“Tağı Əhmədova demişdilər ki, get Akif Çovdarovun üzünə dur”- vəkildən sensasion müsahibə

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkili Kamandar Nəsibov “Yeni Müsavat”a eksklüziv müsahibə verib.

Kamandar Nəsibov bir çox məqamlara aydınlıq gətirib, Akif Çovdarovun barəsindəki hökmü mübahisələndirəcəyini, onun ölkədən getmək fikirinin olmadığını, Eldar Mahmudovla yaxşı münasibətlərinin qaldığını gizlətməyib.

O deyib ki, hələlik Çovdarov istirahət edir, dincəlir:  

– Akif Çovdarovun ciddi müalicəyə ehtiyacı var. 3-5 gün türklər demişkən, kəndinə gəlsin, ondan sonra ailədə müzakirə edəcəklər, hara gedəcək, harada müalicə alacaq, bu, məsələ ailədaxili qərarla həll olunacaq.

– Akif Çovdarovun ölkədən birdəfəlik getmək, Gürcüstandakı evinə köçüb orada yaşamaq kimi planları varmı? 

– Yox, onun belə fikri, planı yoxdur. Gedib oradakı qohum-qardaşına baş çəkəcək, həbsdə olduğu dövrdə orada yas, toy olub. Əlbəttə ki, gedib baş çəkəcək. Amma xaricə birdəfəlik köçmək fikri yoxdur.

– Akif Çovdarovun hərəkət sərbəstliyi varmı? 

– O, tam əfv olunub. Heç bir məhdudlaşdırma da yoxdur.

– Akif Çovdarova qarşı mülki iddialar var. Həmin mülki iddialar üzrə öhdəlikləri yerinə yetirib və ya yetirəcəkmi? Bu məsələlər nə yerdədir? 

– Mülki iddiaların əksəriyyəti təmin olunmadı. 1 mülki iddia təmin olunmuşdu, onunla bağlı da şikayət hazırlayırıq, məhkəməyə təqdim edəcəyik.

– Təmin olunan iddia Tağı Əhmədovundur? 

– Yox, Tağı Əhmədovun iddiası baxılmamış saxlanılmışdı.

– Sonradan Tağı Əhmədov özünün dediyi kimi, 42 illik əmək haqqı davasını Akif Çovdarovla davam etdirmədi? 

– Orada müəyyən şərtlər var idi, o vaxt. Rəhbərlikdə olan bəzi şəxslər vardı ki, onlar Tağı Əhmədovu məcbur edib Akif Çovdarovun üzünə durdurmuşdular. Biz özümüz bilirik ki, kimlər ona rəhbərlikdən deyib ki, get Akif Çovdarovun üzünə dur.

– Bunu niyə məhz Tağı Əhmədova demiş, tapşırmışdılar? 

– O vaxt rəhbərlikdə müəyyən şəxslər vardı, hansılar ki, indi hakimiyyətdə deyillər, onlar Tağı Əhmədovu məcbur etmişdilər. Tağı Əhmədovun metrodakı fəaliyyəti ilə bağlı MTN-də araşdırma aparılmışdı. Bundan xəbər tutmuşdular və Moskvada olan Tağı Əhmədova demişdilər ki, istirahətini dayandır, təcili Moskvadan Bakıya qayıt.


– Kim idi həmin şəxslər? 

– Biz özümüz bilirik ki, Tağı Əhmədova bunu kimlər deyib, o vaxtı onu Moskvadan hay-küylə gətizdirən kimlər olub. Tağı Əhmədovun metrodakı işi ilə bağlı araşdırma aparılanda ona çox yüksək vəzifəli şəxs zəng edib demişdi ki, gəzməyi qurtar, burada səninlə bağlı iş gedir, bütün zibillərin çıxıb ortaya. Elə həmin şəxslər də MTN məsələsi olanda Tağı Əhmədovu Akif Çovdarovun üzünə qoydular. Tağı Əhmədov məhkəmə iclasında nə formada danışırdı, nə deyirdi, görsəydiz, absurd idi dedikləri. Nə Tağı Əhmədovun qardaşı oğlu, nə bacısı oğlu o dediyi vaxtda, dediyi yerdə olmayıblar. Tağı Əhmədovun özü də həmin ərazidə olmayıb. Həmin əraziyə yaxın yerdə olmayıb. Telefonların dislokasiyasından da bu bilindi. Həmin vaxt Tağı Əhmədov tamam başqa bir ərazidə olmuşdu. Onun bacısı oğlu ilə qardaşı oğlu da guya pulun verildiyi yeri təsvir edə bilmirdilər.

