AFAQ BƏŞİRQIZININ ABSURD "AZADLIQ TEATRI" - Bakı heç kimə ulu dədəsindən "şəxsi şəhər" kimi miras qalmayıb!...



 

Ariz ABDULƏLİYEV, 

Bakı Musiqi Akademiyasının aparıcı elmi işçisi, "91-lər" ictimai-siyasi hərəkatın üzvü 

[email protected] 

 Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, Prezidentin "Fəxri fərmanı" ilə və neçə-neçə mükafatlarla təltif olunan sevimli aktrisa, professor Afaq Bəşirqızı (A. B. Səfərova) "Azadlıq" radiosuna verdiyi son müsahibəsində sənətlə yanaşı, ictimai duruma, rayonluların kənddə işləməyib şəhərə axışmasına, insan əxlaqına birbaşa aidiyyatı olan bəzi fikirlər səsləndirib.

Müsahibədən sitat: "Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı - işğal olunan rayonları nəzərdə tutmuram - qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa "Novostroyka"nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük. İndi kimisə günahlandırmağa ixtiyarımız yoxdur. Səhv deyirəmsə, deyin, Afaq xanım, səhv deyirsiniz... Ürək xəstəliyinə görə şəhərdə evimdə yaşaya bilmirəm, bağdayam. Torpaq, bel görməyən Afaq ağır əməliyyat keçirməsinə baxmayaraq, nə isə əkirəmsə, deməli, bunu rayonda da etmək mümkündür. Sadəcə, Bakıda yaşamaq hamımızın azarı və bezarıdır. Çətin bir anda ağlayırıq, nəisə tələb edirik, qışqıra-qışqıra istəyirik... Qışqırmaqla nəyəsə nail olmaq mümkün deyil. Artıq o dövr keçib. "Novostroyka"nın zirzəmisində şikəst uşaq əkib-doğurlar, sonra da qucaqlarına alırlar, gəlirlər verilişlərdə həkim axtarmağa. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır... Kişi odur ki, özünə arxalansın, biz özümüz özümüzə arxalanmalıyıq". 

Afaq xanım, səhv deyirsiniz. Uman yerdən küsərlər, yaxud uğursuz "ictimai xadim" imitasiyası Afaq Bəşirqızı sənət ictimaiyyəti, eləcə də geniş tamaşaçı kütləsi tərəfindən ilk növbədə, komediya aktyoru kimi tanınır, sevilir. Deyərdim, sənətdə qazandığı şöhrətin yarısı "Bəşirqızı" təxəllüsünün payına düşür. Amma hər halda, onun böyük aktyor ustalığı, silsilə rolları komediya aktyorluğu sənətində yeni səhifələr açıb. Bu sahədə kifayət qədər fəaliyyəti, nailiyyətləri və təcrübəsi var. A.Bəşirqızı özünün səhnə və kino fəaliyyətində aktyorluq sənətinin çox çətin sahəsi olan komediya aktyorluğunu bacardığı qədər bu istiqamətin, üslubun ənənədən gələn professional və müasir tələbləri səviyyəsində qoruya və yaşada bilib. Son 30 ildə professional teatr və kino komizmini lağ-lağı ilə, şit hərəkətlər və tərbiyəsiz ifadələrlə, dialekt danışıq tərzi və "hırıldatmaq" oyunbazlığı ilə, mənasızlıqla, rayon və kənd camaatını təhqir hədəfinə çevirməklə qarışıq salan "tərbiyəsiz komik teatr"dan (mən onu böyük məmnuniyyətlə "biabırçı komediyabazlıq" adlandırardım) fərqli olaraq, Afaq xanımın oyunlarında komik aktyorluğun peşəkarlıq məziyyətləri daha üstündür.

"Bu şəhərdə", "Qulp", "Bozbaş pikçers", "Buğlama", "Komediyaxana", "Bacanaqlar", "Qardaşlar", "Planeta parni iz Baku", "Praym-şou", "Stand up Baku" və daha nələr... Son illərin kommersiya "komediya" filmləri...

