Kiyevdən qətiyyət dərsi: Ukrayna Ermənistanın narazı qalacağını bilsə də…


Kiyevdən qətiyyət dərsi: Ukrayna Ermənistanın narazı qalacağını bilsə də…
Rasim Musabəyov: “Azərbaycan ilə Ukrayna arasındakı tərəfdaşlıq həm xalqların, həm də dövlətlərin maraqlarına uyğundur”
 
Tovuzdakı döyüşlər beynəlxalq arenada siyasi baxımdan da gözlənilməz nəticələr verdi. Məsələn, Ukrayna Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqe nümayiş etdirdi. Bu mövqe Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə dair açıqlamalarında birmənalı şəkildə önə çəkildi.
 
Ukrayna XİN-dən əvvəlcə standart reaksiya - eskalasiya və artilleriya atəşi ilə əlaqədar "dərin narahatlıq" ifadə edilidi. Daha sonra münaqişə tərəfləri münaqişənin sülh yolu ilə həlli yollarını tapmaq üçün maksimum səy göstərməyə çağrıldı. Və ən maraqlısı isə son ifadə oldu: “Ukrayna tərəfi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll edilməsini dəstəkləyir”.
 
Xarici bir dövlətin rəsmi açıqlamasında bu cür birmənalı ədalətli ifadə, adətən ikili standartlarla üzləşən Azərbaycanda diqqəti cəlb etməyə bilməzdi. Təbii ki, xəbər yerli mediada tirajlandı. Düzdür, bu bəyanatı verərkən, heç kim qalmaqal yaranmasını istəməsə də, tam əksi oldu. Ermənistanda rəsmi Kiyevin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında situasiyanın siyasi yolla tənzimlənməsinin tərəfdarı olduğunun necə vurğulandığını gördülər.
 
Nəticədə Ukraynanın Yerevandakı səfiri İvan Kuleba ölkəsinin Xarici İşlər Nazirliyinin bir gün əvvəl yaydığı bəyanatla əlaqədar Ermənistan XİN-ə dəvət edildi. Mətbuatın verdiyi məlumata görə, səfir Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan tərəfindən qəbul edilib və Ukraynanın Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə dair açıqlaması ilə əlaqədar Ermənistan XİN-in qiymətləndirməsi ona təqdim olunub.
 
“Görüş zamanı Xarici İşlər nazirinin müavini səfirə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən 12 iyul tarixindən etibarən başlayan atəşkəs rejiminin pozulması, mülki infrastruktur və mülki şəxslərin ardıcıl atəşə tutulması, Azərbaycanın təcavüzkar hərəkətləri nəticəsində yaranan vəziyyət barədə də məlumat verdi”, - deyə erməni mətbuatı yazır.
 
Yəni nədənsə ermənilər daha kəskin etiraz etməyə, məsələn, səfirə etiraz notası verməyə cəsarət etmədilər. Görünür, Kiyevlə münasibətləri ciddi şəkildə pozmaqdan çəkinirlər. XİN-dən erməni cəmiyyətinin gözlədiyi etiraz millətçi Daşnaksütyun Partiyasının gənclər qanadından gəldi. Onlar Ukrayna səfirliyi qarşısında aksiya keçirərək, "Ukrayna, utan", "Ukrayna + Azərbaycan", "Ukraynaya bənzəməyin" "Ukrayna, təhrik etmə", "Təcavüzkarı dəstəkləməyin" şüarları səsləndirdilər. Etirazçıların fikrincə, "Ukraynanın birtərəfli açıqlaması Azərbaycan dəyirmanına su tökür". Bundan sonra səfirliyin qapılarına borş tökdülər və gətirdikləri şüarları divarların qarşısında yerə atdılar.
 
Rəsmi Kiyevin verdiyi qərar doğurdan da maraqlıdır. Axı, nə Poroşenkonun rəhbərliyi altında, nə də ondan əvvəl Kiyev bu tipli açıq dəstək sərgiləmir, Qarabağ məsələsində Azərbaycanın mövqeyinə sadiqliyini açıq şəkildə göstərməyə çalışmırdı. Əvvəllər Ukrayna həm Bakı ilə, həm də Yerevanla eyni dərəcədə yaxşı münasibətlər yaratmağa çalışırdı. İndi, Zelenskinin hakimiyyətə gəlməsi ilə hər şey dəyişdi. Yadımızdadır, ilk dəfə Ukrayna tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi keçən il Zelenskinin Bakıya səfəri zamanı ortaya qoyuldu. Bu dəfə onların dəstəyi məhz sərhəddə vəziyyətin gərginləşməsi zamanı səsləndirildi.
 
Görəsən, bu addımın əsl mahiyyətində nə dayanır? Niyə Kiyev (bir çox ölkələrdən fərqli olaraq) Qarabağla bağlı daha aydın bir mövqe sərgilədi? Axı, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı tezisləri vurğulanarkən, ukraynalılar bilirdilər ki, belə açıq şəkildə dəstək Ermənistanın reaksiyasına səbəb olacaq. Göründüyü kimi, onlar müxtəlif ölkələrlə münasibətləri yenidən qiymətləndirməyə başlayıblar. Bəlkə də bu yanaşma Yerevanın Moskvaya xüsusi yaxınlığı ilə əlaqədardır. Və ya Zelenski rəsmi Bakıdan hansısa maddi dəstək alacağına ümid edir.
Millət vəkili, politoloq Rasim Musabəyov AYNA-ya deyib ki, Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, eyni zamanda Ermənistanın aqressor siyasətini birbaşa qınamaqdan çəkinib: “Ancaq Ukraynanın özü Krımın ilhaqı və Donbassdakı xaricdən ilham alan separatizm ilə üzləşdikdən sonra Kiyev Azərbaycanı dəstəkləməkdə daha qətiyyətlidir və Ermənistana münasibətdə tarazlığa əhəmiyyət vermir”. 
“Hesab edirəm ki, belə bir mövqenin formalaşmasında ölkələrimiz arasında inkişaf edən hərbi-texniki əməkdaşlıq, Kiyevlə münasibətləri yaxınlaşan Türkiyənin də rolu vacib aspektlərdəndir. Burada neft məhsullarımızın Ukraynaya ixracı və Prezident Zelenskinin Bakıya səfəri zamanı Ukraynaya ayrılmış 300 milyon dollarlıq maddi yardımı da xatırlamaq olar. İnanıram ki, Azərbaycan ilə Ukrayna arasındakı tərəfdaşlıq həm xalqların, həm də dövlətlərin maraqlarına uyğun olacaq və getdikcə möhkəmlənəcək”, - deputat bildirib.
 
“Əvvəllər Ukrayna beynəlxalq təşkilatlarda müxtəlif qətnamələrin səsverməsində Azərbaycana dəstək verdiyini bildirirdi. İndi isə müstəqil və konkret olaraq bu işi Ermənistanı qınayaraq görür. Xatırladım ki, Ermənistan Krımın ilhaqını qınayan qətnamənin qəbulu zamanı Rusiyanı dəstəkləmişdi”, - Musabəyov vurğulayıb.
Müəllif: Rauf Orucov 
Tarix: 19-07-2020, 16:32
Xəbəri paylaş



Xəbər lenti