Bu günlərdə xarici internet saytlarından birində rast gəldiyim məqalə məni bu istiqamətdə bir az araşdırma aparmağa sövq etdi. Sən demə, Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən, strateji tərəfdaşlıq səviyyəsinə çatmasından bəzi qonşu ölkələr əməlli-başlı narahat imiş. İlk baxışdan İranın xüsusi xidmət orqanları tərəfindən idarə edilməsi şübhə doğurmayan “Parstodey.com” saytında Azərbaycan əleyhinə materialların yayınlanması azmış kimi, ermənilərin ölkəmizə qarşı əsassız iddialarına da geniş yer verilir. Erməni dili də daxil 27 dildə yayınlanan bu xəbər saytında Azərbaycan barədə verilən materiallar ciddi narahatlıq doğurur. İranda 40 milyona yaxın Azərbaycan türkünün yaşamasına, dövlət başçımızın İranı dəfələrlə dost ölkə kimi qiymətləndirməsinə baxmayaraq, bu xəbər saytında da Azərbaycan dili bölməsi yoxdur. Bu, məsələnin başqa tərəfidir.
Bugünkü mövzumuz qonşu ölkənin Azərbaycan-İsrail münasibətlərindən ciddi narahat olmasıdır. Xüsusilə bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsraildə çıxan nüfuzlu “Israel HaYom” qəzetində dərc olunmuş müsahibəsindən sonra qonşu ölkənin xüsusi xidmət orqanlarının nəzarətində olan media nümayəndələri daha da aqressivləşib. Elə bunun nəticəsidir ki, həmin “Parstodey.com” saytında İsrail şirkətlərinin Qarabağda aparılan quruculuq işlərində iştirakına həsr olunmuş məqalədə provokativ fikirlərə yer verilib, guya Azərbaycan xalqının İsraillə əlaqələrin genişləndirilməsində maraqlı olmadığı vurğulanıb. Halbuki, Azərbaycan xalqı İsraili özünə İrandan daha etibarlı dost və tərəfdaş hesab edir. Bunun isə əsaslı səbəbləri vardır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin bu yaxınlarda Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı İsrail şirkətinin Zəngilanda yaradacağı 300-400 başlıq camış ferması layihəsinin də təqdimatı keçirilib. Yaxın gələcəkdə başqa İsrail şirkətlərinin də Qarabağın quruculuğunda müxtəlif layihələrlə iştirak edəcəyinə dair məlumatlar vardır. İsrail şirkətlərinin xüsusilə İranla sərhəddə yerləşən Cəbrayıl və Zəngilan rayonlarında icra ediləcək layihələrə cəlb olunması İranı daha çox narahat edir.
Azərbaycan xalqını da illərdir, narahat edən məsələlər, düşündürən suallar vardır. Bizim dost, qardaş hesab etdiyimiz dövlət Ermənistana qucaq açıb, onun yaşamasına “nəfəslik” olub, torpaqlarımızın işğaldan azad edilməsi üçün heç bir əməli addım atmayıb, hətta erməni vandallarının Azərbaycanın işğal edilmiş ərazilərində dini abidələrimizi, məscidlərimizi təhqir etməsinə belə göz yumub. Torpaqlarımız işğaldan azad edildikdən sonra məscidlərimizin təhqir olunduğunu bütün dünyaya nümayiş etdirdik. Təəssüf ki, İranın yüksək səviyyəli dini liderləri bundan sonra da məscidlərin təhqir olunmasına öz münasibətini bildirmədi.
Halbuki, Prezident İlham Əliyev Zəngilanda mənfur düşmən tərəfindən dağıdılan məscidin qarşısındakı çıxışında bu məsləyə açıq münasibət bildirmiş, Ermənistanla dost olan müsəlman ölkələrinə xitabən demişdi: “Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər. Bunu törədən ölkə ilə hansı dostluqdan söhbət gedə bilər? Əfsuslar olsun, biz bunu bu günə qədər eşidirik ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər. Bu “dost ölkəyə” 20 il rəhbərlik etmiş cəlladlar bunu dağıdıblar. Onlar gəlib dağıdıblar bizim məscidimizi, təhqir ediblər. Bütün dünya bunu görməlidir”.
Ötən dövr ərzində İran Ermənistanla bütün sahələrdə əlaqələrini genişləndirib, onun düşdüyü çətin vəziyyətdən çıxa bilməsi üçün əlindən gələni əsirgəməyib. 44 günlük Vətən müharibəsinin ilk günlərində İranın tutduğu mövqeyi, onun vasitəsi ilə Ermənistana göstərilən köməyi Azərbaycan xalqı unutmayıb və heç vaxt da unutmayacaq.
Ancaq İsrail dövləti bütün beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyib, Ermənistanı işğala son qoymağa çağırıb, ərazi bütövlüyümüzün bərpa edilməsi üçün ölkəmizə hər cür dəstək verib. İsrail istehsalı olan silahlar İkinci Qarabağ savaşında şanlı qələbəmizi təmin edən mühüm faktorlardan biridir.
Vətən müharibəsində zərər çəkmiş azərbaycanlı əsgər və zabitlərin müalicəsi üçün israilli oftalmoloqlardan ibarət nümayəndə heyətinin ölkəmizə gəlməsi də İsrailin bizə kömək etmək arzusunun nəticəsidir. Onlar Azərbaycanda gündə 10-15 əməliyyat apardılar. Azərbaycan xalqı bunu da heç vaxt unutmayacaq.
İndi sual olunur. Azərbaycan xalqının dostu kimdir? Ermənilərə hər cür dəstək verən ölkə, yoxsa bütün istiqamətlərdə Azərbaycanı dəstəkləyən dövlət? Bizim xalqımız bu sualın cavabını çox yaxşı bilir. Bu xalq dostunu da, ona dost kimi görünənləri də, düşmənini də tanıyır.
Azərbaycan xaqının guya İsraillə əlaqələrin dərinləşməsində maraqlı olmadığı barədə saxta tezislərə cavab alaraq bildiririk ki, xalqımızın ən böyük arzularından biri də ölkəmizin İsraildə səfirliyinin açılmasıdır.
Əgər İranın Ermənistanda səfiri varsa, Azərbaycanın İsraildə səfirliyi niyə olmasın?
Tarix: 2-05-2021, 10:55