Vəfa Məmmədova: “İlqar həbs olunmasaydı...”
REAL sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərova aprelin 23-də Ali Məhkəmənin Plenumunun bəraət verməsi gündəmdən düşmür. Bu istiqamətdə ən müxtəlif iddialar, ittihamlar səsləndirilir.İ.Məmmədovun həbsdə olduğu 67 ay ərzində onunla bağlı məlumatları hər zaman “Yeni Müsavat”la bölüşən REAL rəhbərinin xanımı Vəfa Məmmədova ilə məhkəmənin təzminat qərarını dəyərləndirdik.
- Vəfa xanım, bu qərarı necə dəyərləndirirsiniz? Gözlənilən idi?- Qərarı arzulasam da, o qədər də gözləmirdim. Təəccübləndim. Ailəlikcə çox şad olduq. İllərlə çəkdiyimiz əziyyət nəticəsini verdi.
- Qərarı gecikmiş sayırsınız? İlk eşidəndə inandırıcı gəldi, yoxsa necə?- Qərar daha tez verilsəydi, ümumiyyətlə, İlqar həbs olunmasaydı, daha yaxşı olardı. Amma yenə də əsas olan odur ki, haqlarımız bərpa olundu. Xəbəri ilk dəfə İlqardan eşitdim və təbii ki, inandım.
- Təzminat sizcə kifayət qədər böyük məbləğ deyilmi? Sosial şəbəkələrdə də bununla bağlı geniş müzakirələr gedir...- Avropa Məhkəməsi ilk 9 aya görə nə kompensasiya təyin etmişdisə, eyni məbləği Ali Məhkəmə qalan 57 aya görə təyin etdi. Bu baxımdan qərarla razıyam.
- Sizcə bu qərar nə ilə əlaqədar verildi?- Bunu məncə Ali Məhkəmədən soruşun.
- Sosial şəbəkələrdə İlqar bəyin hakimiyyətlə anlaşdığına görə belə bir qərarın verildiyi yönündə bir kampaniya başlayıb.- Mən siyasətçi deyiləm. Bu sualları mənə ünvanlamayın.
- Gedən müzakirələrdən biri də onunla bağlıdır ki, İlqar Məmmədov bu məbləğdən imkansız, aztəminatlı ailələrə yardım edəcəkmi?- Allah bilir, bu pulu bizə nə zaman verəcəklər, məbləğ bizə nə zaman çatacaq. Ona görə də, bunu müzakirə etmək hələ tezdir.
- 234 min manatı İlqar Məmmədovun həbsdə olduğu hər günə bölsəniz, nə deyə bilərsiniz?- Mənəvi zərərə bu cür baxmırlar. Biz itirdiklərimizi unutmuruq.
Tarix: 24-04-2020, 16:37