Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir-birinin ardınca müxtəlif dövlət orqanlarında əməliyyatlar keçirir, korrupsiya əməllərində şübhəli bilinən məmurlar həbs olunur. Xüsusi yeri icra başçıları tutur. Ötən ilin oktyabrından başlayan bu əməliyyatlar nəticəsində həbs olunanların əksəriyyəti icra başçılarıdır.
Bu əməliyyatlar ayrı-ayrı rayonlara rəhbərlik edən şəxslərin onminlərlə, yüzminlərlə manat rüşvət aldığını, korrupsiyaya yol verdiyini üzə çıxarır. Sosial şəbəkələrdə yazılanlardan belə qənaətə gəlmək olar ki, gördüklərimiz icra başçılarının əyri yolla əldə etdiyi sərvətinin kiçik hissəsidir.
İmişliyə rəhbərlik etmiş Vilyam Hacıyevin həbsindən çox keçməyib. 15 ildir icra başçısı postunu tutan 62 yaşlı məmur rüşvət sayəsində xeyli daşınmaz əmlak, var-dövlət əldə edə bilib. Vilyam Hacıyevin Bakıda Teymur Əliyev küçəsində, “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə dəyəri 25 milyon dollar olduğu bildirilən imarəti var. Hacıyevin paytaxtın mərkəzi ərazilərində mənzillərini sadalamaq olar. O, icra başçısı olduğu illər ərzində yemədən-içmədən bütün məvacibini yığsaydı, metronun “Sahil” stansiyasının yaxınlığındakı beşotaqlı mənzili ala bilməzdi...
İmişlinin keçmiş icra başçısının Həsən Əliyev (keçmiş İnqilab) küçəsində də imarəti, Gəncədə, İmişlidə, Birləşmiş Ərəb Əmirliklərində, Qazaxıstanda böyük biznesinin olduğu bildirilir. Siyahı o qədər uzundur ki, bir yazını bütünlüklə Vilyam Hacıyevə həsr etmək mümkündür.
Vəziyyəti təhlil edən ekspertlər bu əməliyyatların davam edəcəyi fikrindədir. Bu fikri əsaslandıran əsas arqument də budur ki, icra başçılarının böyük əksəriyyətinin həyat tərzi də, fəaliyyəti də elə həbs edilənlər kimi olub. Ola bilsin ki, kimlərsə bu həbslərdən qorxuya düşərək, əməlinə çəki-düzən verib. Qaradağın icra başçısı Süleyman Mikayılovun bu rayonda necə sərvət toplaması haqda da kifayət qədər məlumatlar var. Onun Bakıda xeyli ticarət obyektinin sahibi olduğu, İngiltərədə, Türkiyədə malikanələr aldığı, özünü icra başçısından çox, iş adamı kimi apardığı bildirilir. Təsəvvür edin, Süleyman Mikayılovun, hətta Lökbatan qəsəbəsində kolxoz bazarı da olduğu iddia edilir. Onun sərvətləri siyahısında aşağıdakı daşınar və daşınmaz əmlakların olması haqda məlumat yayılıb.
“Sahil” metrostansiyasının üstündə, “Sahil incisi” adlanan binada xidməti mənzil
Qaradağ rayonu, Mərdanov qardaşları döngəsi 11 ünvanında xidməti mənzil
“Qaradağ Çınqıl” MMC adı ilə çınqıl karxanası
“ASKORP” MMC adlı müxtəlif üzlük daşlar və kərpic məmulatları istehsal edən şirkət
Lökbatan qəsəbəsində müasir idman malları istehsalı müəssisələri
Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı
Lökbatan qəsəbəsində 10-a yaxın ticarət-iaşə obyekti
Lökbətan qəsəbəsi 28 may küçəsindəki “Cırtdan” kafesi
Qaradağ rayonu Lökbatan-Xocəsən yolundakı ALLOFF mağazası
Qaradağ rayonunda hektarlarla torpağı
Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə daş karxanaları
Sədərəkdə ticarət mərkəzində idman malları obyekti
Lənkəranda bir ədəd malikanə
Lənkəranda Heydər Əliyev meydanının qarşısında aptek, geyim və digər iaşə obyektləri
Yardımlıda “Deman” ailəvi istirahət mərkəzi
Yardımlıda iri bazar
Oğlu Elvin Mikayılovun adına “ASPAN” MMC şirkəti
Almaniyada 25 min avro nizamnamə kapitalı ilə “EFFEST” GMBH şirkəti
“ESKA-LİDER” MMC şirkəti
Xanımı Nailə Bayramovanın adına QRAND İMPEKS ŞİRKƏTİ
Bakıda Çin səfirliyinin yanında (Nizami küçəsi 104) qızı Ayselin adına “Aisel Boutique” bahalı geyim mağazası
Nərimanov r-nu. Hacı Murad 1/14 (“Ömür” klinikası ilə üzbəüz) Medoks Hiperbarik O₂ Müalicə Mərkəzi
ABŞ-da milyonluq villa
İngiltərədə və Türkiyədə biznes və malikanəsi
Maşın kolleksiyası:
90-DO-777 dövlət nömrə nişanlı Porsche Panamera
Qızı Ayselə məxsus 90-DO-777 nömrəli Audi Q5
Oğlu Elvinə məxsus 90-DD-909 nömrəli Audi S5
90-DD-909 nömrəli BMW M6 GranCoupe F06 Black
90-DD-909 - Jaguar F-Type
Bunlar sadəcə, araşdırmalar nəticəsində üzə çıxanlar, ictimaiyyətə məlum olanlardır. Başqa rayonların icra başçıları və digər vəzifəli şəxslərin də “süddən çıxmış ağ qaşıq” olmadığı hər kəsə məlumdur. O faktlar da üzə çıxdıqca, onları da təqdim edəcəyik.(hit.az)
Tarix: 14-05-2020, 14:24