““Qarabağ münaqişəsi” yeni senari ilə başladılsa, Rusiya parçalanacaq...” - ARAŞDIRMA



““Qarabağ münaqişəsi” yeni senari ilə başladılsa, Rusiya parçalanacaq...”  - ARAŞDIRMA

“O, çıxışlarından birində Qarabağ hərəkatını SSRİ “KQB”-sinin başlatdığını söyləyib...”

 
44 günlük müzəffər Vətən savaşımızdan sonra biz Dağlıq Qarabağ münaqişəsinin bitdiyini deyirik. Amma həmin “münaqişə” adlanan prosesi ötən əsrin əvvəllərindən başladanlar onun bitməsini qətiyyən istəmir. Çünki bu, onlardan ötrü regionu öz bildikləri kimi idarə etmək üçün rahat bir bir vasitə, maşa, rıçaqdır... 10 Noyabr üçtərəfli razılaşmasından sonra bir yandan kommunikasiya xətlərinin, yolların açılmasından, sülhdən danışılır, digər tərəfdən isə sanki hansısa qüvvələr məqsədyönlü şəkildə həm Azərbaycan, həm də Ermənistan tərəfdən qarşılıqlı nifrət hissini gücləndirməkdə davam edir... 
 
Gəlin düşünək, əgər kənardan Rusiya, ABŞ, Fransa və s. kəşfiyyatları, onların Ermənistan və Xankəndindəki rezident və agentləri müdaxilə etməsə,  hakimiyyətdə qalmağa və ya hakimiyyətə gəlməyə can atan siyasi partiya liderlərinin qızışdırıcı çıxışları olmasa, 1990-cı illərdən bəri Qarabağdakı savaşlarda on minlərlə oğlunu itirmiş, əksəriyyəti yoxsul, miskin, işsiz durumda olan, iş, dolanışıq tapmaq üçün Rusiyaya qaçmağa can atan erməni toplumu yenidən Azərbaycana qarşı döyüşməyi, qisas almağı, Qarabağı, Şuşanı, Hadrutu geri qaytarmağı yadına salarmı?.. Böyük ehtimalla xeyr...  
 
Oxşar situasiya sovet dövründə idi. Keçmiş Dağlıq Qarabağ vilayətində 100 mindən çox, Bakıda 500 minə yaxın erməni yaşayırdı. Hələ digər şəhərlərdəkiləri demirik... O dövrdə yetkin yaşlarda olmuş hər bir Azərbaycan vətəndaşının yaxşı yadında olar ki, ermənilər istər Qarabağda, istərsə də Bakıda biz Azərbaycan türklərindən də, talışlardan da, kürdlərdən də, ləzgilərdən də, tatlardan da və s. qat-qat yaxşı yaşayıdı. Bakıda azərbaycanlı tələbələr ermənilərin evində kirayənişin qalırdı. Ermənilər Azərbaycan rəhbərliyində nazirədək mühüm vəzifələr tuturdu. Bakıda rayon başçıları, rektorlar və s. arasında ermənilər vardı. Əksər zərgərlər, saatsazlar, televizor ustaları və s. ermənilər idi... Bir sözlə, 1987-1988-ci illərdən başlanan mitinqlərdə deyildiyi kimi, Azərbaycan tərəfindən ermənilərin heç bir haqqı-hüququ tapdanmırdı. Əksinə, bir sıra məsələlərdə onlara daha çox üstünlük verilirdi...
 

