Fikrət Sadıqov: “Görünür, Rusiyadan gələn silah-sursat Ermənistanı tam qane etmir”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Suriyadakı münaqişədə iştirakı ilə bağlı maraqlı fikirlər səsləndirib. Ermənistanın Suriyada şəxsi heyət saxladığına diqqət çəkən prezidentin köməkçisi, işğalçı dövlətin Suriyadan silahların alınması ilə bağlı “qara ticarət”lə məşğul olduğunu qeyd edib.
Maraqlıdır, Azərbaycan Ermənistanın Suriyadan silah alması məsələsini beynəlxalq təşkilatlar, aparıcı dövlətlər qarşısında qaldırmalıdırmı? Bu problemin dünya miqyasında ictimaiyyiləşməsi Ermənistanın terrorçu mahiyyətinin ifşası baxımından nə dərəcədə faydalı ola bilər?
Moderator.az-a açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov bu istiqamətdə konkret addımlar atmağın vacibliyini vurğuladı:
“Hikmət Hacıyev kifayət qədər məlumatlı insandır. Əgər o, belə bir bəyanat verirsə, deməli, ortada bununla bağlı ciddi faktlar var. Görünür, Rusiyadan gələn silah-sursat Ermənistanı tam qane etmir. Buna görə də onlar digər ölklərin silah-sursatından da faydalanmağa çalışırlar.
Suriyada müxtəlif terror qrupları mövcuddur. Əgər Ermənistan hansısa terror təşkilatından silah alırsa, onlarla silah alverinə girişibsə, deməli, Ermənistanın özü də terrorçudur. Əgər Ermənistan Suriyanın rəsmi dairələrindən silah alırsa, deməli, bu, silahlar Rusiyanın silahıdır. Çünki Bəşər Əsədi silahla təmin edən Rusiya hərbi maşınıdır. Əsədi hərbi texnika ilə Rusiya təmin edir.
Ermənistan dolsayısı yolla Suriya və Livandan silah alveri edir. Bu alver üçüncü ölkələr vasitəsi ilə reallaşır. Görünür, Rusiya sadəcə birbaşa deyil, müttəfiqləri olan ölkələr vasitəsi ilə də Ermənistana kömək edir. Baxın, bir neçə erməni ailəsi Suriaydan, Livandan Azərbaycanın işğaldakı torpaqlarına köçürülüb.
Əlbəttə ki, Azərbaycan bu məsələləri beynəlxalq təşkilatlar qarşısında ciddi şəkildə qaldırmalıdır. Biz beynəlxalq qurumlarda bu məsələnin müzakirəsinə nail olmalıyıq. Çalışmalıyıq ki, aparıcı dövlətlər baş verənlərdən xəbərdar olsunlar. Beynəlxalq təşkilatlar bu məsələdə susmamalı, problemin həlli istiqamətində lazımi addımlar atmalıdır. Biz çalışıb buna nail olmalıyıq”.