Rəhim HƏSƏNOV, hüquqşünas
Son zamanlar bütün dünya miqyasında, o cümlədən Azərbaycanda COVID-19 virusunun yayılması və onun ehtimal olunan iqtisadi təsiri dövlət sektorunun fəaliyyətində artıq özünü büruzə verməkdədir.
Pandemiyanın kütləvi şəkildə yayıldığı bir dövrdə aşağıdakı faktorlara diqqət yetirilməsi vacib amillərdən biridir:
– iqtisadi tənəzzül dövründə yarana biləcək fırıldaqçılıq və korrupsiya riskləri və onların fəsadları;
– dövlət təşkilatlarında qeyd olunan risklərdən qorunmasına kömək edə biləcək tədbirlər.
Əlbəttə ki, heç bir təşkilat daxilində fırıldaqçılıq və korrupsiya riskləri ilə üzləşmək istəməz, lakin 2020-ci ilin fevral-mart aylarından etibarən məlum səbəblərdən təşkilatlarda daxili nəzarət səviyyəsinin normadan aşağı düşdüyünü nəzərə alsaq, seçim elə də böyük deyil. Xüsusilə bir ofis şəraitində işçilərin idarə olunması ilə bağlı adi təcrübə əksər heyətin uzaqdan işlədiyi zaman çətinləşir.
Dövlət məmurlarının əhəmiyyətli bir hissəsinin məcburi şəkildə məzuniyyətə göndərildikləri, xəstə olduqları və ya bir dostuna, yaxınına və ya ailə üzvünə qulluq etdikləri üçün məzuniyyət aldıqları təqdirdə də, əlavə fəsadlar yarana bilər. Məsələn, korrupsiya riski altında olan bəzi vəzifələrdə işləyən şəxslər qanunsuz hərəkətlər etməyə meylli ola bilər (yəni, proseduru pozmaq və ya boşluqlardan istifadə etmək üçün dolayı yollar axtarmaq).
Təbii ki, təşkilatlarda işçilərin əksəriyyətinin vicdanlı və etibarlı olduqları nəzərə alınmalıdır, lakin yaranmış vəziyyətdə vicdansız işçilərin azalmış nəzarətdən istifadə etmək imkanları qalır. Bunun əsas səbəblərindən biri kimi, Azərbaycanda dövlət qurumlarında daxili nəzarət sisteminin və müvafiq komplayns proqramlarının elə də geniş vüsət almamasını göstərmək olar.
Təəssüf ki, bir çox hallarda ölkəmizdə bu istiqamət yalnız iri qərb şirkətlərinin nümayəndəliklərində, ən yaxşı halda isə maliyyə və bank sektorunda mövcuddur. Son zamanlar bu istiqamət həmçinin digər sahələrdə fəaliyyət göstərən təşkilatlarda da tətbiq olunmağa başlanıb, misal üçün, neft-qaz, rabitə, sığorta və s. sahələrdə, lakin yenə də qanunsuz hərəkətlərin və korrupsiya risklərinin qarşısının alınması üçün bu, kifayət deyil.
Mövcud epidemioloji vəziyyətdə təşkilatların antikorrupsiya nəzarətini həyata keçirməyinin çətin ola biləcəyi proqnozlaşdırılır. Aydındır ki, daha aktual məsələlər var, lakin bəzi hallarda daxili nəzarəti azaltmaq zərurəti pozuntuların qarşısını almaq, aşkar etmək və araşdırmaq cəhdlərindən imtina etməyə əsas verməməlidir. Çətin dövrlərdə belə, təşkilatlar dövlət vəsaitlərinin sui-istifadəsindən qorunmaq üçün düzgün addımlar atmalıdır. Dövlət qurumları həm sistematik baş verən, həm də COVİD-19 pandemiyası zamanı vicdansız işçilərin fürsətdən istifadə etməyi nəticəsində yarana biləcək korrupsiya risklərinin qarşısının alınması üçün müvafiq tədbirlər görməlidir.
İqtisadi tənəzzül dövrlərində korrupsiya meylləri
Uzun illərin təcrübəsi göstərir ki, korrupsiya halları və ciddi qanun pozuntuları əsasən dövlət sisteminin pozulması və iqtisadi tənəzzül dövründə daha çox yayılır. Bunu xüsusən hər hansı bir hökumət orqanının ünvanına demək düzgün olmaz, lakin sübutlar bunun danılmaz fakt olduğunu təsdiqləyir. Çətin dövrdə maddi təzyiq (1) və fürsət (2) kimi amillərin birləşməsinin saxtakarlığa yol açdığını söyləmək olar.
COVID-19 (koronavirus) pandemiyası və bununla əlaqəli iqtisadi geriləmə hər iki amili gücləndirib.