Doğrudur, 1990-cı və 2000-ci illərin bəzi şou tamaşalarını, eləcə də "Afaq gülür, Afaq güldürür"ü xatırlasaq, Afaq xanım da hərdənbir özünəməxsus sənətkarlıq üslubunun oyun kontekstindən azacıq da olsa çıxaraq, rayon ləhcələri ilə, arabir "məişət" ifadələrilə, səhnədə ənənəvi olaraq işlənməsi yasaq bilinən açıq və dolayı eyhamlarla, yumor və satira adı ilə "komediyavari", "zorən gülüş" oyunları da göstərib. Bu, əlbəttə, digər bir mövzunun söhbətləridir. Əsas odur ki, A.Bəşirqızı teatrda komediya peşəkarlığını qoruya bilən az sayda aktyorlardandır və buna görə, mən bir tamaşaçı kimi ona təşəkkürümü bildirirəm.

İnanıram ki, nə vaxtsa ölkəmizdə teatr və kino tənqidi sahəsində ciddi mütəxəssislər yetişəcək və "kütləvi hırıldatmaq" psixozu yaşayan istedadsız aktyorlar, lağ-lağılarla və sənətin dibində qurdalanmaqla özünün mənasızlıq, absurdluq komizmini sırıyanlar, zorən gülüş yaratmaq naminə komediyaya arvad paltarında və yaxud kəndli qiyafəsində, danışığında və ya qədeş dialektində, yaxud da tərbiyəsiz ifadələrlə daxil olanlar, teatra populyarlıq və pul qazanmaqdan savayı marağı olmayanlar, biletlərin satışı naminə ciddi sənəti düşünə bilməyən ali təhsilli və pullu dibillərin hırıldamağına qurban vermiş biabırçı və tərbiyəsiz komediyabaz aktyorlar, teatr və kinodakı "komik" maşenniklər yaxşıca tənqid olunacaqlar...

Afaq Bəşirqızı görkəmli komik aktyor olsa da, nədənsə mükəmməl sənət siyasətçisi və ictimai xadim ola bilmir. Əgər "Azadlıq" radiosuna verdiyi son müsahibəsinə şərti olaraq (səhnə - "Azadlıq" radiosu efiri, rejissor - radionun aparıcısı, aktyor A.Bəşirqızı), onun komediya janrından uzaq ciddi ictimai-sosial rolu kimi baxsaq, o zaman deyə bilərik ki, "millət təəssübkeşi", "ictimai-sosial durumu dəyərləndirən", "xalq sənətkarının xalqa müəllimliyi", "əxlaq və demoqrafiya eksperti" rolunu zəifdən zəif, hətta çox uğursuz oynadı. Mən bu xüsusda A.Bəşirqızının rayonluların zirzəmilərdə uşaq əkib-bikməsi, kəndi qoyub şəhərə gəlməsi barədə fikirlərini ("psevdomonoloqunu") nəzərdə tururam. Bu açıqlamalar başdan-başa "absurd Afaq teatrı" oldu. Bir də axı sənətkarlıq və şəxsiyyət həmişə düz mütənasib asılılıqda olmur və bunu sənət adamları özləri də dəfərlərlə etiraf ediblər. Nə isə...

Son günlər sosial şəbəkələr, elektron mətbuat A.Bəşirqızının müsahibəsindən yuxarıda sitat verdiyimiz fikirləri, ifadələri müzakirə, tənqid predmetinə çeviriblər. Tənqid edənlər daha çoxdur. Amma az da olsa, "A.Bəşirqızı elə yox, belə demək istəyib", "Afaq xanım millətə həqiqəti deyib", "kontesktdən çıxarmaq olmaz" kimi mövqedə dayananlar da var. Şəxsən mən Afaq xanımın dediklərini kontesktindən çıxarmaq fikrində deyiləm, onun sözlərinə "belə demək istəyib" kimi həqiqətdənkənar dəstək şərhləri yazmaq istəyində də deyiləm, "rayonlu-şəhərli söhbəti etmək istəməyib" kimi yalançı "təhlili baxışları" da qəbul eləmirəm. Belələrinin Bakıda oturub saytlara ağılverən köşələr, oxunmayan şeirlər yazmaqdan, deputat kürsüsündə "ağıllı görsənmək" istəyindən savayı əlindən bir iş gəlirmi? Onlar A.Bəşirqızına qahmar çıxıb, kənddən şəhərə gələnləri hətta torpaq unutqanlığında, zəhmətsiz yaşamaqda ittiham edirlər...