 
Hələ 1990-cı illərdə yazmışdım, yenə təkrar edirəm; əgər erməni toplumu öz ağlı ilə yaşasaydı, Qarabağda münaqişə yaratmaq əvəzinə, Bakıda, Gəncədə, Sumqayıtda və s. azərbaycanlıların qılığına girib, demokratiya-filan şanslarından  yararlanıb deputat seçilməkdə, yüksək vəzifələr tutmaqda daha da irəli gedər və Azərbaycanda hakimiyyətin böyük hissəsini sivil, demokratik yolla ələ keçirərdi... Fəqət, Qarabağ məsələsini qaldırmaqla erməni toplumu, Kremldəki ağaları tərəfindən daha böyük pay götürməsinə şərait yaradılmış Köçəryan, Sərkisyan kimilər istisna olmaqla,  Azərbaycan torpaqlarını talan etmək, ordakı xarabalıqlarda mal-qaralarını otarmaqdan savayı heç nəyə nail olmadı. Düzdür, artıq yüz illər boyu alət kimi istifadə olunmaqdan  türkə nifrət xəstəliyi ermənilərin  əksəriyyətinin canına hopub. Amma yenə deyirəm, kənardan katalizatorluq edən olmasa, ermənilərin çoxu hər şeyi unudub qınlarına çəkilib ancaq dolanışıqları barədə düşünər,  törətdikləri soyqırım, işğal  və s. görə Azərbaycan xalqından üzr istəyər və sovet, çar rusiyasının dinc  dövrlərindəki kimi  başlarını aşağı salıb azərbaycanlılarla birgə, yanaşı alver edib dolanarlar... Azərbaycan ictimaiyyəti də, dövləti də onlara xüsusi nəzarət edər ki,  daxili və ya kənar təsirlər altında xəstəlikləri yenidən oyanmasın... 
 
Nə yazıqlar ki,  başda  regiona sülhməramlı sifətində növbəti addım atmış  Rusiya olmaqla xarici güclər İrəvanda Azərbaycana, Türkiyəyə qarşı nifrət hissini yenidən fərqli bir formatda qızışdırmağa çalışırlar. ABŞ, Fransa və bəzi Avropa ölkələri Qarabağa status, əsirlərin qaytarılması və s. məsələləri daim gündəmdə saxlamaqla  erməni toplumuna və bu yolla regiona təsir rıçaqlarını Rusiya və Türkiyənin əlindən almağa cəhd göstərirlər. Çoxbaşlı oyun oynayan  Kreml isə terrorçu eks-prezidentlər Robert Köçəryan, Serjik Sərksiyan kimi “KQB”-“QRU” inventarlarını yenidən sazlayıb ortalığa atmaqla Azərbaycanı, Türkiyəni daim təsir və  təzyiq altında saxlamaq məqsədi güdür.  Köçəryan və Sərkisyanı ayağa durğuzmaq üçün ling rolunu isə Vazgen Manukyan adlı yeni, amma qoca müxalifət lideri oynayır. Bəs Vazgen Manukyan kimdir?..     
 
Məlum olur ki, o,  hələ XX əsrin 80-ci illərində Qarabağ “münaqişə”sini İrəvanda  başladanların sırasında olub...
 
