Azərbaycan məmurları və Cənubi Amerika narkobaronları
Bəxtiyar Hacıyev Meksika və Kolumbiyadakı narkobaronlar və kartellərin fəaliyyəti ilə bağlı serialları diqqətlə izləmişəm və indi də izləyirəm. İstər Kolumbiyadakı Pablo Escobar haqqında “Narcos”, Meksikadakı Felix Gallardo haqqında “Narcos Mexico”, istərsə də Quzmanın ləqəbi ilə eyni adda olan “El Chapo” təkcə narkobaronların fəaliyyəti ilə bağlı yox, həm də cinayətkar aləmlə siyasətçilərin birgə fəaliyyətinin cəmiyyətə törətdiyi təhlükələri anlamaq üçün çox yaxşı resursdur. Serialların çəkildiyi yerlərdə olmaq, oradakı bəzi personajları sağ və vəzifədə ikən şəxsən tanıyıb, söhbət etmək isə onu daha da maraqlı edir. Amma hər dəfə belə seriallara baxanda ağlımın bir küncündə Azərbaycanda baş verənlər canlanır. Sanki, orada bəzən bir-birindən ayrı, bəzən birlikdə əməkdaşlıq edən dövlət-narkobaronlar münasibətləri Azərbaycanda birləşib, ikisini bir-birindən ayırmaq mümkün deyil. Məsələn, orada hansısa xəbər beynəlxalq mediaya sızanda prezidentin beynəlxalq nüfuzuna zərbə gəlmək riski olursa, kartellərlə danışıb, kartellərdən birinin çökdürülməsi, birinin güclənməsi, kiminsə həbs üçün qurban verilməsi praktikası var. Prezident narkobarona xəbər göndərir: “Qurban elə ad olmalıdır ki, kartellərlə mübarizə apardığımız görünsün, xəbər başlıqları maraqlı olsun”. Azərbaycanda da bəzən sabiq nazir, səfir, nazir müavini həbsləri bu xarakterdəndir. Sanki, dövlət doğrudan da korrupsiya ilə mübarizə aparır. Narkokartellər arasında bölgələr bölünür, şərtlər müəyyənləşdirilir, kimsə digərinin bölgəsinə girib, şərtləri pozursa, qırğın başlayır, kompromat davası gedir. Azərbaycanda da oliqarxlar arasında rayonlar və sahələr bölünmüşdü, biri digərinin sahəsinə girən kimi kompromatlar ortada uçurdu. Orada da seçkilər zamanı kartellərin və baronların normal fəaliyyətinə yaşıl işıq yandıran namizədlər üçün cinayətkarlar seçicilərin səsini pulla almaq üçün hər şeyi edirdilər, məktəb təmirləri, xəstəxana tikintiləri, dəbdəbəli kampaniyalar… Bunlar da faydalı olmayanda protokollarda yekun nəticələrin sonlarına “0” əlavə etməklə, istədikləri adamları seçdirirdilər ki, başları dinc olsun. Kartellərdən uzaq durmaq istəyən namizədlər isə (məsələn, indiki prezident Lopez Obradorun 2006 seçkilərində Felipe Calderona 0.56% səs fərqi ilə uduzdurulması) saxtalaşdırma nəticəsində uduzdurulurdular. Azərbaycanda da hakimiyyətin korrupsiya əməllərini sorğulayan namizədlərə qarşı təzyiqlər olur, onlara göz yumanlar isə saxta yollarla seçilirlər. Narkobaronlar və ailə üzvləri də dəbdəbəyə, bahalı yaşayış tərzinə, israfçılığa düşkün olurlar. Dünyanın ən tanınmış brendləri onlar üçün xüsusi məhsullar və xidmətlər hazırlayır, onlardan milyonlar qoparmaq üçün dəridən-qabıqdan çıxırlar. Azərbaycanda da rəsmi şəxslərin həyat tərzləri dəbdəbəyə, parıltıya, bahalı zinət əşyalarına düşkünlükləri ilə yadda qalıb. Dünyanın bir çox şirkətləri öz ölkələrində 10 ildə qazana bilməyəcəklərini Azərbaycanda bir il ərzində qazanıblar. Narkobaronlar da öz ölkələrini sevdiklərini deyirlər, bizim hökumət rəsmiləri də. Onların da varidatı kasıbların, sadə vətəndaşların faciəsi üzərində qurulub, bizimkilərin də. Qısacası, hər birimiz əslində hər gün xəbər saytlarını oxuyanda dünyanın maraqlı cinayətkar qruplarından biri haqqında serialı izləyirik. Neçənci sezon, neçənci epizod olduğunu bilmirəm, amma hələ ki, yorulmadan və maraqla izləyirik.