları davam etməzdi”

Mehman Məmmədov

Etibar Həsənov deyir ki, yaxından tanıdığı Ağstafa rayon sakini Məmmədov Mehman Sabir oğlu da həmin şəxslər tərəfindən həbs olunub: “Mehman Məmmədov hazırda Gürcüstanda cəza çəkir, 4 il iş kəsiblər. Mən saxlanan vaxt səfirlik bu işi nəzarətə götürsəydi, hüquqlarımın müdafiəsinə dəstək versəydi, bu cür şərləmə əməliyyatları davam etməzdi.

Mehman həbs olunanda vəkil deyib ki, sən dövlətə pul vermə, həmin vəsaiti bizə ver, səni ordan çıxaracağıq. 30 min manat da ondan pul alıblar. Deyiblər ki, 17 ildən 25 ilədək iş düşür. Bu səbəbdən Mehman 30 min manat ödəməyə məcbur olub ki, işini 4 ilə endirsinlər”.

“Bizim vətəndşlarımızı aldadıb, orda məhv edirlər”

E.Həsənov “Hürriyyət” vasitəsilə bir daha Prezidenti İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və Dövlət Təlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev müraciət edib ki, bu cinayətkar dəstənin ifşa olunmasına göstəriş versinlər: “Bizim vətəndşlarımızı aldadıb, orda məhv edirlər. Xahiş edirik, tədbir görün”.

Ayxan İLDIRIMTÜRK

P.S. Mövzunu davam etdirəcəyik.

 

 https://hurriyyet.org/xeber/gurcustan-polisinin-azerbaycanlilara-torba-tikme-emeliyyati/

Tarix: 14-05-2020, 18:05
Xəbəri paylaş



Xəbər lenti