ÇƏTİN DÖVRDƏ HƏRBİ BÜDCƏNİN ARTIRILMASI – Rusiyanın “strateji tərəfdaşlığı” Azərbaycana başqa çıxış yolu qoymur



Azərbaycanın Cənubi Qafqazın ən zəngin və ən güclü iqtisadi potensiala malik ölkəsi olduğunu, Rusiya başda olmaqla, bütün dünya bilir. Tarixin bizə bəxş etdiyi mənfur qonşumuz Ermənistan da bu gücə bələddir. Ona görə də bu gücü zəiflətmək, Azərbaycan torpaqlarının işğalını davam etdirmək, Qarabağla bağlı de-fakto mövcud olan durumu saxlamaq üçün hər cür təxribata əl atılır.
Bu ilin iyulunda Tovuzda baş vermiş məlum təxribat və təcavüz cəhdi, bu cəhdə qarşı Azərbaycanın atdığı addımlar, endirdiyi cavab zərbəsi bir daha göstərdi ki, hərbi gücümüz, döyüş hazırlığımız mütləq ən yüksək səviyyədə olmalıdır. Bunun üçünsə orduya, ölkənin müdafiəsinə böyük məbləğlərdə vəsaitlər ayrılması qaçılmazdır.
Məlum olduğu kimi, Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən təqdim olunan 2021-ci ilin dövlət büdcəsi layihəsində ölkənin müdafiə xərcləri 3.954 milyard manat həcmində müəyyən edilib. Xatırladaq ki, analoji məqsədə 2020-ci ilin büdcəsində 3 milyard 853.6 milyon manat vəsait nəzərdə tutulub. Bu, o deməkdir ki, ölkəmiz üçün iqtisadi cəhətdən heç də ən uğurlu sayılmayacaq indiki çətin dövrdə belə, hərbi xərclərin ixtisara salınması, azaldılması gündəmdə deyil. Əksinə, ötən illə müqayisədə müdafiə xərclərində az da olsa artım nəzərdə tutulur.
O da məlumdur ki, hazırda nəinki Azərbaycan, dünyanın ən nəhəng iqtisadi güclərini təşkil edən dövlətlər də pandemiya səbəbindən böyük çətinliklərlə üz-üzə qalıblar. Bütün sahələr üzrə xərclərin azaldılması, qənaət rejimi tətbiq olunur. Xüsusilə dünyanın enerjidaşıyıcıları bazarında yaranan durum, neftin və təbii qazın ucuzlaşması Azərbaycan kimi iqtisadiyyatı bu təbii xammaldan asılı olan ölkələr üçün olduqca böyük iqtisadi çətinliklər yaradıb. Bu çətinliklər Azərbaycanın gəlirlərinə ciddi şəkildə təsir edib və sosial, eləcə də digər xərclərin artmasına səbəb olub. Ancaq bütün bunlara rəğmən, Azərbaycanın müdafiə qabiliyyətinin saxlanılmasına və gücləndirilməsinə yönələn vəsaiti azaltmaq mümkün deyil. Bu, o deməkdir ki, ermənilərin Tovuzdakı təxribatını, separatçıların realist olmağa və müharibəyə hazırlaşmağımıza dair bəyanatını nəzərə alaraq, ən vacib təhlükəsizlik institutunun - ordunun maliyyələşdirilməsini zəiflədə bilmərik. Təbii ki, bu zaman həmin maliyyənin effektli, düzgün və təyinatına görə xərclənməsi, istifadəsi də olduqca vacibdir.
Məlumdur ki, yerləşdiyimiz regionun strateji əhəmiyyəti, Ermənistanın təcavüzü və ölkəmizin hər zaman böyük güclərin diqqət mərkəzində olması ordu quruculuğunu və müdafiə qabiliyyətinin artırılmasını qaçılmaz edir. Yoxsa, Azərbaycanın daha sakit və münaqişədən kənar bir mühitdə yaşamasına imkan verilsəydi, əlbəttə ki, ölkəmizin müdafiəsi üçün ayrılan vəsaitin sosial və investisiya layihələrinə, ölkənin inkişafına xərclənməsi daha məqbul olardı. Ancaq təəssüf ki, məlum güclər və onların oyuncağı olan Ermənistan Azərbaycanın öz iqtisadi potensialını ölkənin inkişafına yönəltməsini hər cür yolla əngəlləməkdədir.
Rusiyanın Tovuzda baş verən təxribat sırasında və ondan sonrakı dövrdə hətta Xəzərin şərq sahilindəki ölkələrin və özünü din, İslam təəssübkeşi kimi göstərən qonşumuz İranın üzərindən keçməklə, yəni uzun yolla da olsa Ermənistanı durmadan silah-sursatla təmin etməsi bir daha göstərdi ki, Azərbaycan təkcə Ermənistanla üz-üzə, təkbətək qalmayıb. Rusiyanın Azərbaycana gəlib-gedən bütün rəhbərləri, müdafiə və xarici işlər nazirləri Moskva ilə Bakının “strateji tərəfdaşlığından” dəm vursalar da, hər addımlarında işğalçı Ermənistana açıq-aşkar hərbi və iqtisadi dəstəklərini biruzə veriblər. Bunu ölkə başçısı İlham Əliyevin Rusiya prezidentinə zəng edərək, Ermənistana məlum təxribatdan sonra durmadan, hər gün silah daşınmasına dair izahat tələb etməsi də təsdiqləyir. Məlum olduğu kimi, ölkə rəhbəri bu məsələni Yunanıstanın Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edən zaman da xüsusi qabartdı. Və bildirdi ki, iyul təxribatından bu günə qədər Rusiya Ermənistana hər gün silah daşımaqdadır. Bu, onu göstərir ki, Azərbaycan öz ordusu və iqtisadiyyatı ilə dılğır Ermənistandan daha çox nəhəng Rusiyanın təzyiqlərinə duruş gətirməlidir.
Bütün bu qeyd edilənlər Azərbaycanın hələ xeyli müddət öz ordusu və iqtisadiyyatı ilə ona uzanan əlləri sındırmaq, itirilən torpaqlarını geri qaytarmaq üçün savaş aparmalı olduğundan xəbər verir. Və bu savaşda Azərbaycanın qardaş Türkiyədən və özünün daxili gücündən, iqtisadi potensialından başqa dostu yoxdur...
V.Nəsibov
“AzPolitika.info”
Tarix: 4-09-2020, 21:10
Xəbəri paylaş



Xəbər lenti