Tanınmış hüquqşünas Aslan İsmayılov son günlər rüşvət və korrupsiya əməllərinə görə ifşa olunaraq həbs edilən məmurları müdafiə edib.
Demokrat.az xəbər verir ki, Aslan İsmayılov özünün feysbuk səhifəsində bu məsələ ilə bağlı fikirlərini qeyd edib.
Aslan İsmayılov yazır: "Bir daha bildirirəm ki, bu gün məmurların həbs edilməsini olduqca önəmli addım sayıram. Ancaq bu gün rüşvət almışların hamısını həbs etmək məqsədi güdülsə buna heç həbsxanalar da çatmaz, həm də bu onsuz da ölkədə gərgin olan vəziyyəti daha da gərginləşdirər. Heç kimə sirr deyil ki, korrupsiya uzun illərdir idarəetmə sisteminin mahiyyəti olubdur. Bu gün ancaq tutmaqla korrupsiyanın kökünü kəsmək olmaz və hamını həbs etmək də mümkünsüzdür. Elə son günlər həbs edilmiş məmurların ölkədə gərginlik yaradacağına şübhə etmirəm. İndi təsəvvür edin ki, bütün oliqarx-məmurlar həbs edilsə nə olar?!".
Maraqlıdır, ölkə başçısı tərəfindən başladılan və bütövlükdə xalq tərəfindən çox müsbət qarşılanan islahatlar prosesinə Aslan İsmayılovu qarşı çıxmağa nə vadar edir?!
Özünü gah "müxalifətçi", gah da "iqtidarçı" kimi aparan hüquqşünasın maraqlarını başa düşmək çətin görünür. Aslan İsmayılovun məntiqinə görə, rüşvətxor məmurları həbs etmək doğru deyil.
Qəribə arqument də gətirir: "Həbsxanalarda yer qalmaz, ölkədə gərginlik yaranar və sairə...".
Aslan bəy, bəs dövlət rüşvətxor məmurları necə cəzalandırmalıdır?!
Vaqif Hüseynli
Demokrat.az
Tarix: 11-05-2020, 14:09