1. İşçilər, tədarükçülər və müştərilər (və onların ailələri) faktiki və ya gözlənilən maliyyə çətinliyi ilə üzləşə bilər (məsələn, rəsmi vəzifəsini itirir, təchizatçının işi kəskin şəkildə azalır, hər hansı bir sahəyə edilmiş investisiyalar dəyərinin böyük bir hissəsini itirir və ya vəzifəli şəxs ixtisar edilməsindən narahat olur).
2. Təşkilatların daxili nəzarət sistemi zəifləyir və yaxud öz normal səviyyəsindən xeyli aşağı düşür, bəzi hallarda isə fəaliyyətini tamamilə dayandırır (məsələn, vəzifələrin və onların cavabdeh olduğu sahələrin normal bölgüsü aparılmır və ya elektron nəzarət sistemlərinə giriş çətinləşir). Əlavə olaraq, hər bir təşkilatın tədarük zəncirinin müəyyən nöqtələrində, əlbəttə ki, fırıldaqçılıq və korrupsiya riskləri yarana bilər.
2008-2011-ci illərdə qlobal maliyyə böhranı yaşandığı bir dövrdə korrupsiya ilə əlaqədar davranışların artımı müşahidə olunmuşdu. Əsasən də bu cür cinayətlərin yüksək səviyyədə olması maliyyə böhranının ən çox təsir etdiyi ölkələrdə baş vermişdi. Görünən odur ki, qlobal maliyyə böhranı və ümumilikdə iqtisadi böhran artıq uzun müddət davam edən bir sıra qanun pozuntularının və fırıldaqçılıq hallarının daha açıq şəkildə özlərini büruzə vermələrinə səbəb olmuşdur. Bu da bir sıra təşkilatların normal fəaliyyət göstərmələrinə öz mənfi təsirini göstərməyə bilməzdi.
Bunun səbəbləri ondan ibarətdir ki, iqtisadi böhranın müddəti və onun törətdiyi fəsadlar məlum olmadığından təşkilatlar qeyri-müəyyən bir müddət ərzində adi iş qaydasında fəaliyyət göstərə bilmirlər. Bununla yanaşı, idarəetmə mühitini mümkün qədər tez adi iş qaydasına gətirə biləcək qurumlar korrupsiya hallarının baş verməsi şanslarını azaldır. Bu baş verdikdə, qurumlar (və yaxud kənardan cəlb olunmuş müvafiq təşkilatlar) tərəfindən vaxtında aparılmış obyektiv audit pandemiya zamanı ortaya çıxan şübhəli anomaliyaları və ya istisnaları müəyyənləşdirməyə faydalı ola bilər.
Evdən işləməklə əlaqəli risklər
Heç kəs inkar edə bilməz ki, evdən işləmək, ofis şəraitində baş verən menecer-işçi qarşılıqlı əlaqəsinin və ümumiyyətlə, korporativ mühitin itkisi ilə nəticələnir. Həm məcazi, həm də sözün əsl mənasında, COVID-19 işçiləri onların cihazlarına (kompyuterlərə) bağlayır, bu da daxili nəzarət sisteminin işləməsinin ofisdən kənarda bir çox halda mümkün olmadığını nəzərə alaraq, korrupsiya hallarının və qanunsuz hərəkətlərin artması ilə nəticələnə bilər.
Komplayns, korporativ etika və korrupsiya ilə mübarizə sahəsində püxtələşmiş bir sıra qurumlar təşkilatlara bu riski aradan qaldırmaq üçün aşağıdakıları nəzərdən keçirməyi tövsiyə edir:
– Rəhbərlikdə olan menecerlər işçiləri ilə ara-sıra telefon və ya video konfrans əlaqələri qurmalıdırlar. Təşkilatın idarəetmə orqanlarından və komanda normalarından tam təcrid olunmaq qeyri-müəyyənliyə və cəzasızlıq barədə yanlış fikirə səbəb ola bilər;
– İşçilərə onların ailə üzvləri tərəfindən təşkilata məxsus cihazlardan və sistemlərdən istifadənin mümkünsüz olduğunu bildirmək və təşkilatın məxfi sənədlərini ev printerlərində çap edilməsini qadağan etmək;
– İşçilərə ev ofisinin və ya evdə olan iş masasının fotoşəkillərini sosial mediada paylaşmağın qadağan olduğunu bildirmək;
– İşçilərin evdən işləmək üçün götürdükləri təşkilata məxsus İT avadanlıqlarının və digər qiymətli əşyaların hesabatını aparmaq.
Satınalma və təchizat prosesi ilə əlaqəli risklər
Satınalma fəaliyyətini, ən yaxşı vaxtlarda belə, koordinasiya etmək çətindir. Pandemiya zamanı isə mövcud olan şərtləri nəzərə alsaq, təşkilatların artan təzyiq altında olacağı gözlənilir.
