Britaniya mediası hədəfə alınıb – “The Sunday Times”



Böyük Britaniyanın “The Sunday Times” qəzetində “Putinin trolları Britaniya qəzetlərini hədəfə alıb” başlıqlı məqalə dərc olunub.
Novator.az saytının məlumatına görə, məqalədə deyilir ki, rusiyalı trol şəbəkəsi moskvapərəst fikirləri yaymaq məqsədilə Britaniya mətbuatını hədəf seçib. Bunu Britaniyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə aparılan tədqiqat üzə çıxarıb.
Təqdiqatın nəticələri bəlli olandan sonra Britaniya hökuməti Rusiyanın saxta təbliğatıyla mübarizə istiqamətində səyləri beynəlxalq səviyyədə gücləndirməyə başlayıb.
Qəzetin yazdığına görə, Böyük Britanyanın xarici işər naziri Dominik Raab Rusiyanın özünü çox pis apardığını vurğulayıb: “Böyük Britaniya saxta xəbərlər və yanlış məlumatlar yaydığına görə Putin rejimi ilə mübarizəyə qatılıb”.
“The Sunday Times” yazır: “Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə aparılan tədqiqat göstərib ki, rusiyapərəst trollar “The Times”, “Daily Mail”, “The Sun” və “Daily Express” qəzetlərinin onlayn səhifələrinin şərh bölmələrində ictimaiyyətin guya Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyi haqda yanlış təəssürat yaratmaq üçün təxribat xarakterli açıqlamalar yerləşdirirlər. Sonra Rusiyanın dövlət mediası həmin şərhlərdən Britaniya cəmiyyətinin guya Moskvanı dəstəkləməsinin sübutu kimi istifadə edir. Rusiya trolları təkcə Britaniyanın yox, 14 ölkənin, o cümlədən ABŞ, Fransa, Almaniya, İtaliya və Yaponiyanın aparıcı KİV-lərində bu cür hücumlar həyata keçirir”.
Dominik Raab tədqiqatın nəticələrini “Böyük yeddilik” ölkələrinin xarici işlər nazirlərinin mayın 4-də Londonda keçirilən görüşündə təqdim edib. Məqsəd “Böyük yeddilik” ölkələrinin, habelə Hindistan, Avstraliya və Cənubi Afrikanın bu cür kampaniyalara qarşı çevik reaksiya verə bilməsi üçün alyans formalaşdırmaqdır. Dominik Raab hesab edir ki, bu alyans Rusiyanın saxta xəbər və dezinformasiyalar yaymaq cəhdinin qarşısını almaqda mühüm rol oynaya bilər.
Dominik Raabın sözlərinə görə, rusiyapərəst trollar öz şərhləri ilə həm xaricdə ictimai rəyə təsir göstərmək, həm də onların şərhlərinin Rusiya mətbuatında yayılması üçün əsas yaratmaq istəyirlər: “Bu, ölüm-dirim mübarizəsinə cəlb olunduğumuza dair daha bir nümunədir. Biz açıq cəmiyyətləri qorumaq üçün böyük gücləri bir araya gətirməliyik. Böyük Britaniya bugünlərdə öz müdafiəsini hərtərəfli şəkildə müzakirə edərkən Rusiyanın ölkənin təhlükəsizliyinə böyük təhdid olduğunu müəyyən edib. Rusların yaydıqları dezinformasiyalar onların kiberhücumlardan istifadə etmək cəhdləri qədər təhlükəlidir. Rusiyanın Britaniyanın koronavirus peyvəndləri ilə bağlı apardığı tədqiqatlara qarşı kiberhücumlar təşkil etməsindən də xəbərimiz var”.
“The Sunday Times”dakı məqalədə qeyd olunur ki, Britaniya universitetlərinin birində aparılan araşdırma zamanı rusiyalı trolların xəbər saytlarında gedən onlayn diskussiyaları Kremlin xeyrinə yönəltdiyi aşkarlanıb: “Trollar Britaniyanın xəbər saytlarının şərh bölmələrində çoxlu rəy yazır, sonra “Russia Today” şəbəkəsinə daxil olan “İnosmi” saytı həmin şərhləri guya Qərbin ictimai rəyi kimi təqdim edir. Daha sonra “İnosmi”dəki materiallar Rusiyanın dövlət KİV-lərində yerləşdirilir və “Vkontakte”, “Odnoklassniki” sosial şəbəkələrində yayılır. Bu yalanlar Rusiya hökumətinə, o cümlədən xüsusi xidmət orqanlarına bağlı olan “News Front” saytında da ingilis dilində peyda olur”.
Dominik Raab hesab edir ki, gücləndirilmiş sürətli cavab mexanizmi Qərb ölkələrini bir araya gətirəcək və Rusiyaya, eləcə də bəzi başqa dövlətlərə dezinformasiya yaymağın, kiberhücumlar təşkil etməyin beynəlxalq hüquqa zidd olduğunu xatırlatmış olacaq.
Tarix: 6-05-2021, 13:08
Xəbəri paylaş



Xəbər lenti