Bir gizli görüşün bəzi detalları: bugünkü islahatları İlham Əliyev illər öncə planlaşdırıb...
Bir neçə ilin söhbətidir. Tətil üçün İsveçrədən Bakıya dönmüşdüm. İqtidar təmsilçisi ismarış göndərmişdi. Görüşdük, tetatet söhbət etdik. Daha doğrusu, o danışdı, mən də arada onun dediklərinə münasibət bildirdim. Sözünün canı o idi ki, prezident artıq qəti qərar verib, Azərbaycanda ciddi dəyişikliklər olacaq. Rüşvətxorluğa və korrupsiyaya uğramış məmurlar tezliklə gənc kadrlarla əvəz ediləcək. Artıq proses başlayıb. Bu proses getdikcə sürətlənəcək. Ancaq bu, o qədər də asan iş deyil. Ciddi müqavimətlə üzləşirik. Köhnə qvardiya siyasi səhnədən xoşluqla çəkilmək istəmir. Vəzifədən dördəlli yapışıblar. Onların müqavimətini qırmaq əlavə fəsadlar yarada bilər. Proses nəzarətdən çıxsa, islahatlar yenidən təxirə salınacaq. Bu da ölkənin maraqlarına ziddir.İqtidar təmsilçisi onu da dedi ki, siyasi səhnəyə islamçıların və separatçıların daxil olması vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Bu, qətiyyən arzuolunan deyil. Siz mütəmadi olaraq islamçılara və separatçılara qarşı çıxış edirsiz. Elə ona görə də sizinlə görüşməyi lazım bildik. Avropada olan mühacirlər arasında islamçıların, xüsusən də separatçıların təşkilatlanması və mərkəzləşməsi prosesi gedir. Bu proses Azərbaycana yaxşı bir şey vəd etmir. Sizin iqtidarı tənqid etməyinizə də bizim elə bir etirazımız yoxdur. Eyni zamanda, Avropada mərkəzləşən islamçıların və separatçıların güclənməsi Azərbaycan dövləti üçün ciddi təhdiddir. Bunun qarşısını almaq üçün dövlət olaraq müəyyən işlər görürük. Bunu bilməyinizi istərdik: Dövlət bu təhlükəni görür, diqqət mərkəzində saxlayır. Arzu edir ki, Avropadakı nüfuzlu mühacirlər bu məsələdə dövlətin yanında olsun.
Azərbaycan rəhbərliyinin separatizmdən ehtiyat etməsi başadüşüləndir. Ən azı ona görə ki, ölkə ərazisinin 20 faizi məhz erməni separatizminin güdazına gedib. O da sirr deyil ki, başqa etnik qruplar arasında da separatizmə meylli qüvvələr var və həmin qüvvələr müəyyən dairələr tərəfindən dəstəklənir. Azərbaycana İran İslam İnqilabının ortaya qoyduğu teokratik idarəçilik modelini ixrac etmək istəyən mərkəzlər də bəllidir. Onların Azərbaycandakı əlaltıları da ortadadır. Özü də təkcə onlar deyil. Səudiyyə Ərəbistanı başqa olmaqla varlı Körfəz ölkələri vəhhabi düşüncəsini Azərbaycanda yaymaq üçün ciddi iş aparırlar. Yaxın gələcəkdə ölkəmizin məzhəb savaşı üçün poliqona çevrilmək təhlükəsi Damokl qılıncı kimi başımızın üstündən asılı qalıb. Bu kimi meylləri nəzarətdən kənarda saxlamaq Azərbaycanın gələcəyini təhlükəyə soxmaq deməkdir...(Bir detalı qeyd edim: bu söhbət Milli Şuranın 19 yanvar mitinqindən xeyli əvvəlki tarixdə baş verib.)
