Rusiya dünyada ən çox qonşusu olan dövlətdir. Bu, əsasən ona görə belədir ki, onun ərazisi həddindən artıq böyükdür, Avrasiya materikinin bir başından o biri başına qədər uzanır.Rus dövlətinin qonşularını sayaq: Norveç, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa (Kalininqrad vilayəti ilə), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan və Şimali Koreya. Cəmi 14 dövlət.
Bunlardan başqa, Rusiya ilə birbaşa sərhədi olmayan qonşuları da var: İsveç, Yaponiya, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Əfqanıstan, İran, Türkiyə, Ermənistan, Bolqarıstan, Rumıniya, Macarıstan, Almaniya, Çexiya, Slovakiya, Serbiya, Şimali Makedoniya, Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Çernoqoriya, Albaniya. 23 dövlət də bunlar. Cəmi 37 dövlət.
Rusiya qonşuluğunda yerləşən bu 37 dövlətin hamısına bu və ya digər şəkildə təcavüz edib, onlardan torpaq qoparıb, əksəriyyətinə birbaşa toxunub, bəzilərini bütöv şəkildə, bəzilərinin ərazisinin bir yarısını işğalda saxlayıb, çoxunu vassala çevirib və ya çevirmək istəyib, daxili işlərinə qarışıb, bir çoxunun üzərində öz hökmranlığını hələ də mühafizə edir.
Burada bir ad çəkək: İvan Fyodoroviç Paskeviç - rus general-feldmarşalı. O, I Nikolayın hakimiyyəti dövründə Cənubi Qafqaza cumub, Naxçıvanı, İrəvanı, Təbrizi işğal edib, 1830-cu ildə Polşada baş verən üsyanı yatırıb, Varşava knyazı titulu qazanıb, Azərbaycanın taleyini həll edən Türkmənçay müqaviləsinə imza atanlardan biri olub. Paskeviç Parisin alınmasında, Macarıstandakı üsyanın yatırılmasında, rus-türk müharibəsində də iştirak edib, Almaniyada vuruşub.
Miqyasa baxın: İran, Türkiyə, Qafqaz, Fransa, Macarıstan, Polşa, Almaniya...
Rusiyanın bu sayaq daladığı ölkələr çoxdur, yuxarıda saydıqlarımızdan da artıqdır. Rusiya təkcə özünün mövcud olduğu materikdə deyil, başqa materiklərdə və arxipelaqlarda da nüfuz dairəsini genişləndirmiş dövlətdir: Vyetnam, Laos, Kamboca, Kuba, Nikaraqua, Çili, İraq, Misir və başqaları.
Rus əsgərinin kirz çəkmələri ya zaman-zaman bu dövlətlərin torpağını tapdayıb, ya da rus siyasi təlimatçıları və diplomatları bu dövlətləri idarə etməyə çalışıb, burunlarını onların daxili işlərinə soxublar.
Hazırda rusların səsi Liviyadan, Suriyadan, İraqdan, Mərkəzi Afrika Respublikasından gəlir. Burdan Ermənistan-Azərbaycan sərhədini qurdalayırlar, oradan Gürcüstanın şimalını və qərbini, o tərəfdə Dnestryanı bölgəni, şərqdən Qazaxıstanın rus çoxluq yaşayan vilayətlərini, qərbdən Ukraynanı, son olaraq da Belarusu...
Böyük rus dövlətinin mahiyyəti budur - daimi işğalçılıq, ilhaqçılıq siyasəti yeritmək. Almanların və ingilislərin adı “dünya ağalığı” niyyətində olmaqda çox hallanır, amma rusların bu niyyəti daha qabarıqdır.
Rusiyanın qəsbkarlıq siyasətinə qarşı açıqlamaları ilə tanınan məşhur politoloq Vəfa Quluzadə bu ölkənin zəifləməzinin, özünə yığışmasının çoxsaylı qonşularına xoşbəxtlik və dinclik gətirəcəyi düşüncəsində idi. Onun məşhur “Rusiya dağılacaq” fikri bəlkə də politoloji analizin nəticəsindən çox, arzuydu, amma fakt budur ki, bütün qonşularından ərazi qoparmış bu azman dövlətin gözü hələ də başqalarının ərazisində və sərvətindədir.
Tarixi təcrübə göstərir ki, qədim və orta əsrlərdən ta ötən əsrin ortalarına qədər aktual olmuş müstəmləkəçilik siyasəti 1990-cı illərdən sonra get-gedə əhəmiyyətini və faydalılıq əmsalını itirməkdədir. İndi başqa dövlətlərin, zəif ölkələrin sərvətini yağmalamaqla qüdrətli, varlı, firavan ölkəyə çevrilmək mümkün deyil. Məsələn, ABŞ hücum etdiyi ölkədə trilyonlar xərcləyir, milyardlar qazanır. İndi hansı dövlət öz iqtisadiyyatını ixrac sənayesinin relsləri üzərində qurursa, məhz o qüdrətlənir. Parlaq nümunələr var: Çin, Yaponiya, Cənubi Koreya, Almaniya, Kanada...
Rusiya isə dünyaya hələ də ya xammal, ya da güllə, tank, raket, qırıcı təyyarə satır.
Belə dövlət nəinki qonşuları üçün, hətta bütün dünya üçün təhlükədir. ABŞ-da, Almaniyada, Böyük Britaniyada vaxtaşırı “rus təhlükəsi”ndən bəhs edilməsi boşuna deyil. O ölkələrdə az qala hər gün bir rus casusu tutulur və onların verdiyi ifadələrdən Kremlin bu dövlətlərə qarşı hansı məkrli planlar üzərində işlədiyi ortaya çıxır.
Bir də var, rus casuslarının ölkədə pələsəng vurduğuu bilə-bilə onları ifşa etməyən, edə bilməyən ölkələr. Çətindir. Elə ölkələr var ki, artıq onlarda 5-ci kolon hesab edilənlər heç də 5-ci sütun deyillər, dövlətin 4 sütunundan (kolon) biridirlər. Dörd qitədə barmağı və gözü olan dövlətlə qonşusu olmaq bədbəxtliyin tam özüdür.
Tarix: 29-08-2020, 08:50