Kim əlinizdən alır? Buyurun, Afaq xanımla birlikdə köçün kənddə, rayonda yaşayın, orada həm torpaq becərin, məhsulunuzu satıb dolanın, həm də yaradıcılıqla məşğul olun. Elə rayonun özündə də media saytları üçün köşəmanlıq, jurnalistlik etmək, aktyorluqla məşğul olmaq tamamilə mümkündür. Bu ölkə sizindirsə, torpağı, vətəni doğrudan da sevirsinizsə, o zaman unutmamalısınız ki, vətən, ölkə təkcə Bakıdan ibarət deyil; o zaman bilməlisiniz ki, vətənpərvərtlik, millətsevərlik təkcə rayon əhlini Bakıya gəldiyi üçün qınamaqdan ibarət deyil. Belə vətənsevərlikdə, torpaqsevərlikdə, millətsevərlikdə bulunan xanımlar və cənablar, niyə Bakıda oturubsunuz, gedin rayonlarda həm torpaq əkin, həm də işləyin, yaradıcılıqla məşğul olun. Axı sizə mane olan yoxdur. Ü.Hacıbəylidən, Mirzə Cəlildən, Heydər Əliyevdən, kənddə, rayonda, bölgədə işləmiş nə qədər dəyərli ziyalı şəxsiyyətlərdən, istedadlı aktyorlardan və rejissorlardan, yaradıcı insanlardan, yazıçı, şair və jurnalistlərdən artıqsınız məgər?

Bəli, müsahibəyə münasibətdə insanların A.Bəşirqızının həmin fikirlərindən inciməsi, tənqid etməsi tam gözləniləndir və haqlı münasibətdir. "Uman yerdən küsərlər". Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, "Şöhrət" ordeni, professor kimi yüksək adlar, imtiyazlar, mükafatlar daşıyan, ən vacibi xalqın alqışları və qiyməti sayəsində belə şöhrət zirvəsinə çatan Afaq Bəşirqızı efirdə fikir deyəndə, mediada xalqın sevimlisi, "ictimai ekspert", sənət xadimi kimi çıxış edəndə mütləq ifadələrinə fikir verməliydi, obyektivlik, həqiqət, məsuliyyət və ədalət kimi kriteriyalara əməl etməliydi. O, ictimai xadimliyə, milli təəssübkeşliyə, dahiliyə uğursuz imitasiya edəndə unutmamalıdır ki, istedadlı və sevimli aktyordur, daha böyük ictimai xadim, cəmiyyətə divindentlər qazandıran aktual sosial platformaların müəllifi, müdrik filosof-alim, kəşflər etmiş akademik, Azərbaycana beynəlxalq nüfuz qazandıra bilən dünya şöhrətli ulduz aktyor deyil. Unutmamalıdır ki, "rayondan gələnlər" dediyi o zümrə həmişə olub, yenə də var və bu, həmin tamaşaçı kütləsidir ki, Bəşir Səfəroğlunun tamaşalarına həvəslə bilet alıblar və Afaq xanım da o biletlərin satışından gələn qazancla, qonorarla yaşayan bir aktyorun evində böyüyüb. Bir sözlə, xalqı təhqir etməyə heç kimin hüquqi və mənəvi haqqı çatmır, heç şöhrətli komik Afaq Bəşirqızının da...