Az sonra Azərbaycanda gerçəkdən də sözügedən proseslər başladı. İlham Əliyevin apardığı kadr dəyişikliyi xalq tərəfindən rəğbətlə qarşılandı. Qərb ölkələri də bu dəyişiklikdən məmnun idi. Qərb mediası bu prosesə simpatiya sərgiləyir. Çünki Rusiyaya bağlı yaşlı kadrlar gedir, onların yerinə isə Qərbdə təhsil almış gənc texnokartlar gətirilir. Vətəndaş olaraq mən də bu prosesə müsbət yanaşıram. Hesab edirəm ki, xalqı çapıb-talamış məmurların reputasiyası şəffaf olan məmurlarla əvəzlənməsi son dərəcə pozitiv prosesdir. Ancaq bu prosesdə məni qane etməyən bir məqam vardı. Hesab edirdim ki, bu prosesi mümkün qədər sürətlə həyata keçirmək lazımdır. Yəni, qoca qurdların nazı ilə bu qədər oynamaq lazım deyil.
Ancaq Ramiz Mehdiyevin nəvəsi ilə bağlı toy qalmaqalının ortaya çıxması mənə cənab prezidentin apardığı kadr islahlarına başqa bir bucaq altında baxmağa imkan verdi. Məlum oldu ki, 82 yaşlı qocaman məmur iqtidar sahibinə əzələ nümayiş etdirməkdən belə çəkinmir.
Ötən il Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçisi Tomas de Vaal bəhs etdiyimiz proseslərlə bağlı bir məqalə yazmışdı. Həmin məqalədə deyilirdi ki, 2019-cu il oktyabrın 23-də prezident İlham Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yola saldı. Cənab Mehdiyev daha çox fəxri vəzifə sayılan AMEA prezidentinə çevrildi.
“Mehdiyev ölkədə ikinci güclü şəxs, avtoritar və antiqərb siyasətin əsas ideoloqu idi”. Ramiz Mehdiyevin gedişini Naxçıvan klanının çöküşü kimi dəyərləndirən Tomas de Vaal yazırdı ki, 2020-ci il Azərbaycan Prezidenti İlham Əliyev üçün bir sınaq ili olacaq.Bəli, İlham Əliyev Ramiz Mehdiyevin ortaya qoyduğu ideologiyadan rəsmən imtina etdi.
2014-cü ilin dekabrında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qərbi kəskin tənqid edən məşhur məqalə dərc etdirmişdi. Yadınızdadır o məqalə?
Məsələn, o yazı Ramiz Mehdiyevin havadarı qismində çıxış edən Aslan İsmayılovun yadından çıxıb. Əgər belə olmasaydı o, Qərbə qarşı çıxan və hər fürsətdə Rusiyaya yarınmağa çalışan Ramiz Mehdiyevi müdafiə etməzdi. Aslan İsmayılov yazır ki, Ramiz Mehdiyev “dövlət adamdır”. Doğrudanmı?2014-cü ildə “Azadlıq” qəzetində “Ramiz Mehdiyevi Facebook-da topa tutdular”, adlı yazı getmişdi.
Ramiz Mehdiyevə Facebook-da ünvanlanan suallar belə sıralanırdı: “Ramiz müəllim, “otvyorka” söhbətinin axırı nə oldu?", “2015-ci ildə deputat mandatının qiyməti neçəyə olacaq?”
O gün Almaniya saytlarından birində Ramiz Mehdiyev haqqında bir məqalə ilə rastlaşdım. Yazıda deyilirdi ki, Ramiz Mehdiyev 1938-ci ildə Bakıda doğulub. Onun atası və anası haqqında heç bir məlumat verilmir. Yalnız bilinən odur ki, o, Naxçıvana bağlı birisidir. Ramiz Mehdiyevin öz ailəsində də xeyli sirli məqamlar var. Məsələn, onun xanımı haqqında heç bir məlumat yoxdur. Onun bir oğlu və bir qızı var. Hətta oğlu haqqında olan materiallarda da onun anası haqqında məlumata rast gəlməzsiz.
Ramiz Mehdiyevin “Boz kardinal” kimi tanındığını qeyd edən Almaniya saytı da onu Azərbaycanda mövcud olan rejimin ideoloqu adlandırır. Sayt yazır ki, Heydər Əliyevlə Ramiz Mehdiyevin münasibətlərində etibarlılıq əmsalı xeyli yüksək idi. Ancaq İlham Əliyevlə Ramiz Mehdiyevin münasibəti o qədər də hamar deyil. Belə söhbətlər gəzir ki, baş nazirin müavini təyinatında Ramiz Mehdiyev İlham Əliyevin verdiyi qərardan narazı qalıb. Söhbətin Baş nazirin hansı müavinindən getməsi isə yazıda qeyd olunmur.Sayt yazır ki, siyasət komanda oyunudur, daha çox şahmata bənzəyir. Ramiz Mehdiyev isə şahmatı əla oynayır. Ancaq zaman dəyişir. Prezidentin ətrafındakı fiqurlar yenilənir. Qərbə qarşı açıq çıxışlar edən Ramiz Mehdiyev isə siyasi səhnədən çəkilib təqaüdçü həyatı yaşamaq istəmir.