– Tağı Əhmədov sonradan sizin vasitənizlə, digər şəxslərin vasitəsi ilə bu məsələyə görə Akif Çovdarovdan üzr istədimi? 

– Bu haqda heç nə deyə bilmərəm, no comment!

– Tağı Əhmədov əvvəldən çox iti danışırdı, sonradan isə mövqeyi 180 dərəcə dəyişdi. Bu cür mövqe onun yalan ifadə verməyə məcbur edilməsi sizcə nə ilə bağlı idi? 

– Onun çıxışları əvvəldən elə idi, sonra isə istiqamətini dəyişdi.

– Sabiq müstəntiq Rüfət Səfərov yazır ki, Akif Çovdarov həbsdə olarkən “içəri” telefon keçirib və həmin telefonla Eldar Mahmudovla gizlin danışıb. Bu məsələnin üstü açılanda Akif Çovdarovun saxlandığı kameradan televizor və digər bir neçə məişət əşyası cəza tədbiri olaraq götürülüb. Bu haqda nə deyə bilərsiniz?

– Belə bir söhbət olmayıb. Akif Çovdarov cəzaçəkmə yerində olarkən ailəsi və əkillərindən başqa kiminləsə danışmayıb.

– Mətbutda digər MTN generallarının Eldar Mahmudova yönəlik xoş olmayan sözlər işlətmələri haqda məlumatlar vardı. Hətta kəskin ifadələr işlətmələri də iddia olunurdu. Akif Çovdarovun Eldar Mahmudov haqda fikirləri, xüsusən həbsindən sonrakı dönəmlə əlaqəli, maraqlı olardı. Bu haqda aranızda danışmısız?   

– Eldar Mahmudovu axı niyə söyməlidirlər? Çıxandan sonra aralarında nə söhbət qalıb görüşüb, söhbət edərlər.

– Eldar Mahmudovla Akif Çovdarovun münasibətləri hazırda necədir? Həbsə qədərki münasibətlər saxlanılıbmı? 

– Elə bir problem yoxdur. Orada bir yerdə işləyiblər. Məncə bir adamın kiminsə hərəkətlərinə görə məhkum olunmağı ilə bağlı kiməsə söyüş söyməsi absurd görünür.

– Akif Çovdarovun məhkəməsini izləyənlər bilir ki, o, ittihamlar üzrə özünü təsirli bilmirdi. Akif Çovdarov belə bir halda bəraət alması üçün müraciət edəcəkmi? 

– O barədə biz hələlik söhbət etməmişik. Dünən evinə gedib, nəvə-nəticələri, evdəkilərlə görüşməli idi. Bundan sonra görüşüb atacağımız addımları müzakirə edəcəyik.

– Akif Çovdarovun evindən yayılan bir foto var. O, fotoda Akif Çovdarovun oğlu, siz, özü və digər şəxs var. Həmin şəxsin kimliyi də oxucuların marağındadır. Kimdir o şəxs? 

– Akif Çovdarovun digər vəkili Sadiq Rəsulovdur. Biz Akif Çovdarovla karantindən birgə evinə gəldik, ailəsinə təhvil verdik. Yoldaşı təklif etdi ki, evə keçib bir tikə çörək yeyək. Orada ailə üzvləri idi, bir də biz 2 vəkil. Bir tikə çörək yeyib çıxdıq.

– Akif Çovdarova çoxlu zəng edənlər olub. Maraqlıdır, həmin şəxslər sırasında MTN rəhbərliyindən olan şəxslər vardı? Məsələn Eldar Mahmudov?

– Həqiqətən Akif Çovdarova çoxlu zənglər gəlirdi. Axırda oğlu telefonu söndürüb bir kənara qoymaq məcburiyyətində qaldı ki, atası bir tikə çörək yeyə bilsin.

– Keçmiş MTN rəhbərliyindən kiminləsə danışdımı? 

– Bu haqda mənə nəsə demədi. Amma zəng edən çox idi. Ona həddindən artıq çox zəng oldu. Zənglərin arası yox idi. Ümumiyyətlə hesab edirəm ki, Akif Çovdarova qarşı irəli sürülən ittihamlar saxta ittihamlardır. Bir balaca savadlı vəkil hökmü oxuyandan sonra görəcək ki, heç bir epizod öz təsdiqini tapmır.

