Ölkəni talamış sabiq məmurların həbs olunmamalarının sirri – “sehirli üçlük” niyə toxunulmazdı...

 

 

Ölkəmizdə baş verən qəribəliklərdən biri də bir məmurun işdən çıxarılmasından sonra baş verən proseslərdir. Belə ki, bir məmur işdən çıxarıldısa, onun varidatı haqda elə məlumatlar, faktlar ortaya çıxır, faş olur ki, adamın sözsüz həbs ediləcəyi yəqin görünür. Amma bunun şahidi olmuruq. 

Məsələn, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun və oğlanlarının adı son illər elə qalmaqallara qarışmışdı ki, hər kəs adamın həbs ediləcəyini düşünürdü. 

Barəsində yayılan məlumatlardan belə aydın olurdu ki, Slovakiyada Arif Əsgərov, oğlanları Elnar və Ürfan Əsgərovların biznesi olub. 2007-ci il iyulun 13-də Bakı şəhəri, Cəfər Xəndan küçəsi 10 ünvanında qeydiyyatda olan Ürfan Əsgərov Bratislava sakini Elçin Qasımov və Bakı şəhəri, Mirqasımov 2 ünvanda qeydiyyatda olan Elvin Süleymanovla birlikdə “ELUREL TRANS S.R.O.” şirkətini qeydiyyatdan keçiriblər. Həmin vaxtlar Arif Əsgərov Azərbaycan Dövlət Dəmir Yolunun rəisi idi. 

Milyonlarla pul Azərbaycandan hansı yollarla çıxarılıb? - Sirlər çözülür

Slovakiyanın qərbindəki Bratislava şəhərində Elnar və Ürfan Əsgərovların şirkətləri var. Şirkətin nizamnamə kapitalı Slovakiyanın o zamankı pulu ilə 200 min kron (6639 avro) təşkil edib. Qeydiyyat nömrəsi: 36804576. Qeydiyyat ünvanı: Pezinska 185, 902 01 Vinosady. Arif Əsgərovun şirkətlərinin vəzifəsindən gedəndən sonra şirkət əvvəlcə Azərbaycanın Bratislavadakı fəxri konsulu Cəlal Qasımovun və xanımının adına keçirilir, 2018-ci il aprelin 4-dən isə Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun adına rəsmiləşdirilir. Şirkət faktiki olaraq bir dəmiryolçudan başqa dəmiryolçuya keçir. Fəxri konsul isə Hicran Valehovun şəriki olur. Sənədlərə görə cənab Valehovun Slovakiyadakı qeydiyyat ünvanı belədir: Javorova 5803/8, Pezinok 902 01.

Valehov Hicran Qardaşxan oğlu

Hicran Valehovun biznesi Slovakiya ilə məhdudlaşmır. Onun Çexiyada da geniş biznesi var. Çexiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş CETS, s.r.o. şirkətinin sənədlərinə görə 5 iyun 1968-ci il təvəllüdlü, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şadlınski küçəsi ev 26-da qeydiyyatda olan Hicran Valehov 13 iyun 2017-ci ildən bəri şirkətin iki təsisçisindən biridir. Şirkətin digər həmtəsisçisi isə Alliance-group şirkətidir. 2016-cı il noyabrın 11-dən şirkətin Aynur Süleymanlıya aid 50 faiz hissəsi Məhəmməd Valehovun adına rəsmiləşdirilib.

Qeyd edək ki, bu məlumatlar dövriyyədə olarkən Arif Əsgərovun yaxın qohumu Rahib Hüseynovun cinayət işi Bakı Apelyasiya Məhkəməsinə daxil olmuşdu. Rahib Hüseynov Arif Əsgərovun baldızının oğludur. İşdə birbaşa Arif Əsgərovun, onun oğlanlarının adları hallanırdı. Arif Əsgərov  2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. Həmin müddətdə adı dəfələrlə ən müxtəlif rüşvət və korrupsiya qalmaqallarına qarışıb. Onun başı üzərində həbs təhlükəsi 2013-cü ildə real görünürdü. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O, bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. 

Bu, Arif Əsgərovun adının qarışdığı ilk cinayət işi deyildi. 

Onun adı İsveç məhkəməsində Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”la bağlı da üzə çıxmışdı. Şirkətin Rusiya vətəndaşı olan əməkdaşı həbs olunmuşdu. “Bombardier” şirkətinin bir neçə top-menecerinin “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar yeyinti ötürülməsinə dair sövdələşmədə iştirak etdikləri üzə çıxdı. Arif Əsgərov vəzifəsini itirsə də, bu qalmaqaldan da özünü kənar saxlaya bildi. 

3 min nəfər işçisi olan AzTV-nin sabiq şefi Arif Alışanov da Arif Əsgərov kimi ortada “yeyib”, kənarda qalanlardandı. O, AzTV-yə sədrlik edərkən Şamaxının əkinə yararlı, gözəgəlimli əksər ərazilərinə sahiblənməyi bacarmışdı. Adı bir qadının ölüm işinə qarışandan sonra Arif Alışanov haqda bir-birindən ilginc faktlar ortaya çıxmağa başladı. Məsələ məhkəmə müstəvisinə qədər daşındı. 