Ramiz Mehdiyev saysız-hesabsız məqalələrinin birində belə yazır: “Heydər Əliyevdən sonra kim prezident olsa, onun taleyi əvvəlki dövlət başçısının kadrlarına münasibətdən asılı olacaqdı”.
Sitatdan da göründüyü kimi, bu məqalə İlham Əliyevin prezident olması ərəfəsində yazılıb. Ramiz Mehdiyev on illər əvvəl də belə düşünürdü, indi də eyni düşüncədədir.İndi təsəvvür etməyə çalışın ki, İlham Əliyev Ramiz Mehdiyevlə 5-6 il əvvəl vidalaşmalı olsaydı Azərbaycanda hansı proseslər baş verə bilərdi. 82 yaşında belə dirəniş göstərən birisi tutaq ki, 75-76 yaşında işdən çıxarılsaydı o, Rusiyanın dəstəyi ilə İlham Əliyevə qarşı ciddi müxalifət hərəkatı yarada bilərdi. Özü də Azərbaycanda Rusiyaya bağlı siyasi fiqurlar çoxdur. AXCP-Milli Şura tandemindən fərqli olaraq ciddi maliyyə qaynaqlarına sahib olan bu fiqurları bir az boş buraxsan Azərbaycanı asanlıqla qarşıdıra bilərlər.
Bu günlərdə həbs olunan sabiq səfir Eldar Həsənov da Rusiyaya bağlı siyasi fiqurlardan biridir. Bəli, Ramiz Mehdiyev və Eldar Həsənovun siyasi maraqları, daha doğrusu şəxsi maraqları fərqlidir, ancaq onlar və onların ətrafında olanlar Rusiyanın cazibə dairəsindədirlər və eyni mərkəzdən təlimat alırlar. “Milyarderlər İttifaqı” hələ də yaddaşlardadır.
Rusiyadakı Azərbaycan əsilli milyarderlər bəlli ünvandan verilən komanda ilə əl-ələ verib, Rüstəm İbrahimbəyovun rəhbərliyi altında Milli Şura yaratmadımı? Həmin Milli Şura Azərbaycanın ənənəvi müxalifəti ilə birlikdə İlham Əliyevə qarşı mübarizə aparmadımı? 2013-cü il Azərbaycanda keçiriləcək prezidenti seçkiləri ərəfəsində biz bunun şahidi olduq. Qərbə bağlı olduğunu iddia edən Azərbaycan müxalifəti Rusiyanın xeyir-duası ilə yaradılmış təşkilatda Rusiyaya bağlı qüvvələrlə bir araya gəldi. Abbas Abbasov artıq qələbənin anonsunu da vermişdi: “Onlar mütləq gedəcəklər!”
O vaxt Ramiz Mehdiyev Azərbaycanda ikinci şəxs idi. Təbii ki, bu kimi oyunlara maraq göstərmirdi. Ancaq o, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “Milyarderlər İttifaqı”nın layihəsi olan Milli Şura ilə əlaqələrini gücləndirməyə başladı. Bu əlaqənin hesabına o, iqtidardan qovulan klan üzvlərinin vurulub kənara atılmasının qarşısını almağa çalışırdı. İlham Əliyevi inandırmaq istəyirdi ki, köhnə qvardiya olmadan müxalifət qarşısında tab gətirə bilməz. Ancaq Ramiz Mehdiyevin islamçılara və separatçılara qucaq açan müxalifətlə gizli əlaqələri də başlanmış kadr islahatlarının qarşısını ala bilmədi. Gizli və aşkar müqavimətlərə baxmayaraq proses davam edir. Onu da məmnunluqla qeyd edim ki, daha islahatların təxirə salınmaq təhlükəsi yoxdur.
Elbəyi Həsənli
Tarix: 30-08-2020, 14:15