Yeni telefon xətti çəkdirmək üçün ərizə ilə bir neçə dəfə müraciət etdi, Xəzər rayon Telefon Qovşağı onun ərizəsinə cavab vermədi.
Correct.az xəbər verir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan vətəndaş yeni telefon xətti çəkdirmək üçün Xəzər rayon Telefon Qovşağına bir neçə dəfə ərizə ilə müraciət etsə də nə onun ərizəsinə cavab verilib, nə də ona yeni telefon xətti çəkilib. Telefon xəttinin çəkilməsi üçün dövlət rüsumunu ödəməyə hazır olan və adının açıqlanmasını istəməyən vətəndaş deyir ki, artıq neçənci dəfədir ərizə ilə qovşağa müraciət etsə də ona cavab verilmir. Qeyri-rəsmi və şifahi verilən cavaba görə yeni telefon xəttinin çəkilməsi üçün hökmən ATS-454 rəisi Babayev Mirbabaya şəxsən xahiş etdirmək lazımdır.
Şikayətçi vətəndaş eyni zamanda bildirir ki, Xəzər telefon qovşağında çalışan təmir bürosunun ustaları sözügedən ərazinin portunda boş yer olduğunu, "Portda yer olmadığı üçün sizə telefon xəttinin çəkilməsi mümkün deyil" deyə verilən cavabların yalan və əsassız olduğunu bildirib.
Məsələ ilə bağlı Correct.az saytı olaraq Xəzər Telefon Qovşağının rəisi Babayev Mirbabaya (0124548101) zəng edib ondan mövqe öyrənməyə çalışsaq da zənglərimizə cavab verməyib.
Qeyd edək ki, Vətəndaşların müraciətlərinə baxılması haqqında dövlət qanununun 10-cu maddəsinin birinci bəndinə əsasən vətəndaşların müraciətləri ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətinə baxılmalıdır.
Xatırladaq ki, bir neçə il bundan öncə Yasamal rayon Telefon qovşağının rəisi vəzifəsində çalışan Mirbaba Babayevin adı mətbuatda həbs olunan MTN generalları və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) həbsdə olan baş direktoru Beytulla Hüseynovla yanaşı çəkilməkdədir. (Ətraflı yazını buradan oxuya bilərsiniz)