İnsan özündən bu qədər razı olarmış, bu qədər "mən-mən" deyərmiş? Bəlkə bu, eqonun patologiyasıdır? Bəlkə əməlli-başlı maniya veliçiya və meqalomaniya yoluxmasına xas olan davranış və danışıq tərzidir? Bəlkə şöhrət pilləsinin təlqin etdiyi başgicəlləndirici eyforiyanın yüksək dozansındandır? Bəlkə hə, bəlkə də yox. Amma bir həqiqət var ki, xalqımızın "ağac bar verəndə başını aşağı əyər" məsəli şöhrətli sənətkarlara xalqın problemlərinə münasibətdə məsuliyyətli, ədalətli, obyektiv və təvazökar olmağı öyrədir. Əgər Afaq xanım özünü bu qədər yüksək əyarlı sənətkar, şəxsiyyət və etikalı qadın hesab edirsə, onda özünə də, ona qiymət verən rayon tamaşaçılarına da hörmət-izzətlə, sənətkar etikası ilə, nəzakətlə, ədəb-ərkanla yanaşmalıdır, daha mənəm-mənəmliklə, "dahiyanəlik"lə, təhqirlə, meqalomaniya ilə yox. "Şəhərli- rayonlu" ayrıseçkiliyi nəyə lazım? Azərbaycan Respublikasının, xalqımızın müharibə şəraitində yaşadığı indiki vaxtda hamımızın bir düşməni var. Sənətdə düşmənlə döyüşmək, həyatda əsgərlərə baş çəkmək, onlara konsert vermək, dəstək olmaq əvəzinə, Xalq artisti "Azadlıq" radiosuna son müsahibəsində ictimai narazılığa rəvac verə bilən bölgə ayrıseçkiliyi salır, təhqirli ifadələrlə "rayon-şəhər" söhbəti eləyir, rayonluları əskildir. Onsuz da tamaşalarda və flmlərdə aktyorluq qabiliyyəti yalnız rayon ləhcələrində danışmaqla güldürməyə çatan, bununla dilimizin bölgə dialektlərini ucuz komediyaçılıqla təhdid edən, dilimizi və rayonluları öz istedadsız oyunbazlığı ilə aşağılayan sənətsiz, biabırçı "qəmediya" oyunbazları kimi, bu sevimli aktrisamız da nədənsə belə bir aşağılayıcı münasibəti "Azadlıq" radiosuna müsahibəsində göstərdi. Bu nədir? Ciddi sənət müzakirələrindən ictimai qınağa uğursuz modulyasıya? Yoxsa absurd ictimai qiymətləndirmə? Yoxsa, ağıl vermək və dahimaniya mərəzi, bəlkə maniya veliçiya? Yoxsa ucuz komediyabazlıq mühitinin - rayon ləhcəsi ilə zorən gülüş yaradan qabiliyyətsiz və tərbiyəsiz komediyabazların kənd və rayon əhalisinə "çuşka" münasibətindən irəli gələn populistik təsir?

Bu Xalq artisti üzr istəmək əvəzinə üstəlik az qala "əcəb eləmişəm" deyə özünü haqlı sayırsa, deməli fəxri adındakı "xalq" tərkibini, eləcə də etimad və sevgidən dolayı xalq alqışlarını tapdalamırmı? "Məni heç kimin qiyməti maraqlandırmır". Bəs tamaşaçıların və teatrsevən, sənətçiyə qiymət verən insanların, sənətkarların qiyməti?

Ölkədə insanlar dünyanı ağuşuna almış virus təhlükəsi yaşayır, milyonlarla insan evdə oturub sosial izolyasiyanın psixoloji və məişət fəsadlarını, yoluxma təşvişini yaşayır. Üstəlik də əsgərlərimizin düşmənlə üzbəüz səngərdə vətəni qoruduğu bir zamanda - müharibə şəraitində Xalq artisti A.Bəşirqızı öz müsahibəsində rayonlu-şəhərli ayrıseçkiliyinə yol verir. Bəlkə Bakıya işləməyə gələn, "təkər qaraldan", "maşın şüşəsi təmizləyən" o rayonluların arasında müharibə veteranları, müharibə əlilləri, döyüşçülərin övladları da var? Afaq Bəşirqızı, bu qədər düzlük, həqiqət sevənsizinsə, o zaman rayondan gəlib zirzəmilərdə uşaq əkib-becərənlərin, şikəst uşaq doğan və televiziyalarda həkim axtaran müğənni qadınların adını konkret çəkib göstərin. Yox, faktsız danışırsınızsa, o zaman ölkəmizin rayon və kənd əhalisindən bu yarıtmaz ifadələrinizə, cavablarınıza görə üzr istəyin.

