Siyavuş Novruzovdan Sərdar Cəlaloğluna cavab: “Bəs, sənin nəyin var? Vur-tut, bir Voroşilov nişanın”

 

""Müsavat TV"-də Sərdar Cəlaloğlu mənim haqqımda deyib ki, Nəcibulla (Əfqanıstanın prezidenti olmuş Məhəmməd Nəcibulla nəzərdə tutulur-E.P.) asılanda Siyavuş Novruzovun 12 yaşı olub. Birinci növbədə xatırlatmaq istəyirəm ki, böyük siyasətlə məşğul olmaq istəyən tarixi azacıq da olsa, bilməlidir. Əfqanıstanın sonuncu prezidenti Nəcibulla 1947-ci ildə doğulub, 1996-cı ildə Taliban tərəfindən asılıb, meyiti 7 gün asılı vəziyyətdə qalıb. 1996-cı ildə mənim 27 yaşım var idi”.

YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov bu fikirləri “Yeni Müsavat”a özəl açıqlamasında bildirdi. Hakim partiyanın funksioneri daha sonra bunları söylədi: “Sərdar Cəlaloğlu o dövrdə sədrlik etdiyi və olmayan partiyasını Rəsul Quliyevə satanda mən iqtidar partiyasının - YAP-ın Gənclər Birliyinin sədriydim, təşkilat şöbəsinin müdiri idim və proporsional siyahıda Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd idim. Ola bilər ki, buna nə isə deyiblər, ya eşidib. Bu, Əminlə Nəcibullanı səhv salır. Əfqanıstanın bir prezidenti də olub – Əmin, (Hafizullah Əmin-E.P.) 1979-cu ildə sovet qoşunları ora daxil olanda onu boğub öldürüblər, asmayıblar. Ondan sonra isə Vabrax Karman müəyyən dövrdə ölkəyə rəhbərlik etdi, sonra isə Nəcibulla prezident oldu. 1990-cu BMT-nin nümayəndəliyi və sovetlər birliyinin səfirliyi bu ölkəni tərk edəndən, Taliban hakimiyyətə gələndən sonra Nəcibulla 1996-cı ildə asılıb. Sovet qoşunları isə 1989-cu ilin 16 fevralında Əfqanıstanı tamamilə tərk etdi”.

Komitə sədri Əfqanıstanda təltif olunması ilə bağlı danışarkən digər məqamları da bölüşdü: “Biz o zaman qoşunların çıxarılması ilə məşğul idik, 188-in axırı, 89-cu ildə. O prosesdə 7 min adam iştirak edib və sovetlər birliyində həmin prosesdə iştirak edən hər kəsə o medaldan verilib. Bir də Əfqanıstanın Müdafiə Nazirliyi tərəfindən mənə Fəxri Fərman təqdim olunub, müdafiə nazirinin imzası ilə. Bu, sənəddir, Vikipediyaya girib baxsın”.

S.Novruzov S.Cəlaloğlu ilə bağlı bir xatirəsini də danışdı: “Cəbhəçilərin hakimiyyətdə olduğu dövrdə cəbhə üzvləri Əbülfəz Elçibəyə deyirlər ki, Sərdar Cəlaloğlu küsüb, vəzifə istəyir. Soruşub ki, hansı vəzifəni? Deyiblər, Sərdar Cəlaloğlu deyir məni xarici işlər naziri qoysunlar. Elçibəy deyib ki, əgər mən Sərdar Cəlaloğlunu xarici işlər naziri qoysam, gərək bütün ölkələrə müharibə elan edəm”.

S.Novruzov orden müdallarını nümayiş etdirməsinin xeyli müzakirə olunmasından da bəhs etdi. Bildirdi ki, bir sıra şəxslər məlumatsız olduqları üçün onun təltiflərini təəccüblə qaşılayıb: “Elə keçən il mən Azərbaycan dövlətindən 10 medal almışam. Bunlar rəsmi təltiflərdir. Mən yaşda olan təltiflər başqa heç kimdə yoxdur. Mən I dərəcəli Vətənə xidmət ordenini 48 yaşımda almışam. 50 yaşımda “Şöhrət” ordeni almışam. Müstəqil Azərbaycan Respublikasının ordenidir. Mən niyə saxta nəyisə asmalıyam? Bu orden-medallar verilib ki, insan üstündə gəzdirsin, verilməyib ki, aparıb qoyasan evə. Bu, bir fəxarətdir ki, dövlətin orden-medallarına, mükafatlarına layiq görülüb. Adamlar da var ki, onlarda heç bir döş nişanı da yoxdur. Mən həmin adamlara elementar bir məsələni deyirəm: mənim sinəmdə 5 dənə Azərbaycan Respublikası parlamentinin nişanı var. 5 çağırış ardıcıl parlamentin üzvüyəm. 5 dənə Azərbaycan bayrağım var mənim. Kinoda deyir e: “Bəs, sənin nəyin var? Vur-tut, bir Voroşilov nişanın”.


Tarix: 8-05-2020, 16:34
Xəbəri paylaş



Xəbər lenti