Korrupsiya halayına qoşulmaq ehtirası və ya 1500 illik ehtiyat

 

Mərhəmətli və rəhmdil, eləcə də qədirbilən camaatımızın yüksək vəzifəli məmurların tutqusunu beşmənalı qarşıladığı günlərdə deyim ki, özüm prosesdən şox məmnunam, heç bir etirazım yoxdur.

İndiyəcən məhz onlar demirdilərmi ki, dövlətçiliyin yanındadırlar və siyasət kursunu dəstəkləyirlər, indi də biz deməliyik: dövlətçiliyin yanındayıq, mövcud siyasət kursunu da dəstəkliyirik. Di gedin.

Əslində isə iş yerlərindən, qarajlarından çıxan varidat göstərir ki, onlar dövlətçilikdən çox var-dövlətçiliyin yanındaymışlar. Dünənəcən qoşa portretin altında oturub “zərrə mənəm, günəş mənəm, çarilə pəncü-şeş mənəm” deyirdilər, indi qollarına qoşa bilərzik keçirilib , anlayıblar ki, heç “du-bir” də deyillər.

Yuxarıda dedim ki, xalqımız bu tutquları beşmənalı qarşılayır. Məsələn, belə mövqelər var:

1. Onları əcəb edib qandalladılar, çoxdan tutmalıydılar;
2. Tutmağına tutdular e, amma onları o vəzifəyə özləri təyin etmişdi;
3. Ölkədə korrupsioner elə bunlardırmı, o birilərini niyə tutmurlar?;
4. Allah bilir, o tutulanların nəsə başqa “qrex”ləri var, adlarını korrupsioner qoyub tuturlar;
5. Guya onların yerinə gələnlər dinc duracaqlar, pul yığmayacaqlar?

Birinci mövqedə olanlar saf, məsum, fağır, iddiasız adamlardır, ən böyük iddiaları odur ki, haqq-ədalət olsun, birinin balası İbizada (Maldivdə) günə 3-5 min dollar xərcləyəndə o birinin balası ac yatmasın.

İkinci mövqenin sahibləri mızqoyanlardır, nə qədər yaxşı iş olsa da, mütləq bir tilişkə tapacaqlar və deyəcəklər, elə deyil, (Sanki adam birini vəzifəyə təyin edibsə, onu cəzalandırmaq hüququnu itirir).

Üçüncü qənaətdə olanlar inqilabi dəyişiklik tərəfdarlarıdır, Dzerjinski kimi istəyirlər ki, təqsiri olan hər kəs tutulsun, imkan varsa hamısı güllələnsin.
Dördüncülər şəkkaklardır, hər şeyə şübhə edirlər, əgər hökumət desə ki, tutulanları sırf “başqa” qrexlərinə görə tutmuşuq, şəkkaklar deyəcəklər ki, yalan deyirlər, korrupsiyaya görə tutublar.

Beşincilər millətin potensialına yaxşı bələddirlər, amma ətalət tərəfdarıdırlar, hesab edirlər ki, elə belə olmalıdır, alan almalıdır, talayan talamalıdır, bu dövriyəni dəyişmək olmaz, ən yaxşısı bir yerdən soxulub korrupsiya halayına qoşulmaqdır. (Gözünüzün qabağına toylarda yallı oynayanları və halay zəncirini qıran, oynamaqda olan iki şəxsin əllərini bir-birindən ayırıb, özünü araya pərçim edənləri gətirin).

Hələ başqa mövqedə olanlar da var, onları da ayrıca qeyd etmək lazımdır.

Məsələn, bəziləri tutulanlar haqqında ya səmimi şəkildə, ya da riyakarcasına deyirlər ki, Allah qapılarını açsın.

Mən özüm dindar deyiləm, amma Allahın bu statusa (qapı açıb-bağlayan şvetsar) endirilməsi xətrimə dəyir. Necə yəni, siz hər cür yaramazlıq, zalımlıq, (müəyyən məqamlarda klassik oğraşlıq) edəcəksiniz, yetim-yesirin ruzisini əlindən alacaqsınız, insanları intihar həddinə çatdıracaqsınız, cəhənnəm lənəti qazanacaqsınız, amma qolunuza poladdan qoşa bilərzik taxılanda Allah gəlib sizin qapınızı açmalıdır?

Elə şey yoxdur. Qoy Ulu Tanrı öz şan-şövkəti və reputasiyası xətrinə bu cür kriminal olaylara qarışmasın. Ya da qarışırsa, torpağı əlindən alınan, yardımı çırpışdırılan, suvarma suyu kəsilən, sonuncu danası satdırılan kasıbın, məzlumun tərəfindən qarışsın, dəmir qapıları bərk-bərk bağlasın və desin ki, haramzada, mənim yazıq bəndələrimdən nə istəyirdin.

“Əşi, bir-iki il yatıb çıxacaqlar, yığdıqlarını xımır-xımır yeyəcəklər” deyənlər də var və bu saat ölkədə ən ağıllı adam mövqeyində məhz onlar görünürlər. Adamlar təcrübədən çıxış edirlər. Korrupsiyaya görə tutulanlar heç vaxt günə-gün yatmırlar.

Düzdür, onlara “yoox, yığdıqlarının çoxunu əllərindən alacaqlar, varidatlarını müsadirə edəcəklər” deyənlər də var və onlara verilən cavab da təxminən belədir: “Nə qədər alsalar da, çuvalın dibində qalan artıq-urtuq min il bəslərdir”.

Siz insan oğlunda tamaha baxın, ömrü 75, maksimum 85 ildir, amma əlinə pul yığmaq imkanı düşəndə 850-1500 ilə yetəcək qədər pul yığır. Sonra da gedib dörd divar arasında oturub vəkilinə deyir: “Neçə milyon deyirlər, verim, məni burdan çıxar”.

Zalım oğlu, vaxtında o qədər acgözlük, tamahkarlıq eləmə, şaqqıldayan dəmir qapların arxasına düşmə dəə. Nə xəbərdir?

Tarix: 10-05-2020, 15:36
Xəbəri paylaş



Xəbər lenti