Çətin ki, “Vaxt qızıldır” deyimini indiki Ermənistanın siyasi gercəkliyinə şamil etmək mümkün olsun, çünki bu ölkənin təkcə siyasəti yox, diplomatiyası və hətta iqtisadiyyatı da bircə məqsədə təslim edilibdi: bu da Dağlıq Qarabağ hərbi -siyasi teatrındakı mövcud status-kvonu saxlamaq, hətta onu bir az da gücləndirməkdir.
Amma buna baxmayaraq hər dəfə belə iddialar eşitmək lazım gəlir ki, “Paşinyan əhalinin diqqətini yerli problemlərdən yayındırmağa və vaxt udmağa çalışır” və yaxud da “Paşinyan danışıqlar prosesini uzadır ki, bir az da vaxt qazansın”.
Bir sözlə, belə təəssürat yaranır ki, Paşinyan nə edirsə, bu, bircə məqsədə xidmət edir: vaxt udmağa! Amma belə halda istənilən analitik soruşardı ki, axı vaxt bu adamın nəyinə lazımdır? Başqa bir vaxt isə konspirologiyaya meylli təhlilçi bir az da uzağa gedərək sual edərdi ki, kifayət qədər hakimiyyətə malik olan adamın vaxta ehyiyacını yaradan, formalaşdıran əsas motiv nədir?
Elə sırf siyasi psixologiya baxımından da sualı məhz bu səpkidəcə qoymaq lazımdır, çünki çox nadir hallarda bu və digər, əgər belə demək mümkünsə, hakimiyyət mənsublusu – hökmdar (ondan qala, hansısa baş nazir ola!) özünü tam bir şəkildə idarə etdiyi xalq və yaxud da ölkə ilə identifikasiya edir.
Hətta sonuncu halda da hakimiyyət mənsublusu demək olar, öz “siyasi şirə”sində o qədər həll olur ki, ilk baxışda “Mən və Onlar” bölgüsü bütünlüklə aradan qalxır və yalnız “Biz” anlayışı qalır, hansı ki, son anda elə eybəcər forma və məzmun alır ki, cəmiyyət yalnız bu birlikdən qurtulmağın yollarını arayır, çünki belə identifikasiya məzmunca “Mən səni sevəcəm, sən sevməsən də!” söhbətinə daha çox bənzəyir.
Belədə isə əksər hallarda siyasi fəzanın “Mən və onlar” bölgüsü saxlanılır. Bu baxımdan Paşinyan da istisna deyil, axır- əvvəl bu adam erməni kilsəsinin harınlaşmış keşişlərindən “müqəddəs” olmayacaq ki! Və heç də təsadüfi deyil ki, çox böyük müddət keçməsə də, Paşinyanın özünün və arvadı Anna Akopyanın adı artıq çirkli maliyyə məsələlərində hallanır. Ermənilər özləri arabir bu haqda yazırlar. Bu yaxınlarda isə nüfuzlu Rusiya nəşrləri Paşinyanlar ailəsinin tütün fırıldaqçılıqlarından yazmışdılar...
Güman ki, indi vaxtın Paşinyana daha nə üçün lazım olmasının səbəblərini təxmin etdiniz. Vaxt ona görə lazımdır ki, hakim ailə öz xəzinəsini yarada bilsin, özünün problemsiz gələcəyini təmin etsin, axı Paşinyan “xurcunlu adam” obrazını “diplomatlı adam” obrazı ilə əvəz etməlidir, ən azı ona görə ki, uzun sürən siyasət və hakimiyyət indi yalnız hansısa bir Şərq ölkəsində kerçəkləşə bilər, xristian ölkələrində bu nömrə baş tutmur. Gəl, burada da Lukaşenko kimi istisanalar da var. Elə məsələ də bundadır ki, Qərbdə Belarus kimi avtoritar ölkələr, Şərqdə isə Türkiyə və hətta Qırğızıstan kimi demokratik ölkələr istisnadır.