COVİD-19 pandemiyası zamanı iqtisadi çətinlik və karantin rejimi ilə əlaqədar aşağıdakılar gözlənir:
– yalnız təcili satınalma proseslərinin aparılması;
– müqavilələrdə dəyişikliklərin həyata keçirilməsi;
– daha rəqabətli şərtlərə nail olmaq üçün birbaşa danışıqların aparılması;
– təchizatçılara, xüsusən də kiçik biznesə, ödənişlərin tez həyata keçirilməsi;
– təchizat mütəxəssislərinə bəzi əşyaların nağd şəkildə alınması zamanı etibar edilməsi.
Qeyd olunan şərtlər mövcud şəraitə tam uyğun ola bilər, lakin tarix göstərir ki, çətin dövrlərdə baş verən iqtisadi tənəzzül zamanı satınalma prosesləri bəzən korrupsiya halları ilə əlaqəli olur. Təşkilatlar bilməlidirlər ki, mövcud şəraitdə bəzi layihələrə ayrılmış büdcələrin maliyyə ilinin sonuna kimi azalması qaçılmazdır. Bu, vəsaitlərin düzgün olmayan bir istiqamətə yönəldilməsi və ya ayrılmış büdcənin tükənməsi riskini yaradır.
Satınalma risklərini aradan qaldırmaq üçün təşkilatlara aşağıdakıları nəzərə almaq tövsiyə edilir:
– Təşkilatın təcili satınalma işini həyata keçirməsi lazımdırsa, ən azı, iki nəfərin bu prosesə cəlb edilməsi təmin edilməlidir ki, nəzarətin aparılması asanlaşsın;
– Təchizatçı təşkilata məlum deyilsə və ya əvvəlcədən müəyyən edilmiş vendorlar siyahısında yoxdursa, təcili satınalma daha çox risk daşıyır;
– Satınalma prossesi onlayn maliyyə sistemindən kənarda baş verməlidirsə (məsələn, təşkilatın maliyyə nümayəndəsi oflayndırsa və ya sistem əlçatmazdır), ən azından qərarlar e-poçt vasitəsilə verilməlidir və ya müasir elektron sənəd qeydiyyatından keçirilməlidir;
– Təşkilatlar və təchizatçılar müqavilələrdəki fors-major şərtlərini yerinə yetirməlidirlər. Müqavilələrdə bu şərtlər olmadıqda, hər iki tərəf müqavilə şərtlərini pozacaq hərəkətlərdən və ya ödənişlərin mümkün olmayan müddətə uzadılmasından çəkinməlidir;
– Təşkilat şübhəli hesab-fakturaları, ödənişləri, əməliyyatları və tədarükçüləri müəyyənləşdirmək üçün mövcud daxili nəzarət sistemindən, komplayns proqramlarından və məlumat analitiklərindən istifadə etməlidir.
Dövlət sektorunda korrupsiya risklərinə qarşı daxili nəzarət sistemi
Dövlət qurumlarında saxtakarlıq və korrupsiyaya qarşı nəzarət proqramı olmalıdır. Yeni nəzarət sistemlərinin, risk qiymətləndirmələrinin və bununla əlaqəli üzbəüz təlimlərin keçirilməsi kimi təşəbbüslər karantin rejimində mümkün olmaya bilər, bu səbəbdən onların təşkilat daxilində artıq işlək vəziyyətdə olması əsas amillərdən biridir.
Əlavə olaraq, pandemiya ilə eyni vaxtda işçilərə fırıldaqçılıq və korrupsiya təhlükəsi ilə bağlı xəbərdarlıqlar göndərilərsə, bu, onların üzərində artıq təzyiqin olması ilə nəticələnə bilər.
COVİD-19 pandemiyası zamanı mövcud şərtləri nəzərə alsaq, daxili nəzarət proqramlarının elementlərinin tez-tez istifadə edilməsini gözləmək olar. Normal iş rejiminə ən qısa müddətdə qayıtmaq nə qədər də vacib olsa da, faydalı, lakin sadə bir yanaşma ilə işçilərə pandemiya dövründə onların dövlət məmurları kimi etik öhdəliklərinin olduğunu xatırlatmaq lazımdır.
Dövlət məmurları bilməlidirlər ki, Azərbaycan Respublikasının vətəndaşları hazırkı çətin mühitdə onların dürüstlüyünə və qanuna sadiqliyinə güvənirlər. Və öz qanunsuz hərəkətləri ilə dövlət tərəfindən pandemiyanın qarşısının alınması və onun əhaliyə təsirinin azaldılması sahəsində gördüyü işlərə ləkə salmamalıdırlar. Əksinə, bu tədbirlərə dəstək olaraq öz töhfələrini verməlidirlər.
Əlbəttə ki, dövlət qurumlarının rəhbərliyi tərəfindən bu öhdəliklər haqqında qısa xatırlatmalar təsirli ola və mövcud heyət əlaqələri və korporativ etikanı gücləndirə bilər.