“Tarif Şurasının bu ilin yanvar ayında ölkədə əsas yanacağın 92 markalı benzinin, dizelin, bir sıra dərman preparatlarının və nəhayət suyun qiymətinin kəskin şəkildə artırılması barədə qərarları böyük narazılıqlara səbəb olmuşdur.Partiya rəhbərləri, deputatlar, ictimai-siyasi aktivlər Tarif Şurasının qərarlarını kəskin tənqid etsələr də məsələ həmişəki kimi öz həllini tapmamışdır. Tarif şurasının özbaşınalığının qarşısını almaq üçün müxtəlif təkliflər irəli sürülüb. Ölkədə əhalinin alıcılıq qabiliyyətinin qorunması, antiinflyasiya təbirlərinin effektliyini artırılması üçün təbii ki, qiymət siyasəti dövlətin bir başa nəzarətində olmalı, sözü gedən qiymət parametrləri (tənzimləməsi) real iqtisadi, sosial vəziyyətə, əhalinin alıcılıq qabiliyyətinə uyğun olmalıdır. Tarif Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə həqiqətən həm hüquqi həmdə, sosial və ictimai ehtiyac var. İlk növbədə bu sahədə mövcud problemlərin həlli üçün təbii ki, Tarif Şurasının hüquqi statusuna aydınlıq gətirilməlidir.”
Neqativ.com bildirir ki, bunu tanınmış hüquqşünas Dadaşov Vüqar Tarif Şurasının fəaliyyətinin qanunauyğunluğu barədə münasibət bildirərkən deyib. Hüquqşünas fikirlərinin belə davam edib:
“Hal-hazırda Tarif Şurası “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il tarixli 242 nömrəli Fərmanın 4.2-ci bəndinin tələbləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə təsdiq edilmiş və Tarif (qiymət) Şurası (bundan sonra - Şura) dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların (bundan sonra - qiymət) dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilmişdir.
Göründüyü kimi, Tarif Şurası dövlət hakimiyyət orqanı kimi İcra hakimiyyət orqana aiddir. Dövlət hakimiyyəti Qanunverici, İcraedici və Məhkəmə hakimiyyətindən ibarətdir. Ölkə daxilində qanunverici orqan kimi Milli Məclis fəaliyyət göstərir. Yəni Konstitusiyamıza uyğun olaraq Milli Məclis Qanunverici orqan kimi müəyyən edilmişdir. Qanunların iyerarxiyası Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə aşağıdakı şəkildə müəyyən edilmişdir:
I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1) Konstitusiya;
2) referendumla qəbul edilmiş aktlar;
3) qanunlar;
4) fərmanlar;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
III. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir.
IV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır.
V. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.
Əlavə olaraq diqqətimizdə saxlamalıyıq ki, Konstitusiyamıza görə Azərbaycan Respublikası sosial yönümlü dövlətdir, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Mübahisəsiz görünür ki, Tarif Şurasının qərarları layiqli həyat səviyyəsinin təmini deyil, məhz insanların həyat və yaşayış səviyyəsini ağırlaşdıran və Konstitusiyamızın tələblərinə zidd qərarlardır. Tarif Şurası ilə bağlı acınacaqlı vəziyyətin yaranması təbii ki, onun tam müstəqil fəaliyyətinə məsuliyyətinin, üzərinə nadzorun müəyyən edilməmiş qalmasıdır.
Şuranın qərarları onun səlahiyyətindən kənar hüquqdur ona görə ki, icra hakimiyyət orqanı kimi, onun qəbul etdiyi qərarlar hər hansı bir konkret sahənin fəaliyyətinin tənzimlənməsi deyil, ümumxalq və dövlət marağı olan məsələlər üzrə bütün ölkəni əhatə edir. Konstitusiyamıza görə, bütün ölkə üzrə qanunverici hakimiyyət orqanı kimi Milli Məclis səlahiyyətlidir. Bu yanaşma ilə Tarif Şurasının ümumxalq və dövlət maraqlarına toxunan qərarları əhəmiyyətsiz hesab oluna bilər. Fikrimcə, Tarif Şurası ilə bağlı məsələ onun ləğv edilərək funksiyasının Milli Məclisə verilməsi ilə həll olunmalıdır, bu, mövcud qanunvericiliyin tələbi, eləcədə ölkədə qiymət tənzimləməsi üçün sosial, iqtisadi, vəziyyətin düzgün qiymətləndirilməsi üçün optimal variantdır.”
Neqativ.com
Tarix: 2-02-2021, 20:44