...1988-ci ilin avqustunda, Mixail Qorbaçovun postsovet məkanında “xozeyin” olduğu bir vaxtda SSRİ “KQB”-nın general-polkovniki Qeniy Ageyev qeyri-rəsmi şəkildə İrəvana gəlib hazırda Kreml tərəfindən fəallaşdırılan “müxalifətçi” Vazgen Manukyanın da daxil olduğu  “Qarabağ” komitəsinin liderləri ilə  görüşdü. Bu, həmin “Qarabağ” komitəsi idi ki, 1987-ci ilin payızında İrəvanda ekoloji tələblərlə başlanan mitinqlərdə  ilk dəfə  Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbini qoydu. Düz 33 il öncə bu günlərdə isə “Krung” təşkilatıyla birgə Xankəndində Azərbaycanın ərazi bütövlüyünə qarşı  ilk mitinqləri başlatdı... Həmin komitənin 11 üzvündən yalnız 4-ü Qarabağda doğulmuş ermənilər idi... Bu komitə üzvləri  eyni zamanda Erməni Milli Hərəkatı" (EMH) təşkilatına rəhbərlik edirdi. Yoldaş Ageyev marşal Bağramyan prospektindəki "Elmi və Texniki Cəmiyyət" in binasında yerləşən EMH-nin qərargahında komitə rəhbərliyi ilə uzun bir söhbət apardı.  O da diqqətəlayiqdir ki,  yoldaş Ageyev İrəvan sakinlərində zərərli maraq doğurmamaq üçün paytaxta gizli şəkildə, şəxsi bir avtomobildə gəldi.  O zaman Ermənistanın adi vətəndaşları SSRİ DTK-dan olan yoldaşın erməni komitə rəhbərliyi ilə nədən danışdığını bilmədilər. Yalnız 1988-ci ilin dekabrında  “Qarabağ” komitə rəhbərlərinin Moskvaya aparıldığı və 1989-cu ilin mayına qədər “Butırka”, “Matrosskaya tişina” adlı müxtəlif həbsxanalarda saxlanıldığı məlum oldu. Ancaq onların hamısı 6 aydan sonra azadlığa buraxılaraq sağ-salamat İrəvana qayıtdı. Həmin erməni “azadlıq aşiqləri” arasında sonradan Ermənistanın ilk prezidenti olan Levon Ter-Petrosyan və keçmiş baş nazir Vazgen Manukyan da  vardı... Ümumiyyətlə, maraqlıdır ki, “Qarabağ” komitəsi  və Erməni Milli Hərəkatının həbs olunmuş  və Moskva zindanlarında 6 ay yatızdırılıb çıxarılmış liderlərinin, demək olar ki, hamısı sonradan bu və ya digər yüksək vəzifə sahibi,  eyni zamanda Ermənistan parlamentinin deputatı olublar. Levon Ter-Petrosyan –Ermənistanın ilk prezidenti(1990-1998), Vazgen Manukyan – baş nazir(1990-1991, Müdafiə naziri(1992-1993), deputat(1990-2007),  Babken Ararktsyan - Ali Sovet sədrinin müavini(1990-1991), parlament sədri (1991-1998), Aleksan Akopyan – Ermənistan hökumətində komitə sədri –(1990-1991),  deputat (1991-2003),  Samvel Gevorkyan - deputat, televiziya rəhbəri (1991-1993), Aşot Manuçaryan - deputat (1988-1990), Daxili İşlər naziri(1991), prezident müşaviri(1991-1993), Vano Siradegyan - Daxili İşlər naziri (1992-1996), İrəvan meri(1996-1998), Samson Kazaryan -deputat, Ambartsum Qalstyan - İrəvan meri(1990-1992), Rafael Kazaryan –deputat (1989-1995), David Vardanyan -  deputat (1990—2000),   dövlət əmlakı naziri(2000-2004)... 
1991-1993-cü illərdə  Ermənistan prezidentinin, yəni L.Ter-Petrosyanın müşaviri olmuş Aşot Manuçaryan  sonradan da etiraf edib ki,  1988-ci ilin yayındakı çıxışlarından birində Qarabağ hərəkatını SSRİ “KQB”-sinin başlatdığını söyləyib...
 
1988-ci ilin dekabrında  “Qarabağ” komitəsinin 11 üzvündən əlavə Xaçik Stamboltsyan, İqor Muradyan və Arkadi Manuçarov da həbs edildi. Nəticədə  iştirakçıları nisbətən komfort şəraitdə Moskva ərazisindəki müxtəlif təcrid yerlərində saxlanılmış kifayət qədər böyük bir kampaniya meydana çıxdı...
 
Xatırladaq ki, "Qarabağ" komitə üzvlərinin həbsindən dərhal sonra "vicdan məhbusları" nın tezliklə sərbəst buraxılmasını tələb edən etiraz yürüşləri təşkil edən "On bir" adlanan komitə də yaradıldı. Ermənistan hakimiyyəti  bu etiraz tədbirlərinə müdaxilə etmədi və İrəvan əhalisi bütün bunları həvəslə xalqın və təbii olaraq "Qarabağ" komitəsinin qələbəsi kimi qəbul etdi...
 
 
Bu minvalla 1989-cu il mayın sonunda "Qarabağ” komitəsi nin üzvləri Moskva həbsxanalarından azad edildi. Ermənistan əhalisi onları “Ermənistan və Artsaxın azadlığı uğrunda” əzab çəkən "igidlər", "vicdan məhbusları" və  “milli qəhrəman”lar kimi həvəslə qarşıladı...
 