Bir də ki, Bakı şəhəri nə Afaq Bəşirqızının, nə onun ata-babasının, nə də digər birisinin xüsusi mülkiyyəti deyil, heç kimə ulu dədəsindən "şəxsi şəhər" kimi miras qalmayıb. Bakı - ölkəmizin paytaxtıdır, bütün xalqımızın şəhəridir və hər bir vətəndaş öz seçimi ilə paytaxtda yaşaya da, işləyə də, gəzə də, istirahət edə də bilər. Nə yaradıcı ziyalılar, iş adamları, alimlər və incəsənət işçiləri, nə də digər peşə sahibləri, tacirlər, evdar qadınlar, mətbuat işçiləri və ölkənin kadr siyasəti insanlar arasında əsassız olaraq rayonlu-şəhərli "sortlaşması" aparmamalıdır. Bu, ölkəni, xalqı ideoloji uçuruma, sosial qarşıdurmaya, dilimizin məhvinə, gəncləri manqurtlaşmağa, mənəviyyatsızlığa, milləti parçalamağa, cəmiyyəti ədalətsizliyə, kütləvi etiraza və vətəndaş qarşıdurmasına sürükləyən düşmən mövqeyidir. Qərəzkar, aşağılayıcı rayon-şəhər ayrıseçkiliyi qaldı düdük ermənilərin və dilimizdə danışmağı özünə yaraşdırmayan "internasional" manqurtların yaşadığı keçmiş əyyamlarda. Qəsdən bu söhbəti yaradanlar, əslində xalqımızı sevməyən, ana dilimizə və mədəniyyətimizə "çuşqa" deyən mədəniyyətsiz, əxalqsız "mehriban düşmənlər" idilər ki, heç vaxt Bakının əslən azərbaycanlı şəhəri olmasını arzulamayıblar, "internasional şəhər" adıyla xalqımıza qarşı şovinst manipulyasiyalar ediblər. İndi onların qeyri-humanist, əsassız, şovinist ideyalarını, düşmənçilik üslubunu davam etdimək, bu kimi söhbətləri aparmaqla əhali arasında yerliçilik salmaq, əslində düşmən dəyirmanına su tökməyə, ictimai qarşıdurma yaratmağa bənzəmirmi?

Afaq Bəşirqızı, heç kim kefindən ailəsini, ev-eşiyini qoyub, rayondan şəhərə gəlmir. XXI əsrdə dünyanın hər yerində, Azərbaycanda da əmək miqrasiyası hökm sürür, dünyada hamı özünə sərf edən və bacara bildiyi işi axtarır. Nə qədər Azərbaycanlımız xarici ölkələrdə müxtəlif sahələrdə işləyirlər. Sizcə, o ölkələrin sənətkarları, yaxud hökuməti deməlidir ki, qayıdın kəndinizdə ağac belləyin? Türkiyədən Bakıya işləməyə həkimlər, biznesmenlər gəlirsə, onlara "get Türkiyədəki köyündə pul qazan" deməliyik? Ölkəmizdə təhsil alan nə qədər əcnəbi tələbə Bakıda qalıb işləyirsə, onlara "qal kəndində yer bellə, pul qazan, Bakıda nə işin" deməliyik?

Azərbaycan kimi bap-balaca bir ölkədə insanların, xüsusilə gənclərin məişət, həyat, təhsil, iş, qazanc, bədii-estetik maraqlarını tam təmin edə bilən bir məkan və bir real imkan varsa, o da Bakı şəhəridir.

