Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Türkiyənin Azərbaycanda aviabaza yaratmaq niyyəti barədə Moskvanın reaksiyasının necə ola biləcəyi sualına birmənalı cavab verməyib. Rudenko deyib ki, Moskva və Ankaranın regionda hərbi xətt üzrə qarşılıqlı fəaliyyəti yanvarın 30-dan Ağdamda işə başlayan Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi çərçivəsində həyata keçirilir.“Yeni Müsavat” yazır ki, Rusiya XİN rəsmisi belə bir mərkəzin açılışını regionda vəziyyətin normallaşdırılmasına yönələn birgə səylərə yaxşı nümunə hesab edir. Yəni Rusiya rəsmisi Ankaranın niyyəti barədə suala konkret cavab verməyib, Türkiyə ilə əlaqələrin yaxşı olduğunu dilə gətirib. Bu diplomatik münasibətdən görünür ki, Moskvanın aşkar etirazı yoxdur. Hətta Moskva və Ankara arasında bu barədə hansısa danışıqların olması da istisna deyil. Amma Rusiyada belə bir qərarın olmayacağına inananlar da ola bilər. Ümumiyyətlə, bu, Türkiyə və Azərbaycanın daxili məsələsidir. Sadəcə, Moskva qarşı çıxmaqla Türkiyə ilə münasibətləri gərginləşdirə bilər.
Amma Kreml buna gedəcəkmi? Onun müdaxilə hüququ haradandır? Belə şəraitdə Ankara ilə münasibətləri pisləşdirmək Putin administrasiyasına lazımdırmı?Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Rusiya zərrə qədər də bu məsələyə qarışa bilməz. Analitik hesab edir ki, biz Moskvanın nazı ilə oturub-dura bilmərik: “Azərbaycan suveren ölkədir və suveren qərarlar qəbul etməyə haqqı çatır. Türkiyə isə regional gücdür, bu iki xalqı birləşdirən kifayət qədər ortaq cəhətlər var. İki qardaş arasında hansı planları reallaşdırmaq onların daxili işidir, burada hansısa qüvvənin fikir bildirməsinə, müdaxilə etməsinə ehtiyac yoxdur”.
Q.Hüseynli xatırlatdı ki, Rusiyanın İrəvan yaxınlığındakı Erebunidə öz hərbi aviasiya bazası var: “O zaman həmin bazanı quranda Türkiyədən, yoxsa Azərbaycandan icazə almışdılar? Eləcə də Gümrüdə 102-ci hərbi bazasını yaradıb. Guya NATO əleyhinə bazadır. Amma 44 günlük müharibədə həmin rus bazası erməni ordusuna yardım elədi. Mənim fikrimcə, münasibətlərdə hər şey aydındır. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan etiraf etdi ki, Rusiya müharibədə bizə hər cür yardım edib, hər gün rusiyalı həmkarı Sergey Şoyqu ilə zəngləşib. Eyni zamanda hərbi yüklər İrana daşınıb, oradan Ermənistana çatdırılıb. Bu qədər haqsızlıqların qarşılığında Türkiyənin Azərbaycanda aviabaza yaratmasının kimə nə aidiyyəti var?”
Politoloqun fikrincə, hətta hüquqi savadı olmayan insanlar da birmənalı şəkildə rəy ver bilər, bu məsələdə Moskvanın mövqeyini bildirməsi bizim üçün heç bir əhəmiyyətə malik olmamalıdır: “Bu xalq çəkdiyini çəkib, indi ən azından iki qardaş arasında hər bir sahədə konsolidasiya prosesi gedirsə, eyni yaxınlaşmanı digər türkdilli respublikalar arasında arzu etməliyik. Ona görə də Azərbaycan xalqı Türkiyənin ölkəmizdə aviabaza yaratmaq arzusunun gerçəkləşməsini sevinclə qarşılayacaq, qardaş Türkiyəyə və onun rəhbəri cənab Ərdoğana minnətdarlığını bildirəcək”.
İstanbulda yaşayan siyasi ekspert
Ramiyə Məmmədovanın fikrincə, Rudenkonun açıqlaması son dərəcə ehtiyatlıdır, o, bu məsələdə dərinə getmək istəməyib.
“Moskva Ankaranın rəsmi mövqeyini gözləyə bilər. Ona görə tələsmir. Digər tərəfdən, bu reallaşsa belə, Rusiyanın hansı narazılığı ola bilər? Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil, heç bir alyans qarşısında öhdəliyi yoxdur və qərarlarında müstəqildir. Bu ayrı məsələdir ki, aviabaza qurulması tezləşdirilməlidir. Türkiyənin qüdrətli dövründə, Azərbaycanın müharibədən sonra qazandığı yaxşı mövqe ərəfəsində planları həyata keçirmək lazımdır”, – deyə R.Məmmədova şərh etdi.
Qeyd edək ki, hələ yanvarda bir sıra xarici media orqanlarında Azərbaycanın üç şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə xəbərlər yayılmışdı. Məlumatda deyilirdi ki, Azərbaycan Suriya, Qətər, İraq, Sudan və Şimali Kiprlə yanaşı, türk hərbi bazalarının yerləşəcəyi ölkələrdən biri ola bilər. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı isə bildirmişdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.