Arif Alışanov teleaparıcı ilə ailə qurdu - Ekspress.az

Arif Alışanov AzTV-nin rəhbəri olduğu dövrdə onu, onun qızını və bacısı oğlunu öldürməyə cəhddə günahlandırılan Şücayət Əkbərova verilən ittihamda 4 milyon 582 min manatlıq mənimsəmədən də söhbət gedirdi. Amma məhkəmədə elə faktlar ortaya çıxmışdı ki, əslində Arif Alışanovun özü də müttəhimlər kürsüsünü digərləri ilə bölüşməli idi. Məlum olurdu ki, Alışanov vəzifədə olduğu müddətdə həftəin 5 günü Şamaxıda torpaq almaqla məşğul olub. Sürücüsü torbalalarla pul daşımaqla torpaq sahiblərinə ödənilib. Həmin işdə bir qadının öldürülməsindən də söhbət gedirdi. Məhkəmədə sual olunurdu ki, AzTV sədrində bu qədər pul hardandır. “Bəlkə pullar ona babasından qalıb...”, – məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev belə deyərək Arif Alışanovun babasının kimliyini gündəmə gətirmişdi. Üzə çıxmışdı ki, pullar məhz Arif Alışanova məxsusdur və onun əldə etməsi ünvanı da hər kəsə bəlli idi. Sonda Arif Alışanov tutduğu vəzifədən çıxarıldı, amma həbsə göndərilmədi. 

11 il Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etmiş Eldar Mahmudovun bu dövrdə əldə etdiyi varidat isə milyardı aşır. Onun təkcə “AGBank” Açıq Səhmdar Cəmiyyəti üzərindən xaricə çıxardığı məbləğ bir neçə on milyonlarla ölçülür. 

Eldar Mahmudovun oğlu Kiprdə yeni şirkət açıb – Bir il əvvəl…

Məsələn, bankın Müşahidə Şurasının üzvü olmuş Mixail Framsev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov və onun faktiki rəhbərlik etdiyi “Kaspian Kristal” MMC-də “AGBank”ın müştərilərindən olub.

Onun məhkəmədəki ifadəsindən sitat: “Anar Mahmudov və “Kaspian Kristal” MMC-nin direktoru Fuad Hacıyevlə də münasibətlərim var. Onlar mənim bank işçisi kimi geniş əlaqələrə malik olduğumu bilib və bir neçə dəfə xarici ölkələrə pul köçürmək üçün mənə müraciət ediblər. Onlar xahiş etdilər ki, nağd qaydada pulu onlardan Azərbaycanda qəbul edib, özümün xarici ölkələrdəki bank hesablarımdan onlara verilməsini təmin edim. Münasibətlərim yaxşı olduğundan və onlara etibar etdiyim üçün təklifləri ilə razılaşdım. Bu məqsədlə sabiq milli təhlükəsizlik nazirinin köməkçisi Vüqar Mahmudov bir neçə dəfə mənə zəng edərək müxtəlif məbləğlərdə pul vəsaitlərinin gətiriləcəyini və bu pul vəsaitlərinin hansısa Avropa ölkəsində yerləşən müəssisənin hesabına köçürülməsini xahiş etdi. Vüqarla danışandan sonra Fuad Hacıyev mənimlə əlaqə saxladı, göndəriləcək pul vəsaitinin məbləğini, hansı hesaba köçürülməli olduğunu bildirdi. Daha sonra xatırlamadğım bir şəxs pul vəsaitini mənə xidməti otağımda çatdırdı. Pul vəsaiti deyilən hesaba köçrürüləndən sonra Fuad Hacıyevə məlumat verdim. Fuadın bu barədə Vüqar Mahmudova məlumat verib-vermədiyini bilmirəm. Bu pul köçürmə hadisəsi bir neçə dəfə təkrarlanıb. Bu barədə mənə Vüqar Mahmudovdan başqa Fuad Hacıyev və Anar Mahmudov da müraciət edib. Bu pulların mənbəyi barədə məlumatım yoxdur. Onların dedikləri hesablara pulları özümün offşor müəssisələrimin “ABVL” bankında olan hesabımdan ödəmişəm. Ümumi şəkildə deyə bilərəm ki, Vüqar Mahmudovun bildirməsi ilə mənə Fuad Hacıyev tərəfindən 10 milyon manat pul vəsaiti göndərilib. Ümumilikdə isə Fuad Hacıyev tərəfindən mənə 25 milyon manata yaxın pul vəsaiti göndərilib”.

Bank işçisi demişdi ki¸ 2012-2013-cü illərdə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun xahişi ilə onun üçün iki offşor müəssisəsi açıb. Qeyd edib ki, həmin müəssisələr vasitəsi ilə xaricə köçürülən pulların sonrakı istifadəsindən məlumatı olmayıb. 

Eldar Mahmudov və başının dəstəsinin şübhəli pul köçürmələri, çoxsaylı qanunsuz əməlləri haqda məlumatlar məhkəmələrdə sənəd-sübutlarla ortaya qoyulsa da, bu gün də azadlıqda gəzirlər. Bu adamların hər biri Azərbaycanın adının beynəlxalq aləmdə korrupsiya mövzusunda hallanmasına yol açan hərəkətlər edıb. İndi əsas suallardan biri də budur: hüquq-mühafizə orqanları bu qədər faktlardan sonra hüquq-məhkəmə sistemindəki islahatların fonunda Arif Əsgərovla, Arif Alışanovla, Eldar Mahmudovla və onlar kimi büdcə pullarını “yeməklə” ad çıxaranlarla bağlı hərəkətə keçəcəklərmi? Ayağında bu qədər yeyinti olan məmurlar ölkənin adını rəsmən biabır edirsə, cinayətə bərabər əməl törədirsə, onlar niyə cəzasız qalırlar? Bunun sirri nədir? 


“Yeni Müsavat”

Tarix: 22-04-2020, 23:18
Xəbəri paylaş



Xəbər lenti