Başqa real fakta üz tutaq. Məsələn, siz, yaxud atanız da daxil olmaqla, gənc aktyorlar, görkəmli səhnə xadimləri nə zamansa pul qazanmaq üçün rayonlara, digər respublikalara qastrol səfərlərinə getməyiblərmi? İnsanlar da Bakıya iş axtarmaq, müqavilə ilə, yaxud günəmuzd işləməyə gəlirlər ki, ailələrinə pul göndərə bilsinlər. İnsanlar Bakıya təhsil, elm almağa, öz savad və bacarıqlarını, həyat maraqlarını reallaşdırmağa gəlirlər. Elə sizin dərs verdiyiniz ali məktəbdə nə qədər rayon əsilli istedadlı gənclər təhsil alırlar. Kim bilir rayondan gələn nə qədər tələbə var ki, ehtiyac ucbatından plana düşmüş köhnə, yarıdağınıq, rütubətli və şəraitsiz mənzillərdə ucuz kirayə haqqı ilə yaşayırlar, dərsdən sonra "zirzəmidə təkər qaraldıb", yaxud bazarda yük daşıyıb dönər yemək üçün pul düzəldirlər. Bəlkə siz öz üslubunuza və "həqiqətlərinizə" sadiq qalıb, onlara "get rayonda torpaq bellə", "Bakı yaman qarışıb", "ayağı yer tutan rayondan Bakıya gəlir", "zirzəmidə uçaq əkib-doğursunuz" deyəsiniz? Sizin absurd "novostroyka", "gənclərin zirzəmidə uşaq əkib-doğması" "Bakıda yaşamaq", "dərdimiz, bezarımız", "kişilik", "pul qazanmaq" dərslərinizdən belə alınır ki, indi akademiklərimizi, xalq artistlərimizi, sənət adamlarımızı, elm xadimlərimizi, professorları, şair və yazıçıları, iş adamlarını, deputatları və onların övladlarını qınamalıyıq ki, niyə gənc olanda rayonda torpağı belləmək, rayonda pul qazanmaq əvəzinə şəhərə gəlmişdin, niyə Bakıya axışdınız, niyə dərdiniz-bezarınız elə Bakıdır? Belə absurd fikirlər sizin qafanıza haradan gəlir axı? Ayıb deyilmi? Təəssübkeşliyinizi "zirzəmi sevgilərinə" yönəltməkdənsə, bölgələrdə teatrın, incəsənətin, mədəniyyətin inkişafına, insanların bədii-mənəvi tələbatlarının ödənilməsinə yönəldin.

Afaq Bəşirqızı, rayonlardan şəhərə gənc qadın və kişilər keflərindən və ya müğənni olmaq üçün, yaxud "zirzəmilərdə uşaq doğmaq" üçün gəlmirlər. Bunu bilin. Hansısa bic uşaq doğan rayonlu müğənniyə görə (əgər belə fakt varsa belə), rayonluları təhqir etməyə sizə heç kim, hətta daşıdığınız fəxri ad, şöhrətiniz və oynadığınız rollar da haqq vermir. Niyə bic uşaq doğan sənət xanımları ilə rastlaşdığınıza görə, ölkədə rayonlu-şəhərli "sortlaşması" aparırsınız? Məgər əxlaqın, əxlaqsızlığın da rayonu, şəhəri olur? Siz özünüz məgər rayonda, Bakıdan kənarda işləməmisiniz? İşləmisiniz. İndi sizin özünüzə, dönə-dönə üzr istəyirəm, Allah eləməmişkən kimsə "rayon artistkası", "Sumqayıtda, Lənkəranda klounluq edib, rayonluları ələ salan artistka", "həyatı mədəniyyət klublarının kulislərində keçən qadın", "rayonluların bilet pulu ilə böyüyən artist", "pullu kişilərdən özünə sponsorluq himayəsi axtaran oyunbaz" kimi haqsız ifadələr işlətsələr, xoşunuza gələrmi? Siz özünüz dövlətdən yardım aldığınız halda (Prezident təqaüdünü nəzərdə tuturam), kişilərin Bakıda pul qazanmaq axtarışını və ya hökumətdən yardım ummasını niyə qınayırsınız, niyə insanlara "kişilik dərsi" verirsiniz?