– Akif Çovdarovun adı “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində də hallanırdı. İddia olunurdu ki…

– Boş-boş şeylərdir hamısı. Söhbət ondan gedir ki, müəyyən kateqoriyalı adamlar vardı ki, o dövrdə MTN-in bombardman edilməsində maraqlı idilər. Həmin kateqoriya adamlar özlərinə yaxın jurnalistlərə göstəriş verirdilər ki, belə məqalələr yazsınlar. Həmin məqalələr əsassız idi. Yazırdılar ki, gizli “podval”lar var “teplitsa”larında. Onun killer dəstəsinin olduğunu yazırdılar. İttiham qalmamışdı ki, yazmasınlar. Nə oldu? 5-10 dənə dələduzu Akif Çovdarovuun üzünə qoydular. Həmin şəxslərin əksəriyyəti də sonradan həbsə atıldılar. İfadələri verdilər və istifadə olunmuş mal kimi kənara atıldılar. Həmin üzə dayananlarının 90 faizi istintaq altında, istintaq təcridxanasında, orada-burda cinayətə bulaşmış şəxslər idi. Barələrində cinayət işləri istintaq olunurdu. Onlara şərt qoyulmuşdu ki, Akif Çovdarovun üzünə durun, ya da sizə ağır cəzalar veriləcək. Onlar üzə dayandılar, məhkəmədə gəlib çıxış elədilər, amma onlara yenə də cəza təyin olundu.

– Dediniz ki, Tağı Əhmədovu üzə durmağa məcbur ediblər. Bəs 8-ci kilometr bazarı ilə bağlı epizodla bağlı nə deyə bilərsiz? Orada bazar sahiblərindən alınıb Akif Çovdarovun sahibliyinə necə keçmişdi? 

– Bu artıq istintaqın məsələsidir. Biz orada da tam sübut elədik ki, ittiham o hissədə də əsassızdır. Çünki orada əsas zərərçəkmiş şəxs, hansı ki, ilkin olaraq bazarın sahibi olub, gəlib orada açıq-aşkar danışdı ki, kim ona hədə-qorxu gəlib, kim onun başına pistoletlə sıxıb əmlakı alıb o qardaşlara, Səfərovlara verib. Onlar o vaxtı bazarı zorla əlindən alıblar.

– Bazarın zorla alındığı deyirsiz, amma Akif Çovdarovun sahibliyinə…

– O vaxt bazarı qaytarıb verdikləri şəxs həmin qardaşlardan ehtiyat edirdi-neynirdi, adlarını deməyəcəyəm, o vaxtı müəyyən qüvvələrə bağlı idilər, o da dedi ki, bazarı satmaq istəyirəm, münasib adamlar varsa, alsınlar. Alanlar da aldı.

– Akif Çovdarov həmin bazarın ona aid hissədə sahibliyinə qaytarılması üçün məhkəmə davası açacaqmı? 

– Həmin bazarla bağlı məhkəmə çəkişməsi davam edir. Orada bazar başqa şəxslərin adınadır. Onların adından məhkəmədə dava gedir.

– Məhkəmə Akif Çovdarovun və digərlərin işi üzrə hökm çıxaranda “8-ci kilometr” bazarının dövlətə qaytarılması elan olunmuşdu. Bazar tam olaraq dövlətə qaytarılıb, yoxsa Hilal Əsədovun 50 faizlik payı qalır? 

– Orada 50 faiz payı qalmışdı.

– Hökmə görə bazarın yarısı qanuni olaraq sahibindən alınaraq Hilal Əsədova verilib? 

– Belə çıxır. Necə ola bilər ki, yarısı qanuni, yarısı qanunsuz olur? O biri hissə qanuni çıxdı. Bir hissə qanuni, bir hissəsi qanunsuz oldu? Halbuki bazar bir yerdə həll olunan məsələ idi.

– Çox maraqlıdır, Akif Çovdarovla eyni rütbə daşıyan, MTN-in iri idarələrinin rəisləri olanlar kənarda qaldılar, Akif Çovdarovu isə həbs etdilər. Elə Akif Çovdarovun bazar məsələsində şəriki Hilal Əsədov, istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevin də adları çox hallanırdı məsələn. Niyə məhz Akif Çovdarov hədəfə gəldi? 

– Bu barədə nəsə deyə bilmərəm. Bu haqda vəkil kimi ondan soruşa bilməzdim.

– Ailəsinin yaxını kimi də xəbər almamısız? 

– Kimisə müdafiə edəndə, digər şəxslərlə bağlı niyə eyni addımların atılıb-atılmamasını soruşmuram. Belə suallar qoyanda, məsələn, bazarla bağlı deyəndə ki, niyə 50 faizi qanuni oldu, 50 faizini isə qanunsuz elan edirsiz, məhkəmə cavab verir ki, bizə iş istintaqdan belə gəlib, ittihamdan kənar çıxa bilmərik.

Tarix: 22-04-2020, 21:49
Xəbəri paylaş



Xəbər lenti