Etiraf edirəm ki, Nikol Paşinyan və Anna Akopyan ailəsi haqqında düşünəndə tamamilə ixtiyarsız olaraq yadıma Qabriel Qarsia Markesin “Patriarxın payızı” ədəbi incisi, daha doğrusu, diktatorun arvadının qohumlarının oyunları düşür, hansılar ki, qısa bir zamanda ölkəni demək olar ki, tamam özəlləşdirmişdilər.
Ona görə də Rusiya nəşrində tütün fırıldaqları haqqında oxuyarkən o saat düşündüm ki, baş nazirin özünün və arvadının iştirakl ilə çəkilmiş təbliğat çarxlarının sayı artacaq və belə də oldu: Anna Akopyan bu dəfə sülhpərvər–birinci ledi və ya Pablo Pikassonun sülh göyərçininin rolunu deyil, əlinə silah götürüb elə bu gün “Böyük Ermənistan” uğrunda vuruşmağa hazır olan erməıni qadını rolunu oynayırdı. Nikol müəllim özü isə Qarabağa səfər edir və daha çox hərbçilərin arasında görünməyə can atırdı...
Odur ki, zəng çalınıb və hesab artıq gedir. Bu artıq Paşinyan ailəsinin hesabıdır – bir daha deyirik ki, onları “başa düşmək” olar, axı Nikol və onun komandası ömrü boyu Soros Fondunun təqaüdçüləri olmalı deyillər, necə deyərlər, bu adamlar özlərinə gün ağıamalıdırlar ki, hakimiyyətdən gedəndən sonra xurcunlarının içində qəzetdən, kağızdan başqa da bir şey olsun...
Zaman məfhumunun Dağlıq Qarabağ münaqişəsinə proyeksiyasına gəldikdə isə, əlbəttə, burada da Paşinyan sudan quru çıxmağa çalışır. O, güman ki, Azərbaycanla vuruşmayacaq, Dağlıq Qarabağı tanımayacaq, Türkiyəyə müharibə elan etməyəcək, Yunanıstanla koalisiya yaradaraq türklərə qarşı səlib yürüşü təşkil etməyəcək. O ki qaldı ermənilərin Goranboyu işğal etmək haqqındakı “plan”larına, buna da gülmək olardı, necə ki, biz də bəzən aşıb -coşub lap İrəvanı işğal edəcəyimizi deyirik...
Di gəl, ehtiyatı da qətiyyən əldən vermək olmaz, çünki on illər göstəribdir ki, bizimlə ermənilərin arasında bircə fərq var: biz deyirik, onlar isə edirlər! Güman ki, bir vaxt elə babalarımız və atalarımız da ermənilərin dediklərinə gülür, “Boş şeydir!” deyirdilər. Nəticəsi də bu oldu ki, Azərbaycanın ərazisi 120-130 min kv km-dən gəlib bax indiki səviyyəyə düşdü...
Birincisi, N.Paşinyan ümid edir ki, zaman özü hər şeyi yerbəyer edəcəkdir, nəinki dünya birliyi, elə azərbyacanlılar özləri də erməni işğalını bir “reallıq” kimi qəbul edib, onunla barışacaqlar. Amma son Tovuz hadisələri göstərdi ki, bu, bir cəfəngiyyatdır, çünki cəmi bircə həftənin ərzində orduya əlli mindən çox adam könüllü kimi yazıldı!..
İkincisi, Nikol yalnız ona iddia edə bilər ki, hakimiyyətdən gedəndən sonra onu lənətlərlə xatırlamasınlar. Ümid edir ki, onu haqqında da “O, qarabağlı olmasa da, bununçün Koçaryandan və Sarqsyandan heç də az çalışmadı və Dağlıq Qarabağı azərbaycanlılara qaytarmadı” –deyəcəklər.
Belədə isə getdikcə, o, zamana daha həssas olacaq, çünki çox da vaxtı qalmayıbdır. Düzdür, parlament üsul-idarəsi imkan verir ki, baş nazir öz postunda çox qalsın, amma bunun üçün seçkiləri udmaq lazımdır.
Seçici isə deyəcəkdir: “Mən Nikola niyə səs verməliyəm? Axı böyük hesabla o, bizimçün heç nə etməyidbdir!”…
Hüseynbala Səlimov
Tarix: 12-09-2020, 19:40