Bu şəxslərin tutulması və Moskvaya aparılması ideyasının birbaşa SSRİ DTK-dan gəldiyi xüsusilə diqqət çəkir. Ardınca Ter-Petrosyan sonrakı çıxışlarından birində etiraf etdi: "... onsuz da 1988-ci ilin sentyabrında (general G. Ageyevlə görüşü xatırlayın-?!) gec-tez həbs olunacağımızı əvvəlcədən görmüşdük. Buna görə də 5 nəfərin - Yerjanik Abgaryan, David Şahnazaryan, Albert Bağdasaryan, Avetik İşxanyan, Arşak Sadoyan daxil olduğu  "Qarabağ "adlı gizli komitə də yaratdıq. Daha sonra Vitya Ayvazyan və Smbat Akopyan da qeyri-rəsmi olaraq onlara qoşuldu...”  
1990-cı ilin avqustunda isə Ermənistan  Ali Sovetinin yeni yapılmış sədri olan L. Ter-Petrosyan özünün zəfər çıxışında xalqına(?) qürurla elan etdi ki,  işə gedib-gəldiyi zirehli “Mersedes” avtomobili ona şəxsən SSRİ DTK sədri, ordu generalı Vladimir Kryuçkov bağışlayıb...
 
17 dekabr 1988-ci il tarixdə Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Suren Arutyunyan televiziya müraciətində "Qarabağ Komitəsi" ni erməni xalqının bir nömrəli düşməni adlandırdı. Komitə ictimai asayişi pozan kütləvi aksiyaların təşkili, iclas və nümayişlərin keçirilməsi qaydasının pozulması, etnik nifrətin qızışdırılmasında günahlandırılırdı... Doğrudan da  keçən 33 illik – bir qərinəlik dövrün erməni toplumu üçün hansı faydası olması haqda öncə xatırlatdığımız səthi təhlil göstərir ki, həmin toplumun düşməni məhz Qarabağ məsələsini qızışdıranlar oldu...
 
Və təbii ki, paralel olaraq  Azərbaycanın Yuxarı Qarabağ torpaqlarında  sovet kəşfiyyat və partiya orqanlarının bəsləyib yetişdirdiyi Xankəndi əsilli Robert Köçəryan və Serjik Sərkisyan da  “Qarabağ münaqişəsi”nin əsas katalizatorlarından olublar. Hər ikisinin Xocalı caniləri, Şuşa, Laçın, Kəlbəcər və s. bölgələrimizin işğalının baiskarlarından olduğu hamıya məlumdur. Ancaq bu iki iblisə bənzər məxluqun “münaqişə” alovunu ilk günlərdən necə qızışdırması haqda qısaca danışmağa dəyər...  
 
Robert Köçəryan 1986-cı ildə Xankəndi ipək fabrikində partiya təşkilatına başçılıq edib. Elə həmin vaxtdan başlayaraq kombinatda çalışan azərbaycanlılar müxtəlif bəhanələrlə bir-birinin ardınca işdən qovulublar. 1988-ci ildə artıq kombinatda azərbaycanlı işçi qalmayıb. R.Köçəryan 1988-ci ildə millətçi ‘’Krunk" təşkilatının fəallarından biri idi və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı yaradılan “Miatsum” təşkilatına rəhbərlik edirdi.
 
Alınmış məlumata görə, R.Köçəryan Xankəndində komsomol komitəsində işlədiyi müddətdə onun iş otağı həmin vaxtlarda ermənilər tərəfindən “Daşnaksütyun” və “Krunk”un fəal dayaq nöqtəsi kimi istifadə olunurdu. 1988-ci il fevralın 12-də azərbaycanlılara qarşı ilk mitinq məhz Köçəryanın rəhbərliyi altında təşkil edilib. Hadisələrin ilk aylarından Xocalı şəhərinin girəcəyində 4 evin yandırılması və azərbaycanlı ev sakinlərinin bir neçəsinin yaralanması ilə nəticələnən təxribat aksiyası konkret olaraq R.Köçəryan, Serj Sarkisyan, Arkadi Qukasyanın təşkilatçılığı və bilavasitə rəhbərliyi altında törədilib. Köçəryanın təlimatı ilə 1988-ci il sentyabrın 16-da Xankəndində azərbaycanlılara məxsus 50 ev qarət olunaraq yandırılıb Köçəryan kimi Serj Sərkisyan da Xankəndində anadan olub  və komsomol kökənlidir. S. Sərkisyan 1981-1988-ci illərdə Xankəndi komsomolunda 1-ci katib vəzifəsinə qədər yüksəlib. 1988-ci ildə isə o, Azərbaycan SSR Kommunist Partiyasının Dağlıq Qarabağ Muxtar Vilayət Təşkilatının 1-ci katibi Henrix Poqosyanın köməkçisi olub.
 
