Tovuz döyüşləri barədə: “Tülkünün ayı balaları arasında pendiri necə böldüyünü xatırlayın”


Tovuz döyüşləri barədə: “Tülkünün ayı balaları arasında pendiri necə böldüyünü xatırlayın”
Litvalı politoloq: “Heç kim Cənubi Qafqazda ərazilərin yenidən böyük bölgüsünə səbəb ola biləcək miqyaslı müharibədə maraqlı deyil”
 
Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət dünya mediasının və müxtəlif ölkələrin ekspertlərinin diqqət mərkəzindədir. Dünya üçün belə çətin bir zamanda situasiyanın bu qədər ağırlaşmasından kim faydalanır? AYNA-nın mövzu üzrə suallarını litvalı politoloq Aleks Qriqoriyevs cavablandırıb.
 
- Ermənistan ilə Azərbaycan arasındakı son gərginliyi necə qiymətləndirirsiniz?
 
- İndiki situasiyadansa, böyük məmnuniyyətlə, sülh danışıqlarında hansısa mümkün irəliləyişləri şərh etməyi daha çox arzulayardım. Hərbi əməliyyatlar, hətta, miqyasca lokal olanlar belə, özündən sonra əlillər, yetim uşaqlar və dul qadınlar, yeni məzarlar, dağıdılan evlər və yollar, bir sözlə, kədər, bədbəxtlik və nifrət qoyub gedir. Düşünürəm ki, hazırkı destabilizasiyaya bir neçə amil səbəb olur ki, bunlardan da başlıcası pandemiya səbəbindən bütün bölgədəki iqtisadi vəziyyətin davamlı olaraq pisləşməsidir. Ayrıca, nə sülh-nə hərb vəziyyətini qorumaqda maraqlı olan qüvvələri narahat edən, o qədər də uğurlu olmasa belə, gedən sülh prosesini xatırlatmalıyıq. Çox ümid edirəm ki, proseslər böyük müharibəyə gətirib çıxarmayacaq.

- Rusiyanın vəziyyəti gərginləşdirməyə çalışdığını söyləmək mümkündürmü?
 
- Rusiya qeyri-müəyyən situasiyadan ən çox faydalanan tərəfdir. Yəni Ermənistan və Azərbaycan qeyri-müəyyən, asılı vəziyyətdə qalıb, Rusiya isə özünü sülhməramlı vasitəçi kimi göstərməyə çalışır. Belə vəziyyət mənə məşhur bir nağılı xatırlatdı. Tülkünün iki ayı balası arasında vasitəçilik edərək, bir baş pendiri necə bölməsi barədə nağılı xatırlayırsınız? Nəticədə balalara çox balaca bir tikə düşdü. Əsas payı isə, təbii ki, tülkü yedi.
 
Xatırladım ki, Rusiya on illərlə Gürcüstan və onun tərkib hissələri - Abxaziya və Cənubi Osetiya arasındakı münaqişədə “vasitəçi və sülhməramlı” rolunu oynayırdı. Qafqazda və dünyada hər kəs bunun necə başa çatdığını gördü. Ermənistanı və Azərbaycanı rus strateqlərinin fikrinə görə, həddindən artıq müstəqilliyə görə cəzalandırmaq, habelə "Rusiyasız heç nə bacarmadıqlarını" göstərmək üçün Moskva vəziyyəti gərginləşdirə bilər. Lakin ruslar da indiki situasiyada böyük müharibədə maraqlı deyillər.
 
- Rusiya ilə Türkiyənin bu bölgədə toqquşması ilə nəticələnəcək bir ssenarinin olması mümkündürmü?
 
- Nəzəri cəhətdən hər şey mümkündür. Heç kim Rusiyanın Krımı və Ukraynanın digər bölgələrini işğal edəcəyini düşünmürdü, lakin bu, baş verdi. Sadəcə, Qafqaz düyününə təkcə Rusiya və Türkiyə deyil, həm də İran və Qərbin qarışmasını nəzərdən qaçırmaq olmaz. Heç kim, bəzən bunun fərqində olmadığı qənaəti yaransa belə, hətta Azərbaycan da Cənubi Qafqazda ərazilərin yenidən böyük bölgüsünə səbəb ola biləcək miqyaslı müharibədə maraqlı deyil.
 
- Bir çox rusiyalı ekspertlər hesab edirlər ki, Qərb, konkret olaraq, ABŞ bütün bu hadisələrə laqeyd yanaşır. Bu tezis nə dərəcədə doğrudur?
 
- Rusiyalı mütəxəssislərin çoxunda arzularını gerçəkilik kimi qələmə vermək kimi bir xüsusiyyət var. Bəli, Qərb ölkələri bu münaqişədə kiminsə tərəfində olmaq deyil, status-kvonun qorunması və münaqişənin həqiqətən sülh yolu ilə həllində maraqlıdır. Bu mənada Qərbin (NATO) bir hissəsi olan Türkiyə də istər Rusiya, istərsə də İranın güclənməsini istəmədiyi üçün dediklərimdə maraqlıdır. Beləliklə, münaqişə həddindən artıq dərinləşə və sərtləşərsə, bütün tərəflər müharibə edənləri bu addımdan çəkindirməyə çalışacaq.
Tarix: 17-07-2020, 20:17
Xəbəri paylaş



Xəbər lenti