KAMİL ZEYNALLININ HƏBSİNİN PƏRDƏARXASI - Aslan İsmayılov: "...Demək, həmin icra başçıları yenə "at oynadırlar""

 


“Özümdən başqa heç kimin əməlləri barədə dəqiq fikir yürüdə bilmərəm. Çünki Azərbaycana gəldiyim 31 ildə haqdan-ədalətdən dəm vurub imkanı olan kimi quldurluq edən çoxlarını görmüşəm. Kamil Zeynallı məsələsindəki mövqeyim də onun şəxsiyyəti ilə deyil, hamı kimi mənim də gördüyüm əməlləri ilə bağlıdır”.
Bu fikirlər tanınmış hüquqşünas Aslan İsmayılova məxsusdur.
Hüquqşünasın sözlərinə görə, ən vacibi də odur ki, illərdir bu millətdən manqurt düzəltmək istədilər, TV-lər, digər KİV-lər əxlaqsızlıq aşıladılar, satqınlığı, bir-birinə nəinki laqeydlik, düşmənçiliyi təbliğ etdilər: “Kamil isə son günlər bunun tam əksini etdi! Mənim üçün koronavirus dövrü müharibə şəraitinə bərabərdir və bu dövrdə insanların bir-birinə dayaq olması, qucaq açması çox vacibdir. Kamil də öz əməlləri ilə niyyətindən asılı olmayaraq, bu müsbət halları təbliğ edirdi. Bundan başqa, Kamil insan ağlınagəlməz şəraitdə yaşayan kimsəsiz vətəndaşların durumunu göstərməklə yerlərdə icra hakimiyyətlərinin xalqa yad ünsür olduqlarını göstərdi. Xüsusilə, Sumqayıt, Abşeron və Pirallahı icra başçılarının fəaliyyətsizliyini konkret faktlarla ifşa etdi. Sosial şəbəkədə elə həmin icra başçılarının ona dolayısı ilə hədə-qorxu gəldiyinin də şahidi olduq. Bu məqamda mənim müdafiəm, etirazım Kamillə yox, prinsiplərimlə bağlıdır. Əgər Kamil 10 sutkalıq həbsinin həqiqi motivi açıqlanmazsa, demək həmin icra başçıları yenə at oynadırlar və təbliğ edilən dəyişikliklər, islahatlar xalqı aldatmağa yönəlmiş söz yığınından başqa bir şey deyil!”
Məhz bu səbəbdən də hakimiyyətə müraciət edən hüquqşünas Kamil Zeynallının həbsinin həqiqi səbəbinin insanlara izah edilməsini tələb edir: “Yox, karantin qaydalarını pozmaqdan başqa bir səbəb yoxdursa, 10 sutkalıq həbs cəzası onun rejim pozmağına görə deyil, etdiyi xeyirxah əməllərə görə olması tək məndə yox, elə hamıda heç bir şübhə doğurmayacaq, çünki həmin qanun pozuntusuna görə xəbərdarlıq, uzaqbaşı cərimə ilə də kifayətlənmək olardı. Ancaq sosial şəbəkələrdə olan paylaşımları incələsəniz, onda gərək karantin qaydalarını pozmalarına görə tanınmışların yarısını 10 sutkalıq həbs edəsiniz”.

Tarix: 14-05-2020, 14:03
Xəbəri paylaş



Xəbər lenti