Bazardan başlayan siyasi təzyiq - “Pomidor qadağası”nın sirri açılır


Bazardan başlayan siyasi təzyiq - “Pomidor qadağası”nın sirri açılır

Azərbaycanla Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələr arasında kənd təsərrüfatı məhsullarının ticarətində problem yaranıb.
2020-ci ilin dekabr ayında Rusiya Fitosanitar Xidməti Azərbaycandan ixrac olunan pomidorun tərkibində Cənubi Amerika güvəsinin olduğunu iddia edərək, ölkəyə daxil olmasına icazə vermədi. Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi də bu il yanvarın 2-dən 12-dək ölkəyə gətirilən Azərbaycan pomidorunda “qəhvəyi qırışı” virusunun aşkar edildiyini bildirərək məhsulun idxalını qadağan edib.
Yanvarın 28-də isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qazaxıstan istehsalı olan 650 ton soğanın yararsız çıxması barədə məlumat yayıb. AQTA-nın məlumatına görə, müayinələr nəticəsində məlum olub ki, məhsullarda nitratın qalıq miqdarı qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən xeyli yüksəkdir və istehlak üçün yararsızdır. Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib.
Azərbaycan tərəfinin Qazaxıstan soğanı ilə bağlı rəyi pomidor ixracında yaranmış mübahisəyə cavab tədbiri də də sayıla bilər. Amma bu məsələdə siyasi motivin də olması istisna edilmir. Yəni Rusiya tərəfindən başlanan iqtisadi təzyiqlərin hələ ötən ay Azərbaycanı Avrasiya İqtisadi Birliyinə üzv etmək planları ilə bağlı olduğuna dair məlumatlar yayılmışdı.
Politoloq Cümşüd Nuriyev isə hesab edir ki, Rusiyanın Azərbaycanı AİB-ə qoşmaq niyyəti ilə bağlı iddialar əsaslı görünür. Ancaq Qazaxıstanın bu məqsədlə Azərbaycan təzyiq göstərməsi inandırıcı deyil:

“Bu, siyasi təzyiqdir. Çünki Rusiya yaxşı bilir ki, Azərbaycanda ekoloji cəhətdən çox təmiz məhsullar yetişdirilir. Hər hansı bir məhsul ölkədən çıxarılmazdan öncə ona fitosanitar sertifikatı alınır. Həm də onun standartlara uyğun olması barədə keyfiyyət sertifikatı verilir. Rusiya bu və ya digər formada ola bilər ki, Azərbaycan pomidorunun arasına xəstəlik olan tərəvəzi daxil edib nə isə qondarma sübut tapmağa çalışa bilər. Amma bu da mümkünsüzdür. Çünki həmin məhsullar Azərbaycan ərazisindən çıxarılanda Qida Təhlükəsizliyi Agentliyi ona icazə verir. Dövlət Gömrük Komitəsi də həmin sertifakatları yoxlamadan ölkədən mal və məhsulların çıxarılmasına icazə vermir. Bu səbəbdən, Qazaxıstana göndərilən pomidorun tərkibini yenidən laborator analizdən keçirmək olar. Çünki məhsul müxtəlif ərazilərdə yetişdirilir. Ancaq Rusiyanın bu addımı sırf siyasi təzyiq məqsədi daşıyır. Qazaxıstanın isə Rusiya ilə birlikdə Azərbaycan əleyhinə fəaliyyət göstərməsi inandırıcı görünmür. Çünki Qazaxıstanın özünün də Rusiya ilə çox ciddi problemi yaranıb. Vaxtilə Qazaxıstanın ərazisi olmuş Oren-Bruq vilayətini Rusiyaya bağışlayıblar. İndi Rusiya Qazaxıstana qarşı yeni ərazi iddiasını gündəmə gətirib. Həmin bölgədə isə Qazaxıstanın paytaxtı Astana yerləşir. Yəni oranın keçmiş Petropovlovski əyaləti olduğu iddia edilir. Ona görə də bu iki ölkənin Azərbaycana qarşı birləşməsi inandırıcı görünmür. Qazaxıstan siyasi cəbhədə Azərbaycanla eyni mövqedə dayanır. Rusiya isə Qafqaz siyasətini həyata keçirmək üçün Azərbaycana həm Dağlıq Qarabağda, həm iqtisadi sahədə təzyiq göstərir. Çünki Azərbaycanın təbii qazı Avropanın enerji bazarına çıxır. Rusiya bu sahədə Azərbaycanı artıq özünə rəqib hesab edir. Rusiyanın həm də imperiya iddiaları var”.
Lakin Cümşüd Nuriyev bildirdi ki, bu cür təzyiq üsulları ilə Azərbaycanı AİB-ə daxil etməyə məcbur etmək mümkün deyil. Bu da Azərbaycanın siyasi gücünün artması ilə bağlıdır:
“Elə məsələlər var ki, dövlətin maraqları tələb etdikdə o addımı atır. 1990-cl illərin əvvəlində Azərbaycan MDB-yə daxil olmadı, əvəzində Qarabağ işğal olundu. Azərbaycanda ardıcıl hakimiyyət dəyişikliyi baş verdi.
Ancaq rəhmətlik Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan MDB-yə daxil oldu, sülh sazişi imzalandı, ölkəmizin yeni inkişaf mərhələsi gündəmə gəldi. İndi Azərbaycanda elə bir situasiya yoxdur. Digər tərəfdən, Türkiyə və Pakistan kimi güclü dövlətlərin yanında olduğu bir vaxtda Azərbaycanın hansısa təzyiqdən çəkinib Avrasiya İqtisadi Birliyinə daxil olması real deyil. Əgər Türkiyə Avrasiya İttifaqına daxil olarsa, Azərbaycan bu addımı ata bilər. Çünki Türkiyənin belə bir marağı var. Türkiyə həmin birliyə üzv olarsa, qurumda türkdilli dövlətlərin üstünlüyü yaranır. Bu ağırlıq həm əhalinin sayına, həm də dövlətin iqtisadi, siyasi gücünə görə özünü göstərəcək. Azərbaycan da yalnız Türkiyə ilə birlikdə AİB-ə üzv ola bilər. Azərbaycan da güclü dövlət olduğuna görə, bu təzyiqlər nəticə verməyəcək”.Cebhe.info

Tarix: 30-01-2021, 12:15
Xəbəri paylaş



Xəbər lenti