Əvəz Zeynallı: “Eldar Mahmudov hələ də güclü fiqur olaraq qaldığını təsdiq etdi”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində(MTN) məlum “təmizləmə” əməliyyatı gerçəkləşdirildiyi gün kimsə düşünməzdi ki, 4 il 6 ay sonra “mahmudovçu”ların əksəriyyəti, xüsusən generallar azadlıqda olacaq. Eldar Mahmudov və komandasının Milli Təhlükəsizlik Nazirliyinin adına elə ləkə vurmuşdu ki, qurumun ləğvinə qərar verildi. Eldar Mahmudov özü ötən müddət ərzində 2-3 dəfə istintaqa çağırılmaqla həbsdən yaxasını kənarda saxlamağı bacardı. Ləğv olunmuş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 2020-ci il aprelin 7-də azadlığa buraxılıblar. Bəxtləri 65 yaşlarının ötməsi və xəstə olmaları səbəbindən gətirib ki, adları əfv siyahısına salınıb. Bəs, dirçəlmiş “mahmudovçu”lar ölkənin ictimai-siyasi həyatına hansı problemlər yarada bilərlər?
Yada salaq ki, MTN-in sabiq rəhbərinin vəzifədən azad edilməsindən və bu qurumun yüksək vəzifəli şəxslərinin həbsindən dərhal sonra proses digər nazirliklərə də keçmişdi. Üzə çıxmışdı ki, digər nazirliklərdə də “mahmudovçu”lar var. Sahibkarların soyulması, qanunsuz dinləmələrlə bağlı cinayət işi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Vergilər Nazirliyində də əməliyyatlar həyata keçirilmişdi. MTN çetesi ifşa olunandan sonra məlum olmuşdu ki, Mahmudovun dəstəsi nazirliklərə öz adamlarını yerləşdirib, onlarla “qarşılıqlı informasiya mübadiləsi” edərək sahibkarları əvvəl həbs edib, sonra isə külli- miqdarda pul alaraq azadlığa buraxıblar.Bu gün həmin nazirliklərdən həbs olunan “mahmudovçu”lar da azadlıqdadırlar.
Eldar Mahmudov ətrafından həbs olunanların reabilitasiyasına çalışması haqda da xəbərlər var. Ona yaxın kadrların yenidən üzə çıxmaları maraq doğurur. Sabiq nazirin ən yaxın adamlarının bəziləri hələ də axtarışdadır. Onlardan biri “Akula Akif” ləqəbli Akif Mustafayev, digəri isə Ayaz Elxan oğlu Kərimovdur. Hər iki şəxs 5 ilə yaxındır ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarılsa da, hələ də ələ keçməyiblər. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Musavat.com-a deyib ki, Eldar Mahmudov məsələsi son dərəcə ibrətamizdir: “MTN işi” son illər ölkə həyatında baş verən ən qəribə olaydır. Bu adamın həbs edilməsi gözələnilən olsa da, faktiki mümkün olmadı. Vaxtilə ətrafında olan şəxsləri yüngül “srok”larla azadlığa çıxara bildi. Düzdür, onun özünü 3-4 dəfə çağırıb dindiriblər, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxarkən fotolarını yayıblar. Amma Eldar Mahmudovu faktiki olaraq həbs edə bilmədilər. Bu, Eldar Mahmudovun hələ də güclü fiqur olaraq qaldığını təsdiq etdi. Onun istintaqa çağırıb həbs edə bilməmələri Eldar Mahmudovun işinə yaradı, onun ayaqda olduğunu bir daha hər kəsə nümayiş etdirdi”.
Əvəz Zeynallı deyir ki, Eldar Mahmudovun rəhbər vəzifədə olduğu dövrdə onlarla insan həbs olunub, onlarla insanların həyatları alt-üst olub, günahsız insanlar həbsxanalarda yatıblar: “Eldar Mahmudov səs-küylü həbsləri xoşlayırdı. Xəyali dəstələr qurulur, bir-biri ilə əlaqəsi olmayan, bir-birini tanımayan adamları həbs edirdilər. Xəyallarındakı dəstəni ictimaiyyətə gerçək bir dəstə kimi təqdim etməklə böyük bir əməliyyat keçirdiklərini bəyan edirdilər. Əslində isə günahsız insanlar həbsə göndərilirdi. Bütün bu oyunlar Eldar Mahmudovun nüfuzunun qaldırılmasına xidmət edirdi. Eldar Mahmudova bütün bunlardan sonra dəyib-dolaşan yoxdur, arxayın şəkildə gəzir. Əlində böyük maliyyə resursları olan, geniş əlaqələri və ailəsi xaricdə olan biri çox rahatlıqla ölkədən istədikləri kompromatları, xəbərləri çıxara, ötürə bilərlər. Niyə də bunu etməsin? Bu gün Eldar Mahmudovun qulluğunda onlarla adam var. Ona sadiqlik andı içən generalları da artıq azadlıqdadırlar. Pul-para, var-dövlət, maddi imkanları kifayət qədər genişdir. Xaricdə geniş əlaqələri, biznesləri var. Yəni Eldar Mahmudovun istədiyi işi görmək imkanları var. O, istənilən kompomat materialları xaricə çıxarmaq iqtidarındadır. Özü haqda gələn məlumatlardan da belə aydın olur ki, Eldar Mahmudov çox rahatdır, xeyrə, şərə, yemək-içmək məclislərinə qatılır. Ölkədən çıxardığı materialları xaricdə qudası Zamirə Hacıyevaya və digər qaçaq “mahmudovçu”lara ötürə bilər. Bu gün Eldar Mahmudovun Zamirə Hacıyeva kimi xaricdə onlarla inandığı, etibar etdiyi adamlar var ”.Əvəz Zeynallı deyir ki, Eldar Mahmudovun nazirliyi dövründə Milli Təhlükəsizlik Nazirliyi o dərəcədə cinayətə bulaşmışdı ki, qurumun ümumiyyətlə ləğvinə qərar verildi: “Bu cür radikal addımın arxasında Eldar Mahmudovun 11 il müddətində ətrafına topladığı, formalşdırdığı mütəşəkkil cinayətkar dəstəni təməlindən dağıtmaq istəyi dayanmışdı.”
Ə.Zeynallı ehtimal edir ki, Eldar Mahmudovu qoruyan əlində olan kompromat bankıdır: “Eldar Mahmudov vəzifədə olanda da, işdən çıxarıldığı ötən 4 il ərzində də ölkədən istədiyi qədər material çıxara bilərdi. Bütün bunların nəticəsidir ki, o, ayaqda qala bilib”.
Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında asılmış vəziyyətdə aşkar olunub.Qalanlarının işi bir neçə yerə ayrılıb. Mənimsmə, vəzifə səlahiyyətlərini aşma, insanların telefon danışqlarını dinləmə və başqa cinayətlərdə ittiham edilən bu şəxslərə müxtəlif cəzalar kəsilib. Bəzilər şərti cəza alıb, bir qisminə də müxtəlif müddətə həbs cəzaları verilib. Həbs olunan keçmiş MTN-çilərin əksəriyyəti artıq, azadlığa buraxılıb. MTN isə 2015-ci ilin dekabrında ləğv edilib. Onun bazası əsasında Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
E.MƏMMƏDƏLİYEV
Tarix: 16-04-2020, 17:40