Ramazan və karantin: Biri digərinə əngəldirmi?


Ramazan və karantin: Biri digərinə əngəldirmi?

İlahi hökmlə dünyəvi qadağa üst-üstə ya da üz-üzə gəlib

 

Müqəddəs Ramazan ayı yetişdi (Qafqaz Müsəlmanları İdarəsinin fətvasına görə, Azərbaycanda aprelin 24-ü niyyət axşamıdır, 25-i orucluğun ilk günüdür). Lakin Ramazan aynın koronavirus (COVID-19) pandemiyası ilə üst-üstə düşməsi bir sıra narahatlıqlara da səbəb olub. Əsas narahatlıqlardan biri möminlərin Ramazan ibadətlərini cəm halında yerinə yetirə bilməyəcəkləri ilə bağlıdır.

 

Hətta, bununla bağlı yaxın günlərdə ziddiyyətli fikirlər də səsləndirilmişdi. Ki, bəzi din xadimləri pandemiya təhlükəsinə görə orucluğun təxirə salınmasını təklif etmişdilər. Əksər ilahiyyatçılar isə buna qarşı çıxmışdılar.

 

Mövzu barədə AYNA-ya danışan ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, Ramazan deyiləndə, əsasən yeyib-içməkdən kənar qalmaq nəzərdə tutulur: “Amma Ramazan ayının əsas mahiyyəti “Qurani-Kərim”in həmin ayda nazil olmasıdır. Ona görə də Ramazan ayı “Quran” ayı sayılır. Lakin pandemiyaya görə də suallar yaranır ki, biz bu ayı necə dəyərləndirməliyik? Belə ki, evimizdə oturduğumuz günlərdə “Quran” oxumalı, “Quran”ın nə üçün gəldiyini düşünməli, “Quran”da Allahın göndərdiyi ayələrin nə üçün belə ifadə edildiyini nəzərdən keçirməliyik. Əks halda, Ramazanda özümüzü sudan və yeməkdən məhrum etməklə qaydalara tam riayət etmiş sayılmarıq”.

 

Müsahibimiz Ramazan ayının təxirə salınması ilə bağlı fikirlərə də toxunub: “Bununla bağlı bir neçə ildir ki, araşdırmalar aparılır. Bir neçə il əvvəl ABŞ-ın Texas ştatında bir professorla görüşdüm. Onların layihəsi var idi və həmin layihə əsasında araşdırma aparmaqla məşğul idilər. Təbii ki, onların arasında müxtəlif dinlərin nümayəndələri də var idi. Həmin layihəyə əsasən, başqa vaxtlarda deyil, sırf Ramazan ayında tutulan orucun müsbət tərəfləri ilə bağlı araşdırma aparılmalı idi. Onların gəldiyi nəticə ondan ibarət olmuşdu ki, Ramazan ayında tutulan oruc xərçəng hüceyrələri ilə mübarizəni daha da güclü edir. Yəni, sırf Ramazan ayında tutlan orucun belə bir özəlliyi var. Bəzən iddia olunur ki, oruc tutanda bədən immuniteti zəifləyir. Lakin bu, belə deyil. Əksinə, şahid oluruq ki, Ramazan ayında tutulan oruc həm fizioloji, həm də mənəvi baxımdan sağlamlıq deməkdir”.

 

Heydər Məscidinin axundu Hacı Rüfət Qarayev də AYNA-ya açıqlamasında, “Qurani-Kərim”də Ramazan ayının şərtləri ilə bağlı ayələr olduğunu deyib: “Əgər xəstəsənsə, yaxud səfərdənsə və müəyyən çətinliklər varsa, o halda oruc tutmaya bilərsən. Amma şərait imkan verirsə, heç bir sıxıntı yoxdursa, oruc tutmaq lazımdır. Hətta, alimlərin açıqlamalarına görə, oruc tutmaqla insanın immuniteti daha da güclənir, nəinki zəifləyir. Amma koronavirus olsa da-olmasa da, insan hansısa xəstəlikdən əziyyət çəkirsə, yaxud yaşlıdırsa, o halda oruc tutmaya bilər. Yəni şəriət buna icazə verir. Onun əvəzinə isə sağalandan sonra ya qəzası tutulmalıdır, ya da ehtiyac sahiblərinə yardım edilməlidir”.

 

“Cəm şəkildə iftar süfrəsi müstəhəb ibadətdir, amma vacib deyil. Əgər bir insan iftar süfrəsi açırsa, özü ilə yanaşı, həm də iştirak edənlərin savabını qazanmış olur. Amma bu gün şərait ona imkan vermirsə, qanunlara hörmətlə yanaşıb, həm də şəriətin vacib hökmü olmadığı üçün və pandemiyanın insanlar arasında yayılmaması üçün hamılıqla qaydalara əməl etməliyik”, - deyə müsahibimiz bildirib.

 

Hacı Rüfət əlavə edib ki, şəriətdə Ramazan ayının təxirə salınması ilə bağlı heç bir hökm yoxdur: “Zaman-zaman müsəlmanların cəm halında əsas ibadət etdiyi günün - cümə gününün də yerinin dəyişdirilməsi ilə bağlı fikirlər olub. Amma bu fikirlər İslam dini ilə heç bir uyğunluq təşkil etmir. Ramazan ayı xüsusi bir ay olduğu üçün Allah onu müəyyən bir vaxta salıb. Onun da yerini dəyişdirməyə bizim ixtitarımız yoxdur”.

Tarix: 24-04-2020, 09:23
Xəbəri paylaş



Xəbər lenti