Bəs məşuqunun villasında, "novostroyka"dakı şəraitli mənzilində keflər yapa-yapa, yaxud otellərdə "sifarişlərə" gedə-gedə uşağa qalıb abort etdirən qadınlar rayonludur, yoxsa şəhərli? Bunun araşdırmasını və statistikasını kim aparıb? Bəlkə siz, A.Bəşirqızı? Buna görə, rayonluları təhqir etməyə dəyərmi? Əgər bu barədə problem kimi bəhs etmək istəyirsinizsə, buyurun, bir sənət adamı kimi ciddiyə alın və mütəxəssislərlə birlikdə müzakirə açın. Daha gənc ailələrin rayondan gəlib zirzəmilərdə şikəst uşaq əkib-biçməsi, qadınların zirzəmilərdə vətənə şikəst əsgər doğması haradan ağlınıza gəlib? Bir də axı "şikəst uşaq" nə deməkdir? Dünyaya şikəst körpə gətirməkdən kim sığortalanıb ki? Allahdan qorxmursunuz bu yaşınızda? Siz özünüz də anasınız axı... Kimlərsə yeganə söz demək yeri olan televiziyada şikəst, xəstə övladına kömək, dərman pulu istəyirsə, onları təhqir etməyə sizin nə haqqınız var? Kömək edə bilirsinizsə edin, daha sizə olan xalq sevgisindən, şöhrətinizdən sui-istifadə etməyin, ayıbdır. "Xalqın gözü tərəzidir" - bunu unutmayın. Afaq Bəşirqızı millət təəssübü çəkəndirsə... Afaq Bəşirqızı danışanda heç olmasa, qadın olduğunu unutmayaydı. Özünə hörmət edən qadın, xüsusilə də Xalq artisti kimi yüksək titul daşıyan xanım sənətkar bu cür "həqiqətlərdən" dəm vurmaz, danışığında belə kobud, qeyri-etik ifadələr işlətməz. Ölkəmizin, sənətin, teatr və kinonun, aktyorların o qədər problemləri var ki... Ölkədə təhsil haqqı ödəməyə, istedadlı və savadlı övladını xaricdə təhsil almağa göndərməyə, övladını müalicə etdirməyə, normal yeməyə, geyinməyə maddi imkanı çatmayan o qədər kasıb və ortabab ailələr var ki... Belə həqiqətpərəst sənətkarsansa, xalqını doğrudan da sevirsənsə, onda bu kimi həqiqətlərdən danış.

Hökumət aztəminatlı ailələrə, işsiz qalanlara müavinət verir, siz isə Bakıda iş axtaranları, işsiz qalanları "zirzəmiyə salıb" əxlaqsız kimi qələmə verirsiniz.

İnsanlar torpaqda, bağ-bağatda, əkin-biçində, təsərrüfatda işləyib rayonlardan Bakıya kənd təsərrüfatı məhsulları - meyvələr, tərəvəzlər, ət, toyuq, balıq, yağ, yumurta, süd, pendir, qaymaq daşıyıb satırlar ki, siz sənətkarlar bolluca yeyib rol oynayasınız, səhnədə səsiniz bərk çıxsın, camaatı güldürəsiniz, yüksək fəxri adlar və imtiyazlar ala biləsiniz və s. Siz isə əvəzində onlara kişilik, tərbiyə dərsi verirsiniz?

Sadəcə, ayıb olsun.

Mən yuxarıda "tərbiyəsiz teatr", "tərbiyəsiz kino", "tərbiyəsiz telekomediya" anlayışlarını təsadüfi işlətmirəm. Bu növ teatr və kinoda elə açıq ədəbsiz sözlər, elə söyüş ifadələr, eyhamlı jarqonlar, "küçə rəftarı" işlədilir ki, mən onları mətbuatda yaza bilmərəm. Bağışlayın, əxlaqım yol vermir. Belə bir üzdəniraq teatr, kino və teleşou təmayülləri "arsız və əxlaqsız hırıldamaq və hırıldatmaq" missiyasını yerinə yetirməkdədirlər. Və əlbəttə, kütləvi şəkildə Azərbaycan əhalisini manqutlaşdırmaqla, tərbiyəsizləşdirməklə, onda milli natamamlıq kompleksi yaratmaqla, gənc nəsillərdə lağ-lağı əxlaqı formalaşdırmaqla, əhalinin bədii zövqünü özləri kimi primitvləşdirməklə məşğuldurlar. Artıq proses çoxdan başlayıb. Bu ölkədə ciddi bir teatr, kino tənqidçisi yoxdur ki, səviyyəsiz və tərbiyəsiz komediya teatrını, qeyri-peşəkar və tərbiyəsiz "kinokomediya sənayesi"ni və primitiv, qeyri-peşəkar telekanal şoularını yaxşıca tənqid etsin...