Serj Sərkisyan da 1988-ci ildən Dağlıq Qarabağ ermənilərinin separatçı hərəkatına fəal şəkildə qoşulanlardandır.
 
Sərkisyan “Krunk” və “Daşnaksütyun”un fəallarından olub. Xankəndində yaşayan ermənilərin silahla təmin edilməsi, azərbaycanlıları daşıyan Ağdam-Şuşa marşrutunda işləyən avtobusların əvvəlcə daş-qalaq edilməsi, sonra odlu silahla atəşə tutulması nəticəsində 25 nəfərin qətlə yetirilməsini, 1989-cu ildə Ağdamdan Şuşaya uçan “Mi-8" vertolyotunun vurulmasını, Malıbəyli kəndinə ilk hücumu, Əsgəran-Ağdam rayonlarının sərhədində iki azərbaycanlının qətlə yetirilməsini konkret olaraq S.Sərkisyan təşkil edib. Həmin dövrdə S.Sərkisyan Ermənistandan odlu silahın və döyüş sursatlarının gətirilməsi və Dağlıq Qarabağda yaşayan ermənilərə paylanılması ilə məşğul olurdu.  Və s. və i.a. (”Erməni cinayətləri (sənədlər əsasında)", Milli Təhlükəsizlik Nazirliyi, Bakı, “Vətən”, 2004 kitabının materialları əsasında)
 
Ölkəmizin ərazisinə sülhməramlı missiyasıyla daxil olmuş Kreml rəhbərliyi, konkret olaraq “KQB” zabiti Putin bu gün doğrudan da Köçəryan, Sərkisyan kimi üfunət verən siyasi meyitləri “dirildib” hakimiyyətə qaytarmaq istəyirsə, deməli, o zaman 1991-ci ildə SSRİ-nin çökməsinin əsas katalizatorlarından biri olmuş “Qarabağ münaqişəsi”nin yeni ssenari ilə  ikinci seriyasını başladıb Rusiyanı da parçalamaq niyyətindədir?.. 
 
Bütün bunları oxuduqdan sonra oxucularda təbii sual yaranır ki, bəs 1988-1992-ci illərdə Bakıda kimlər “KQB”-“QRU”  planlarını həyata keçirərək “Qarabağ münaqişəsi”nin körüklənməsinə və nəticədə torpaqlarımızın işğalına gətirməsinə xidmət edib?.. Bu suala məntiqi suallar əsasında cavab vermək mümkündür. Amma əvvəla, son Vətən savaşındakı zəfərimizin davamı olaraq ərazi bütövlüyümüzün və suverenliymizin tam bərpası uğrunda mübarizə apardığımız bir vaxtda bu mövzunu açıqlamağın yeri deyil, ikinci də əlimizdə məntiqi sübutlar olsa da, əsaslı sənədlər yoxdur. Həm də Ermənistanda olduğu kimi, Azərbaycanda da lüstrasiya haqda qanun qəbul olunmayıb və “KQB”-nin heç olmasa, olan-qalan arxivlərinin sırf siyasətlə bağlı bölməsi açılmayıb ki, kimin kim olduğunu bilək... 
 
Amma bir şeyə tam əminik: Nə qədər ki, “Qarabağ münaqişəsi”nin L. Ter-Petrosyan, Köçəryan, Sərkisyan, Balayan və s. kimi əsas törədici fiqurları  Serbiya lideri Miloşeviç kimi Haaqa tribunalı qarşısında cavab verərək cəzalandırılmayıb,   bu xəmir hələ çox su aparacaq...
 
Sultan Laçın
Tarix: 10-02-2021, 21:25
Xəbəri paylaş



Xəbər lenti