Bu gün Bakıda bankların qarşısında və avtobus dayanacaqlarıda uzun növbələr yaranıb.
Musavat.com xəbər verir ki, ölkə üzrə vətəndaşların hərəkətinə məhdudiyyət qoyulsa da, aprelin 20-də səhər saatlarından etibarən tamamilə fərqli mənzərələr ortaya çıxıb.
Ölkə üzrə karantin rejimi elan edildikdən sonra da səhər və axşam saatlarında avtobuslarda və dayanacaqlarda sıxlıq müşahidə olunurdu. Amma bu gün həmin sıxlıq daha da artıb. Sosial şəbəkələrdə yayılan fotolardan da görünür ki, “Şamaxinka” deyilən ərazidəki avtobus dayanacağında insanlar kütləvi şəkildə avtobus gözləyir. Onlar arasında maska taxan görmək mümkün deyil. Həmçinin, dayanacaqda olan insanlar arasında sosial məsafə də qorunmayıb.
Bundan başqa bu gün paytaxda insan sıxlığı bankların qarşısında da müşahidə olunub. Buna səbəb bəzi bankların koronavirusla mübarizə tədbirləri ilə əlaqədar iş vaxtını azaltması, filiallardakı işçilərinin sayını minimum endirməsidir. Müştərilərin banka bir-bir buraxılması isə uzun növbələrin yaranmasına səbəb olub.