Hakimiyyətin daxilində "5-ci kolon"un olması barədə illərlə səslənən fikirlər öz təsdiqini tapır.Sadəcə, onlar hökumət strukturlarından kənarlaşdırıldıqdan sonra özlərini büruzə verdilər. İndi bütün güclərini toplayıb dövlətin siyasi elitasını təhdid edən bəyanatlar, mesajlar səsləndirirlər. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində karantin qaydalarının pozulması bu adamların hökumətə qarşı hücum mövqeyinə keçməsi üçün sanki siyasi arqumentə çevrildi.Bu cür hücum taktikasını Sovet kommunistlərinin lideri Lenin menşeviklərin opportunizmə qarşı mübarizəsinə və inqilabi proletar partiyasının təşkilati prinsiplərinə dair yazdığı kitabda "bir addım irəli, iki addım geri” adlandırırdı. Özlərini zərərçəkmiş kimi təqdim edənlərin əsl niyyətinin cəmi iki gün sonra itirdikləri siyasi mövqeləri qoruyub saxlamaq və ya geri qaytarmaq olduğu üzə çıxdı. Bunu bəzən köhnə qvardiya ilə yenilərin, "partnomenklatura" qalıqları ilə texnokratların mübarizəsi də adlandırırlar. Ancaq son günlər baş verən hadisələrin təhlili sübut etdi ki, mübarizə aparan tərəf əsasən köhnələr və ya hələ də bağlı olduqları Sovet bürokratiyasının dili ilə desək, keçmişin qalıqlarıdır. Həmin məmurları vəzifəyə bu qədər bağlayan malik olduqları imtiyazların onlara qazandırdığı gəlirlərdir. İndi vəzifədən çıxarılanlar, korrupsiya faktına görə iş otağında həbs olunanlar çox narazı görünür. Çünki sabiq kürsü sahibləri artıq siyasi kapitalla yanaşı, maddi kapitalı da itirmək təhlükəsi ilə üzləşiblər. Ona görə də bütün təbliğati resurslarını işə salıb hökumətə qarşı mübarizəyə başlayıblar. Əlbəttə, onların gücü ölkədə siyasi balansı dəyişəcək qədər deyil. Hakimiyyət orqanlarına zaman-zaman sızmış "5-ci kolon"un təmizlənməsi Azərbaycan cəmiyyətinin istəyidir. Yəni bu məsələdə ölkə rəhbərliyi ilə xalqın mövqeyi üst-üstə düşür. Hətta onlar müxalifət düşərgəsində də özlərinə dayaq tapa bilmədiklərinə görə indi təklənmiş durumdadır. Konstruktiv müxalifətin belə məmurları müdafiə etməsi təbii ki, mümkünsüz idi. Radikal müxalifətin onlara sahib çıxmaq istəməməsi isə görünür, siyasi reallıqla barışması ilə bağlıdır. İlk növbədə ona görə ki, sabiq iri çəkili məmurlar artıq siyasi potensialını itirib. Onlarla işbirliyi radikallar üçün heç bir nəticə verməyəcək. İkincisi, məmur özbaşınalığından bezmiş cəmiyyətdə "köhnə qvardiyaçılar"a münasibət birmənalı şəkildə mənfi olduğundan, həmin insanlarla siyasi əməkdaşlıq radikal müxalifətin tam iflası ola bilər. Ancaq görünür, köhnə məmur korpusunun nümayəndələri yeni qaydalarla yaşaya bilmir. Onlar adət etdikləri şəkildə yaşamaq, işləmək istəyirlər. Bu həyat tərzi xalqa rəiyyət, təbəə kimi kimi baxanlar üçün daimi və dönməz vəzifədən ibarətdir. Oturduqları kürsüyə pul qazanmaq vasitəsi kimi baxanlar üçün vəzifə nəfəslik rolunu oynayır. Onlar özlərini dövlət aparatının təminatçısı kimi qələmə verməklə imtiyazlarını əldən verməməyə cəhd edir.
Özünü hakimiyyətin siyasi-ideoloji dayağı hesab etmək, "dövlət də, qanun da mənəm" prinsipi bu məmurların fəaliyyətinin əsasını təşkil edib. Onlar müraciət edən hər bir sadə vətəndaşla da belə davranıblar. Ona görə də bu gün qanun hamı üçün bərabərdir anlayışına siyasi kollaps kimi baxırlar. Ancaq Azərbaycanın dövlət aparatında həyata keçirilən islahatlar təkamülə xidmət edir. Dünya ölkələrinin təcrübəsində istefa mədəniyyəti deyilən bir anlayış da var. Çox güman ki, bu gün zamanın sükanını döndərib keçmişi geri qaytarmağa çalışan sabiq vəzifə sahibləri istefa mədəniyyəti barədə məlumatsızdır. Hətta dünyanın aparıcı ölkələrinin tanınmış siyasətçiləri belə, vəzifəsi ilə vidalaşdıqdan sonra daxili və xarici qüvvələrlə əlbir olub yenidən hökumətə qarşı hücum çəkməyi, təhdid yağdırmağı özlərinə rəva bilməyiblər. Xüsusilə də tam ahıl yaşında təqaüdə çıxmış və adı korrupsiyada hallanmış eks-məmurların yenidən siyasətə dönüş etmək cəhdi nonsensdir. Bu cür iddialara düşməmək üçün siyasi mədəniyyət lazımdır. Məsələn, qonşu Gürcüstanda Mixeil Saakaşvili prezidentliyi dövründə "Azadlıq Xartiyası" adlanan fərman imzalamışdı. Həmin sənədə görə, Sovet dövründə partiya orqanlarında çalışmış və 60 yaşı tamam olmuş bütün vəzifəli şəxslər təqaüdə göndərildi. Onların yerinə isə gənc kadrlar işə cəlb edildi. Ancaq "partnomenklatura"nın qalıqları və havadarları Saakaşviliyə qarşı etiraz etmədi. Onlar öz yerlərini gənc və bilikli kadrlara verib idarəetmə sistemini tərk etdilər.Yəqin bu gün Azərbaycanın da belə bir "Azadlıq Xartiyası"na ehtiyacı var. Çünki hər bir siyasi sistem yenilənmə tələb edir. Bunun ən başlıca şərti isə siyasi nəsil dəyişməsidir. Vəzifəsini itirənlərin siyasi ətalət yaratmaq planı yalnız dövləti deyil, özlərini də qəzaya uğrada bilər. Əksinə, maliyyə amnistiyasının tətbiqini gözləmədən onlar qanunsuz yolla yığdıqları və ölkədən çıxartdıqları sərvəti dövlət büdcəsinə qaytarıb üzr istəsələr, həm hakimiyyət, həm də xalq qarşısında əfv qazanmış olarlar.
Müşfiq Abdulla
Cebhe.info
Tarix: 29-08-2020, 15:56