Mirmahmud Mirəlioğlu - Aydın Mirzəzadə debatı: ölkəyə və gələcəyə iki baxış CANLI
Bu gün efirimizdə yenə ölkə gündəmini müzakirə edirik. Studiyamızda iki tanınmış sima var. KXCP sədri Mirmahmud Mirəlioğlu və YAP-ın millət vəkili Aydın Mirzəzadə. Xudafərin azaddı, Şuşa qurulur, dirçəldilir. 30 illik həsrətdən sonra gedib işğaldakı torpaqlarımızın havasını ala bilirik, suyundan içirik, fotolar çəkib, paylaşırıq. Azərbaycan jurnalistləri və Müdafiə nazirliyimiz Qarabağın işğaldan azad olunan kəndlərinı, daşını-dağını, ağacını çəkib göstərir, video-reportajlar yayınlayır. Bizim də əməkdaşlarımız artıq Şuşada, Daşaltında, Füzulidə, Ağdamda, Zəngilanda, Mincivanda, Cəbrayılda olublar, reportajlar hazırlayıblar... Ötən il bu zaman əməkdaşlarımızdan kimə desəydik ki, səni Şuşaya, reportaja yollayacağıq, təbəssümlə cavab verərdi, amma köksünü ötürüb, inanmazdı. Bu gün xəyalımıza gəlməyənlər başımıza gəlir. Lakin bu gözəlliklər, pozitivlərlə bərabər neqativlər də gündəmimizə daxil olub. 10 noyabr 2020-ci ilə təsadüf edən Üçlü Anlaşma, onun ardınca isə Rusiya sülhməramlılarının bölgəyə daxil olması cəmiyyətimizi gündəmimizi narahat mövzularla zəbt etdi. Bu elə bir mövzudur ki, hətta Rusiya prezidenti Putinin yaxın dostu, azərbaycanlı iş adamı professor İlham Rəhimov da ondan narahatdır. O, "Yeni Müsavat" qəzetinə eksklüziv müsahibəsində deyib ki, nə qədər Putin hakimiyyətdədir, Rusiya sülhməramlıları məsələsini həll etmək lazımdır... Bir az da adamı qorxudan rəydir. Yəni Putindən sonra bu məsələ heç həll olmaya da bilər... Qonaqlarımızla bu mövzunu müzakirə edəcəyik. Gündəmdə başqa mühüm mövzularımlz da var. Sabah – yanvarın 30-da Moskvada 11 yanvar üçtərəfli bəyanatına uyğun olaraq Azərbaycan, Rusiya və Ermənistan hökumət başçıları müavinləri səviyyəsində işçi qrupun ilk iclası keçiriləcək. Nəhayət, “buz” yerindən tərpənəcəkmi? Sülh prosesi geridönməz xarakter ala biləcəkmi? Başqa sözlə, Ermənistanı post-müharibə dönəminin inteqrasiya proseslərinə cəlb edib, müharibə isterikasından uzaqlaşdırmaq mümkün olacaqmı? "Azərbaycan və Türkiyə strateji əməkdaşlığı prosesi daha ali səviyyəyə keçirə bilər. Bu da ittifaq dövləti ola bilər. Yəni iki dövlət öz arasında ittifaq dövləti razılaşması əldə edə bilər. Qarabağ müharibəsi zamanı hadisələr də göstərdi ki, iki qardaş ölkə arasındakı münasibətlər daha üst səviyyəyə keçib. Əlbəttə, bu sevindirici haldır”. Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl belə deyib. Türkiyə –Azərbaycan ittifaq dövləti yaxın gələcəyin, yoxsa uzaq perspektivin layihəsidir? Azərbaycan və Türkiyə bundan hansı üstünlüklər qazana bilər? Buna zərurət varmı? Türkiyənin NATO üzvü olması əngəl yarada bilərmi? Günün önəmli mövzularından biri də Nəcməddin Sadıkov müəmması ilə bağlıdır. 44 günlük Vətən müharibəsi günlərində ortadan yox olan Baş Qərərgah rəhbəri rəsmi məlumata görə Moskvada əməliyyat olunub. Müdafiə Nazirliyi də bu məlumatı təsdiqlədi və onun haqda keçmiş zamanda danışdı: “Hazırda hərbi xidmətdə deyil”. Sadıkovun Vətənə xəyanətdə ittiham edilməsi haqda xəbərləri isə təkzib elədi. Bəs hazırda Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsini kim icra edir? Onu Azərbaycana qarşı etdiyi pisliklərə görə mühakimə edəcəklərmi, həbs olunacaqmı? Yoxsa Eldar Mahmudov taleyi yaşayacaq?
Daha bir kriminal mövzu isə Bakı Poladtökmə Zavodunun rəhbəri Rasim Məmmədovla bağlldır. Yerli media onun həbsindən yazır. Lakin rəsmi bir açıqlama da yoxdur. O, Ramiz Mehdiyev klanına bağlı birisidir və bu həbs xəbəri düzdürsə, buradan siyasi anlam da çıxır: Ramiz Mehdiyevin ətrafını "kəsirlər". Çünki son zamanlar onun davranışları cəmiyyətdə ciddi qıcıq yaratmaqdadır. Elmlər Akademiyasını "5-ci kalon"un mərkəzinə çevirib iddiaları havada uçuşur. Bu barədə də danışacağıq... “Artsax”ın qondarma “əmək və sosial məsələlər naziri” Mesrop Arakelyan dünən deyib ki, Qarabağa artıq 100 min erməni qayıdıb. Bu rəqəm Rusiya sülhməramlıların elan etdiyi ilə düz gəlmir və iki dəfə çoxdur! Ermənilər bu məsələdə də yüzdə yüz “pripiska” ilə məğluldular. Bəs real rəqəm necədir? Azərbaycan prosesə nəzarət edə bilirmi? Sabah deyə bilərlər ki, Qarabağa 300 min erməni qayıdıb. Və əsas sual: Azərbaycanlılar zaman Xankəndinə qayıdacaq? Daha bir mövzu: İran xarici işlər naziri Cavad Zərifin Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan səfəri başa çatdı, bu gün Türkiyədə olacaq. Səfərin Azərbaycan üçün önəmi. Tehran bölgədə sülh və əməkdaşlığın inkişafına konkret hansı töhfəni verə bilər? Məsələn, Ermənistanın yaxın tərəfdaşı kimi İran onu “altılı” əməkdaşlıq platformasına qoşulmağa inandıra biləcəkmi? Gündəm zəngindir, mövzular çoxdur, biz çalışacağlq ki, onıardan əsas olanları müzakirə edək.