Afaq Bəşirqızı əgər doğrudan da millət təəssübü çəkəndirsə, qoy təəssübünü zirzəmilərdəki "gizli sekslərin" tənqidi ilə sübut eləməsin. Əksinə, bir sənət adamı kimi ölkədə baş alıb gedən səviyyəsiz, biabırçı komediyabazlıq xəstəliyini, hırıldatmaq üçün sino gedən istedadsız lağ-lağı aktyorluğu, sözü və istedadı tükənmiş gənc aktyor və aktrisaların rayon ləhcələri ilə gülüş yaratmaqdan savayı qabiliyyəti olmadığını, səhnədə tərbiyəsiz və əxlaqsız ifadələrlə danışanları, komik teatrı tənqid yox təhqir məkanına çevirənləri, şitliklə səviyyəsiz tamaşaçını güldümələrini, uzun-uzadı və qeyri-peşəkar televiziya seriallarını və tərbiyəsiz, mənasız, səviyyəsiz şou-verilişləri qoy tənqid eləsin. Bu olar əsl sənətkar, əsl pedaqoq mövqeyi.

Hüquq-mühafizə orqanlarına və tikinti şirkətlərinə müraciət edirəm Afaq Bəşirqızının "Azadlıq" radiosuna müsahibəsindəki bəzi açıqlamalara məntiqlə yanaşsaq, deməli "novostroyka"ların zirzəmiləri rayondan gələnlərin “əxlaqsızlıq sığınacağı” olub? Bəs bu MTK-lar, tikinti şirkətləri əhaliyə təklif etdikləri, satdıqları binaların zirzəmilərinə niyə nəzarət etmirlər. Afaq Bəşirqızının "novostroyka" zirzəmilərinə dair açıqlamasına görə, bu zirzəmilərdə gənclər tərəfindən şikəst uşaqlar əkilib-doğulursa, o zaman MTK-lar, tikinti şirkətləri, müvafiq hüquq-mühafizə orqanları, Ana, Uşaq və Ailə Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və idman nazirliyi, QHT-lər indiyə qədər niyə belə qanunsuz, əxlaqıs hallara göz yumublar, qarşısını almayıblar? Belə fakt varsa, bu, əməlli-başlı cinayət, mənəviyyatsızlıq, sosial təhlükə faktıdır, milli genefond problemidir. Tikinti şirkətləri və müəssisələri niyə belə qanunsuzluğa, özbaşınalığa, məsuliyyətsizliyə, nəzarətsizliyə yol verirlər?

Mən üzümü hüquq-mühafizə orqanlarına tuturam. Xahiş edirəm, Xalq artisi Afaq Bəşirqızının rayondan gələn gənclərin "novostroyka"larınn zirzəmilərində "uşaq əkib-doğmaq" əməlləri ilə, yəni qanunsuz və mənəviyyatsız əməllə məşğul olmaları barədə açıqlaması da, "Azadlıq" radiosunun KİV haqqında qanuna zidd olaraq bu kimi təhqiramiz fikirləri yayımlaması da qeydə alınsın və fakt üzrə təhqiqata başlanılsın. A.Bəşirqızı istintaqa cəlb olunsun və bu faktın hansı MTK-ların zirzəmisində baş verməsinə aydınlıq gətirilsin. Belə faktlar sübut olunarsa, mütləq qarşısı alınsın. Yox əgər A.Bəşirqızı hüquq-mühafizə orqanlarına bu barədə konkret fakt göstərə bilməzsə, iradlarını sübut edə bilməzsə, müvafiq qanunlar əsasında barəsində cinayət işi açılsın, yaxud KİV-lərdə xalqdan üzr istəsin.

Tarix: 17-04-2020, 09:14
Xəbəri paylaş



Xəbər lenti